Təmiz gələcəyə doğru inamlı addımlar
Ekologiya

Təmiz gələcəyə doğru inamlı addımlar

Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və "yaşıl inkişafı" prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirən Azərbaycan dünyada baş verən iqlim dəyişmələrinə qarşı mübarizədə fəal iştirak edir, qlobal səyləri dəstəkləyir. Böyük enerji resurslarına malik olan ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157, iqtisadi potensialı isə 27 qiqavatdır. Bu mənbələrdə külək enerjisi 3 min, günəş enerjisi 23 min, bioenerji isə 380 meqavat təşkil edir. Dağ çaylarının potensialı isə 520 meqavat həcmində qiymətləndirilir. Bütün bunlar ölkəmizə "yaşıl gələcəyin" qurulması öhdəliyini həyata keçirməkdə konkret nəticələr əldə etməyə geniş imkanlar yaradır. Ənənəvi yanacaq növlərindən istifadə dünya ölkələri qarşısında böyük bir problemə çevrilərək atmosferə atılan istixana qazlarının həcminin artması, temperaturun yüksəlməsi ilə xarakterizə olunur. Bu isə öz növbəsində ekstremal hava hadisələri və meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi təbii fəlakətlərin baş verməsinə səbəb olur. Bu baxımdan, ekoloji problemlərin həllinə böyük önəm verən ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını strateji hədəf kimi müəyyən edib.

Ötən il baş tutan COP28-in plenar iclasında Şərqi Avropa regional qrupu tərəfindən bərpaolunan enerji mənbələri ilə zəngin olan respublikamız dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibi seçilib. Bu, qazıntı yanacağı ilə zəngin olmasına baxmayaraq, ətraf mühitin çirkləndirilməsi, resursların tükənməsi, biomüxtəlifliyin itirilməsi ilə fəal mübarizə aparan ölkəmizə beynəlxalq səviyyədə etimadın nümunəsidir. Belə ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim təhdidlərinə qarşı kəskin mübarizə aparan Azərbaycanın neft-qaz hasilatçısı olmasına rəğmən işğaldan azad edilmiş torpaqları "yaşıl enerji" zonası elan etməsi, bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsini planlaşdırması dünyanın diqqət mərkəzindədir və bir çox dövlətlər tərəfindən ölkəmizin bu səyləri yüksək qiymətləndirilir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "yaşıl enerji", "yaşıl kənd təsərrüfatı" və bir sıra "yaşıl texnologiya"ların tətbiqi ilə karbon qazının neytrallığının təmin edilməsi əsas hədəf olaraq qarşıya qoyulub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib: "Otuz il Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ və Şərqi Zəngəzur ərazisində yaşıl enerji zonasının əsasının qoyulması hədəfə alınıb. Bununla da iqlim dəyişikliyi sahəsindəki öhdəliklərimizin yerinə yetirilməsinə töhfə verəcəyik".

Öz hədəflərinə doğru inamla addımlayan dövlətimiz işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparmaqla yanaşı, həm də bu ərazilərin "yaşıl enerji zonası"na çevrilməsi üçün böyük layihələr reallaşdırır. "Yaşıl enerji zonası" elan olunmuş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan irimiqyaslı layihələr əsasında Laçın, Kəlbəcər və Suqovuşanda 20.2 MVt gücündə 4 su elektrik stansiyası Güləbird SES, Suqovuşan-1 KSES, Suqovuşan-2 KSES və Kəlbəcər-1 KSES istifadəyə verilmişdir. Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində 100 MVt gücündə "Xudafərin" və 40 MVt-lıq "Qız Qalası" su elektrik stansiyalarının, həmçinin Laçın və Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə görülən işlərin nəticəsidir.

Şaxələndirilmiş infrastruktura, geniş ixrac imkanlarına malik olan ölkəmiz təkcə neft və təbii qaz deyil, həm də elektrik enerjisi ixrac edir. Bərpaolunan enerji resursları sektorunda aparıcı şirkətlər olan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə enerji layihələrinin həyata keçirilməsinə investisiyaların yatırılması və İcra Müqaviləsinin imzalanması mühüm əhəmiyyət kəsb edən enerji layihələrinin inkişafına böyük təkan verir. Belə ki, bu müqaviləyə əsasən külək və günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikilir. Bu aparıcı şirkətlər vasitəsilə bərpaolunan enerji mənbələri ilə yanaşı, yüksək səmərəliliklə təbii qazın, yanacağın istehsalı ilə bağlı uğurlu əməkdaşlıq da həyata keçirilir. Aydın məsələdir ki, günəş və küləkdən əldə olunan enerji hesabına təbii qaza qənaət olunur ki, bu da ölkəmizin ixrac potensialını əhəmiyyətli dərəcədə artırır.

Karbonsuzlaşdırma istiqamətində ənənəvi enerji istehsalı üsullarından asılılığı azaldaraq daha təmiz gələcəyə doğru inamla addımlayan Azərbaycan bərpaolunan enerji layihələrinin inkişafında yeni mərhələyə qədəm qoyub. Enerji təhlükəsizliyini hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edən dövlətimiz enerjinin şaxələndirilməsi siyasəti apararaq dünyanın "yaşıl enerji"yə keçid prosesində yaxından iştirak edir. Ölkəmizin 2030-cu ilə qədər bərpaolunan enerjinin həcminin üç dəfə, enerji səmərəliliyinin iki dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulması bunun əyani göstəricisidir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı Prezident İlham Əliyev ölkəmizdə "yaşıl enerji"yə keçidlə bağlı yaxın gələcəkdə nəzərdə tutulan məsələlərə də toxunub: "Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri "Masdar" tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq".

İstər Xəzər dənizində, istərsə də quruda böyük həcmdə bərpaolunan enerji potensialına sahib olan Azərbaycan uzaqgörən siyasət yürütməklə dünyanın karbonsuzlaşmanı hədəfləyən çağırışlarına çevik cavab verən ölkələrdən biri kimi tanınır. Belə ki, beynəlxalq birliyin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsi Azərbaycana yüksək etimadın, hörmətin nümunəsi olmaqla yanaşı, həm də ölkəmizin yaşıl gündəliyinin nümayişidir.

Mehparə ƏLİYEVA,

"Respublika".