Ermənistanın ekoloji terroru pik həddə çatıb
Ekologiya

Ermənistanın ekoloji terroru pik həddə çatıb

Torpaqlarımız 30 illik işğal müddətində bir çox barbarlığa məruz qalıb. Ərazilərimiz azad edildikdən sonra da erməni vəhşilikləri bir-bir üzə çıxmağa davam edir. Birinci Qarabağ müharibəsi zamanı insanlarımızı kütləvi məzarlıqlara basdıraraq izlərini itirməyə çalışıblar. Kəlbəcərin Başlıbel, Xocavəndin Edilli, Fərrux kəndlərində aşkarlanan kütləvi məzarlıqlar ermənilərin törətdikləri vandalizmin sübutudur. Azərbaycana münasibətdə Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını heç bir şəkildə qorumadığı aydındır. Minatəmizləmə işlərinin davam etməsiylə ortaya çıxan bu vəhşiliklər Ermənistanın ölkəmizə qarşı etnik təmizlənmə siyasəti yürütdüyünü bir daha ortaya çıxarır.

Lakin düşmən sadəcə insanları deyil, təbiəti də hədəf alır. Ağdam şəhərində və digər bölgələrdə palıd, çinar, qoz ağaclarının qırılması, təbii sərvətlərin talan edilməsiylə ekoloji tarazlıq pozulub. Bu kimi fəaliyyətlər nəticəsində Qarabağ regionunda nadir rast gəlinən heyvan və bitki növlərinin sayı azalıb. Belə çirkin əməllərə çaylarımız və su mənbələrinin qərəzli şəkildə çirkləndirilməsi də aid edilə bilər. Burada ekosistemin bərpası üçün uzun zaman və vəsait tələb olunur. Mina xəritələrinin hələ də təqdim edilməməsi isə torpaqların bərpa prosesini ləngidir.

Ermənistan indi də Azərbaycanla sərhədin 500 metrliyində ekoloji terrora başlamaq niyyətindədir. Sədərək rayonu istiqamətində sərhəddə yerləşən Arazdəyən kəndində metallurgiya zavodu inşa edib onun zərərli tullantılarını Araz çayına axıtmaq istəyir. Tullantının Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması təkcə bu çayın deyil, eyni zamanda, Arpaçayın çirklənməsinə də gətirib çıxara bilər. Həmçinin zavodun havaya buraxacağı zəhərli qazlar fauna və floraya ciddi təsir göstərəcək. Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan zavodun tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib. Bununla əlaqədar Azərbaycan Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb. Problemlə bağlı Azərbaycanın qeyri-hökumət təşkilatları müvafiq beynəlxalq təşkilatlara müraciət ediblər. Espo Konvensiyasında olduğu kimi, transsərhəd çayların çirkləndirilməsi və ölkələrin sərhədlərinə yaxın, ekoloji təhlükə mənbəyi sayıla biləcək müəssisələrin yaradılması qonşu ölkələrlə mütləq razılaşdırılmalıdır. Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıb və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar.

İşğaldan azad olunan torpaqlarda quruculuq işlərinin sürətlə davam etməsi və ətraf mühitin canlandırılması prosesi sürətlə davam edir. Bu proseslər bizə yaxın gələcəkdə bu ərazilərin inkişaf edib, yeni turist zonalara çevriləcəyi mesajını verir. Beləliklə, dövlətimizin həyata keçirdiyi siyasətin məqsədi Ermənistanın törətdiyi ekoloji terrorun qarşısını almaq, bərpa müddətini sürətləndirmək və eyni zamanda, ərazilərimizi "yaşıl enerji" zonasına çevirməkdir. Bu istiqamətdə görülən işlərin qısa zamanda müsbət nəticə verəcəyinə şübhə yoxdur.

Nurcan SÜLEYMANOVA.