Dördüncü Brüssel görüşü Sülh müqaviləsinin imzalanacağına ümidlər artır
Siyasət

Dördüncü Brüssel görüşü Sülh müqaviləsinin imzalanacağına ümidlər artır

"Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər... Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq... Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 3-də İtaliyanın "İL Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.

2021-ci il dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunan görüşdə ölkəmizin suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsipləri növbəti dəfə rəsmiləşdi. Bu formatda ilk üçtərəfli görüşdə nəticə etibarilə, Azərbaycan Prezidenti və Aİ Şurasının Prezidenti tərəfindən Brüssel sülh gündəliyi formalaşdırıldı. Əgər qarşılıqlı güvən, perspektivdə inam və imza qədər etibar qazanmış sözlər olmasaydı, yəqin ki, Brüssel görüşləri də bu qədər davamlı olmazdı. Görüş barədə Şarl Mişelin mətbuata verdiyi bəyanat aparılan müzakirələrə aydınlıq gətirmiş oldu. Əksər siyasi şərhçilər Brüssel görüşünün bölgədə aktivləşmək istəyən Qərb üçün yaxşı başlanğıc olduğunu bildirdilər.

Şarl Mişel bəyanatında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış etmiş və bu çağırış da Azərbaycanın mövqeyi ilə üst-üstə düşmüşdü. Bakı Soçi görüşünə də bu niyyətlə qatılmışdı. İstər Soçi görüşündə, istərsə də Brüsseldə Bakı buna səy göstərirdi və qarşısına qoyduğu məqsədə nail oldu.

Bəyanatda Cənubi Qafqazda əmin-aman

lığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilməsi, əslində Aİ tərəfindən Azərbaycanın təkliflərinə dəstək kimi qəbul edildi. Digər tərəfdən, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bidirildi. Aİ Prezidenti regionda kommunikasiya infrastrukurunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. O, Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini deyib. Burada olduqca önəmli bir məqama diqqət çəkmək lazım gəlir. Ş.Mişelin bəyanatında əksini tapan müddəalar əsasən, Azərbaycanın mövqeyini əks etdirirdi. Nəticə olaraq demək olar ki, Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyi bir daha təsbit olundu: münaqişə arxada qalıb, sərhədlər tezliklə müəyyənləşməli, kommunikasiyalar açılmalı, itkinlərin taleyinə aydınlıq gəlməli, Minsk qrupu prosesdə yoxdur, keçmiş "Dağlıq Qarabağ"ın statusu müzakirə mövzusu deyil...

 Bir sözlə, bəyanatda 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanmış sənədlər üzrə addımların atılması dəstəklənmiş oldu.

2022-ci il aprelin 6-da Brüsseldə daha bir üçtərəfli görüş reallaşdı. İntensiv müzakirələrlə müşayiət olunan bu görüşün nəticələri barədə də rəsmi bəyanat verildi, irəliyə doğru atılan addımın konkret əməli nəticələrə vəsilə olacağına əminlik ifadə edildi. Təbii ki, suların durulması üçün müəyyən zaman tələb olunsa da, hər bir halda hərəkətə gətirilən Azərbaycan-Ermənistan sülh danışıqlarının irəli gedəcəyinə ümidlər artdı.

Şarl Mişelin verdiyi bəyanatda qeyd edilirdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlansın. İki ölkənin XİN-lərinə bununla bağlı təlimatlar verildi. Bu, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqların aparılmasından ibarət idi. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması da əsas məqamlardan biri idi və bununla Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni goesiyasi reallığı qəbul etdiyini və öz mövqeyində bu amilə əsaslandığını göstərdi.

Aprel görüşündə 2021-ci il dekabrın 14-də keçirilmiş eyni formatlı görüşdəki razılaşmaların icrası sərf-nəzər edildi, budəfəki müzakirələrin daha effektiv olacağına, problemin hərtərəfli tənzimlənməsinə xidmət edəcəyinə ümid ifadə olundu. Təəssüf ki, Paşinyan hakimiyyətinin həmişəki söz və əməl ayrılığı bu dəfə də istənilən nəticəni əldə etməyə əngəl törətdi.

2022-ci il mayın 22-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə sayca üçüncü üçtərəfli görüş baş tutdu. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış Bəyannamənin bəndlərindən irəli gələn öhdəliklər və Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipdən ibarət təkliflər geniş müzakirə olundu. Bununla yanaşı, humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi, müharibə zamanı əsir düşmüş insanların qaytarılması, o cümlədən itkin düşmüş insanların taleləri ilə bağlı məsələlər də müzakirə mövzusu oldu.

Dövlət başçısı İlham Əliyev Şarl Mişellə ikitərəfli görüş zamanı Azərbaycan dövlətinin öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bir daha Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırdı. Şarl Mişel Cənubi Qafqazda, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərar olmasında göstərdiyi səylərə görə ölkə başçımıza minnətdarlığını bildirdi.

Üçtərəfli görüşdə bir çox digər məsələlərin də həllində razılığa gəlindi. Sərhəd məsələsi ilə əlaqədar yaxın günlərdə yaradılacaq komissiyaların dövlətlərin sərhədlərində birinci birgə iclasının keçirilməsi nəzərdə tutuldu. İclasda ilk dəfə sərhədlərin delimitasiyası məsələsinə baxılmalıydı. Görüşdə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif ərazilərinə, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarının təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə edildi. Gələcəkdə bağlanacaq sülh sazişinə gəlincə, Prezident İlham Əliyev və Nikol Paşinyan müzakirələrin davam etdirilməsi barədə qərara gəldilər.

Rəsmi İrəvan Brüsseldə keçirilən ikinci görüşdən sonra ictimailəşdirdiyi əsassız mülahizə və iddialarını müzakirə predmetinə çevirmək istəsə də buna nail olmadı və onların heç biri Avropa İttifaqının vasitəçiliyilə baş tutan üçüncü görüşün gündəliyində yer almadı. Bu isə Ermənistanın sülh prosesinə mane olan bütün cəhdlərinin növbəti dəfə iflasa uğraması demək idi.

Tərəflər növbəti, dördüncü görüşü keçirmək üçün bu il avqustun 31-də Brüsseldə bir araya gəliblər. Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib. Şarl Mişel bildirib: "Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır".

Görüşdə sülh razılaşması, humanitar, sərhəd, kommunikasiya məsələləri müzakirə edilib, Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğu bildirilib.

Beləliklə, dördüncü Brüssel görüşündə konkret nəticə əldə edildi, sülh müqaviləsinin rəsmi Bakının irəli sürdüyü və Ermənistanın qəbul etdiyi 5 prinsip əsasında imzalanacağı bildirildi. Əvvəlki görüşlərdən fərqli olaraq bu görüş sülh müqaviləsinin tezliklə imzalanacağına daha böyük ümid yaradıb.

Zümrüd QURBANQIZI,

"Respublika".