Dırnaqlardakı ani dəyişikliklər ciddi xəstəliklərin xəbərçisidir
Maraqlı

Dırnaqlardakı ani dəyişikliklər ciddi xəstəliklərin xəbərçisidir

Qadınların çoxu baxımlı görünmək üçün qalıcı dırnaq boyaları və süni uzun dırnaqlara üstünlük verirlər. Təəssüflər olsun ki, bu səbəbdən dırnaqlar nəfəs ala bilmir. Xüsusilə, çatlamış, qırılan və incəlmiş dırnaqlara tətbiq edilən bu üsul zamanla dırnağın incəlməsinə, deformasiyaya uğramasına və sıradan çıxmasına səbəb olur. Üstəlik, bu, göbələk xəstəliyi də yarada bilir. Xüsusilə, məhsulların istehsalında istifadə edilən kimyəvi maddələr dırnaqlara ciddi zərər verir və göbələk infeksiyasının inkişafına şərait yaradır.

Bəzən isə dırnaqlarda gözlənilməyən anda ani dəyişikliklər baş verir. Belə olan halda mütləq həkimə müraciət etmək lazımdır. Mövzu ilə bağlı açıqlama verən  dermatologiya mütəxəssisi Aişe Duru bir çox xəstəliklərin dırnaqların rəngi, forması və ya səthindəki dəyişikliklərlə özünü göstərə biləcəyini vurğulayıb. O deyib: "Dəyişikliklər müxtəlif dermatoloji və digər xəstəliklərin diaqnozunu verməyə kömək edə bilər. Odur ki, əgər insanda dırnaq dəyişikliyini izah edəcək protez dırnaq və yapışdırıcılardan istifadə kimi əhəmiyyətli bir aktivləşmə yoxdursa, dermatoloqa müraciət etmək faydalı olar".

Dermatologiya mütəxəssisi dırnaqlardakı dəyişikliklərin işarə edə biləcəyi bəzi xəstəlikləri də açıqlayıb. A.Duru bununla bəzi xəbərdarlıqlar edib: "Dırnaqların və ətrafdakı toxumaların tədricən qalınlaşması və dırnaqların saralmağa başladığı vəziyyətə "sarı dırnaq sindromu" deyilir. Bu, ağciyər xəstəlikləri, limfedema və xroniki sinüzitlə əlaqəli ola bilər. Dəri xəstəliklərində sarı rəng dəyişməsi ən çox göbələklərlə bağlıdır. Göbələk irəlilədikcə dırnağın sərtliyini məhv edir, yumşaq və kövrək olur, sonra düşür. Erkən aşkar edilərsə, asanlıqla müalicə oluna bilər, lakin qalınlığı artdıqca aylarla dərman istifadə etmək lazımdır.  Dırnağın ortasının batması və kənarlarının yuxarı qalxması ilə dırnaq əyriliyinin dəyişməsinə "qaşıq dırnaq" deyilir. Qaşıq dırnaqlar ən çox dəmir çatışmazlığı anemiyası səbəbilə meydana gəlir. Bu, tiroid, tip 2 diabet və plummer vinson, xərçəng kimi xəstəliklərdə də ola bilər. Əgər dırnaqlar qaşıq şəklini almağa başlayıbsa, heç olmasa, bədəndəki dəmir miqdarının yoxlanılması məsləhətdir. Dırnaq yatağının ucundakı kiçik bir hissəsi nazik zolaq şəklində qırmızı və qəhvəyi, digər hissəsi isə tamamilə ağ rəngə çevrildikdə buna "tər dırnağı" deyilir. Bu, qaraciyər xəstəlikləri, siroz, otoimmün hepatit, revmatoid artrit, Reiter sindromu, tip 2 diabet, ürək xəstəlikləri və ya böyrək çatışmazlığının əlaməti ola bilər".

Dermatologiya mütəxəssisi dırnaqlarda ani meydana gələn ağ ləkələrin, daha çox manikür və dırnaqyemə kimi problemlərdən qaynaqlandığını da bildirib.  O deyib ki,  buna səbəb vitamin, böyrək çatışmazlığı, sinir xəstəlikləri, polisitemiya vera, hemokromatoz, Kindler sindromu və lupus xəstəlikləri, həmçinin orqan transplantasiyası və dərmanların yan təsirləri də ola bilər.  A.Duru, həmçinin sədəf, dırnaq göbələyi, saçqıran və vitiliqo kimi dəri xəstəliklərinin dırnaqların ağarmasına səbəb ola biləcəyini vurğulayaraq, "hər ağ dırnaq xəstəlik deyil, ancaq həkim tərəfindən qiymətləndirilməkdə fayda var", - deyib.

A.Duru vurğulayıb ki, "kövrək dırnaqlar" ümumiyyətlə, bədəndəki su və yağ miqdarı azaldıqda meydana gəlir. O, travmaların, liken, saçqıran və darier kimi dəri xəstəlikləri, ekzema, qalxanabənzər vəzi xəstəlikləri, qidalanma pozğunluqları və revmatik xəstəliklər, sink, C və E vitaminləri çatışmazlığı və dərmanların fəsadlarının da dırnaqlara təsirinin ola biləcəyini ifadə edib: ''Dırnaq lövhəsi dırnaq yatağından ayrıldıqda, rəng yaradan bakteriyaların daxil olması səbəbindən dırnaq yaşıl və ya qəhvəyi ola bilər. Bu prosesə göbələklər də qatıla və nəticədə dırnaq qalınlaşa bilər. Dırnaqların ayrılması adətən travma, dırnaq göbələyi və ekzema kimi faktorlar nəticəsində baş versə də, bəzən səbəbini tapmaq olmur. Dırnaq ayrılmasının müalicəsində ən əhəmiyyətli addım travma və yuyucu vasitələrdən uzaq durmaqdır. Ayrılan bölgələrdə infeksiyanın qarşısını almaq üçün diqqətli olmaq lazımdır. Dırnaq yatağı sərt şəkildə təmizlənməməlidir. Təmizləmə zamanı plastik əlcəklərin altında pambıq əlcəklər taxılmalıdır. Dırnaqlar bərpa olunana qədər qalıcı dırnaq tətbiqlərindən qaçmaq lazımdır''.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.