Doğma övladlarının nəfəsi dəydikcə hər yer cənnətə, gülüstana çevriləcək
Sosial həyat

Doğma övladlarının nəfəsi dəydikcə hər yer cənnətə, gülüstana çevriləcək

Xocalı soyqırımı tarixin yaddaşından heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada durur. Azərbaycanın əzəli və əbədi torpağı Qarabağda Ermənistan tərəfindən törədilən hərbi cinayətlər XX əsrin sonunda dünyanın gözü qarşısında baş verib. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. Yüz illər boyu xalqımız xəbis, məkrli, xain, kinli qonşulardan əziyyət çəkmiş, əmlakları talanmış, övladlarını itirmiş, məhrumiyyətlərə düçar olmuş, soyqırımlara məruz qalmışdır.

Amma nədənsə bəzi ölkələr, xüsusilə Qərb dövlətləri bu həqiqəti görməyib. Özlərini zavallı erməni xalqı kimi qələmə verən şovinistlər tərəfindən Azərbaycanda elə bir ailə yoxdur ki, onların fitnəsinə tuş gəlməsin. Vandalların törətdiyi faciələr tarixin demək olar ki, bütün dönəmlərində baş verib. Yalan və iftira ilə özlərini "yazıq", "əzilmiş", "hüquqları pozulmuş" xalq kimi bütün dünyada miskin vəziyyətə salan hayların "erməni soyqırımı" iftirası bir daha sübut edir ki, bu toplum öz saxta niyyətindən vaz keçməyib. Erməni tarixçiləri və ideoloqları uzun illər ərzində tarixi saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus yer adlarının, toponimlərin çoxunu dəyişdirmişlər. Onlar soydaşlarımıza öz dədə-baba torpaqlarında olmazın əzab-əziyyətlər veriblər. Haylar insanlıqdan kənar monoetnik dövlət yaradıblar. İllərlə dünyaya ağ yalanlar yayan erməni təbliğatı üç il bundan əvvəl ağır zərbə aldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınmış, sonra isə Xocalı artilleriya və ağır hərbi texnikadan güclü atəşə tutulmuş, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, evlər alova bürünmüşdür. Şəhərin müdafiəçiləri axıra qədər döyüşsələrdə qüvvələr qeyri-bərabər olduğundan yerli əhali Xocalını tərk etməyə məcbur olmuşdur. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmiş, şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə sığınmışlar. Hər tərəfdə pusquda durmuş azğın silahlı ermənilər dinc əhalini gülləbaran edərək, qətlə yetiriblər. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni gülləsindən yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur… Cinayətkar erməni silahlı dəstələri və onların havadarlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalmışlar. İndiyədək 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Ermənilər tərəfindən törədilmiş bu qanlı cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…

1994-cü ilə qədər Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməyib. Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bu faciə soyqırımı adlandırılıb.

Ulu öndər Heydər Əliyev Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı tarixi-hərbi cinayət kimi qiymətləndirmiş, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə vəhşilik aktı olduğunu qeyd etmişdir. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan olunmuşdur.

30 il davam edən Qarabağ həsrətinə son qoyuldu... Bu misli görünməyən qələbədən sonra, dünya artıq Azərbaycanı tanıdı, gücünü gördü, sözünü eşitdi. Necə bir güclü, qüdrətli dövlət olduğunun şahidi oldular. Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin, Müzəffər Ordumuzun gücünün və Azərbaycan xalqının həmrəyliyinin nəticəsidir. Bəli, həmin vaxt bizim belə bir rəhbərimiz olsaydı, yəqin bu müsibətlər başımıza gətirilməzdi və Xocalı faciəsi baş verməzdi.

Müzəffər Ali Baş Komandanın sərkərdəlik qabiliyyəti, yenilməz ordumuzun gücü və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində torpaqlarımız işğaldan azad olunub, bir şanlı tarix yazılıb. Vandalların dağıtdığı ərazilərdə sürətlə quruculuq, abadlıq işləri aparılır.

Bu gün, Əsgəran qalası üzərində Şanlı Bayrağımız qürurla dalğalanır. Tezliklə Xocalıya, Xankəndiyə Böyük Qayıdış başlayacaq. Artıq Xocalı Rayon Polis Şöbəsi doğma torpaqlarda fəaliyyətini davam etdirir, ictimai asayişi qoruyur. Digər idarə və müəssisələrin də şəhərə qayıdışı baş tutacaq. Xocalıya doğma övladlarının nəfəsi dəydikcə daha da cənnətə, gülüstana çevriləcək.

Müqəddəs torpaqlara şəhidlərimizin qanı tökülüb, o torpaqlara can verən körpələrin son nəfəsi, qocaların, köməksiz qalan insanların ah-naləsi hopub. Torpaqlarımızda bir də günahsız qanlar axmayacaq, Qarabağımızı yalnız bayram tonqalları bürüyəcək. Qeyd edək ki, Xocalı faciəsinin tanıdılmasında, dünyaya çatdırılmasında görəcəyimiz işlər hələ çoxdur.

Zabit XƏLİLOV,

"Respublika".