Diyar-diyar “yaşıl enerji” zonasına çevrilən Azərbaycan
Ekologiya

Diyar-diyar “yaşıl enerji” zonasına çevrilən Azərbaycan

Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə Konvensiyanın Kioto Protokolunu, 2017-ci ildə isə Paris Sazişini ratifikasiya etməklə qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulmuşdur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il Azərbaycanda keçirilməsi də bu baxımdan müstəsna addımdır. Hazırlıqlara başlamaq məqsədilə ötən ilin 25 dekabrında 2024-cü ilin “yaşıl dünya naminə həmrəylik ili” kimi qeyd edilməsi haqqında Sərəncam imzalandı. Bu, həm də işğaldan azad olunan ərazilər üçün “yaşıl enerji” sahəsində görülən işlərə böyük stimul verdi. Bildiyimiz kimi, Qarabağ və Şərqi Zəngəzurun və eyni zamanda Naxçıvan Muxtar Respublikasının relyefi və külək, günəş, su ehtiyatları imkan verir ki, Azərbaycan təbii sərvətləri hesabına bərpaolunan və “yaşıl enerji” zonası yaratsın. Bu istiqamətdə böyük layihələr hazırlanır və icra edilir. Azərbaycan öz təbii sərvətlərinin həcminə və etibarlılığına görə Avropanın enerji təminatçısına çevrilir.

“Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksək templə artması fonunda qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam ətraf mühitdə yaşamasını təmin edəcək yüksək keyfiyyətli ətraf mühitin olması vəzifəsi prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Bununla alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artırılması, enerji səmərəliliyinin təmin olunması və bu sahədəki problemlərin həll edilməsi kimi hədəflərə nail olmaq planlaşdırılır.

“Yaşıl enerji” zonasının yaradılması çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən, istilik, soyutma və isti su təchizatında bərpaolunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi tədbirləri nəzərdə tutulmuşdur.

İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində bir sıra mühüm qərarların, o cümlədən “yaşıl” enerji zonası, “yaşıl” kənd təsərrüfatı, “yaşıl” nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər yanaşmalarının tətbiqinin, minlərlə hektar sahədə meşələrin bərpasının həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcəyi vurğulanaraq, 2050-ci ilə qədər həmin ərazilər “netto sıfır emissiya” zonası elan edilmişdir. Həmin ərazilərin bərpası zamanı müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər”, ”ağıllı kənd” və “Yaşıl Enerji Zonası” kopsepsiyalarının reallaşdırılması bu ərazilərin dayanıqlı inkişafına, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması hədəflərinə nail olmağa imkan verəcəkdir.

Alternativ enerji tariflərinin çevik tənzimlənməsi ilə bərpaolunan enerji mənbələrindən istifadəni sürətləndirmək, elmi və texniki bacarıqları gücləndirmək, mütəxəssislərin təlimini davam etdirmək, enerji istehlakçılarının məlumatlılığını artırmaq və özəl sektoru prosesə cəlb etmək üçün həvəsləndirici tədbirlərin icrasını planlaşdırılır.

Tacir SADIQOV,

“Respublika”.