DOSTLUĞUMUZ, QARDAŞLIĞIMIZ ƏBƏDİDİR
Digər xəbərlər

DOSTLUĞUMUZ, QARDAŞLIĞIMIZ ƏBƏDİDİR

Azərbaycanla Türkiyə arasındakı münasibətlərin tarixi çox qədimlərə söykənir. Sovetlər birliyi dönəmində məqsədyönlü şəkildə türk xalqlarının qəddar, qaniçən obrazı yaradılaraq dünya ictimaiyyətinə təqdim olunurdu. Lakin həmin dönəmlərdə də Azərbaycan və türk xalqlarının ürəyi bir döyünürdü. Əsasən Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifələrdə çalışdığı zamanlarda, saxta sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda Ulu Öndərin Türkiyəyə sevgisi sonsuz olmuşdur. Bu gün Ümummilli Liderin söylədiyi “Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir” kəlamı dillər əzbəridir. Hazırda vəzifəsindən, yaşından asılı olmayaraq istər türk, istər Azərbaycan vətəndaşları aramızda olan yüksək qardaşlıq, dostluq münasibətindən qürur duyur.

44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin daim Azərbaycanın yanında olması, Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya ölkəmizi dəstəklədiyini açıq-aşkar bəyan etməsi xalqımıza əsl sevincli günlər, qürurlu anlar yaşatdı. Bəllidir ki, qardaş ölkənin göstərdiyi mənəvi və siyasi dəstək igid, cəngavər əsgərlərimizə yalnız irəliyə getmək üçün güc və qüvvət verdi. Sözsüz ki, bu münasibət Azərbaycan xalqının sevimlisi Rəcəb Tayyib Ərdoğanın xalqımıza və ölkəmizə sonsuz məhəbbətinin nəticəsi kimi səciyyələndirilir.

Rəcəb Tayyib Ərdoğanın Türkiyədə keçirilən demokratik seçkidə səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməsi birmənalı şəkildə Azərbaycanda, eləcə də bütün Türk dünyasında hər kəsin sonsuz sevincinə səbəb oldu. Rəcəb Tayyib Ərdoğanın və nümayəndə heyətinin seçkilərdən sonra ilk dəfə ölkəmizə səfəri heç də təsadüfi deyil. Bu tarixi səfər bütün dünyaya Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunun mesajı idi. Məlum olduğu kimi, qardaş Türkiyənin Cümhurbaşqanı ölkəmizdə çox böyük hərarətlə qarşılandı. Səfərin Şuşa Bəyannaməsinin ikinci ildönümü ərəfəsində baş tutması xüsusi əhəmiyyət daşıyır. Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyə Respublikasının Qarabağın tacı olan Şuşada konsulluğun açılmasını təklif etdi. Məhz buna görə bəzi ermənipərəst, Azərbaycan və Türkiyəni sevməyən ölkələr bundan təşvişə düşdülər. Bu günlərdə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsində xidməti vəzifəsini yerinə yetirərkən əsgərimizi snayperdən açılan atəş nəticəsində yaralamışlar. Sözsüz ki, ermənilərin bu və buna bənzər təxribatları onlara heç bir fayda verməyəcək.

Dünya siyasi arenasında özünəməxsus çəkisi olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev birliyinin regionda yeni geosiyasi vəziyyət yaradıb. Elə bu səbəbdən ermənilər müxtəlif təxribatlar törətməklə sülh prosesinin gecikdirilməsi və ya ümumiyyətlə baş tutmaması üçün bütün qüvvələrini sərf edirlər. Lakin onların bu cəhdlərinin baş tutması xəyaldan başqa bir şey deyil. Türkiyə-Azərbaycan birliyi bölgəyə sülh, əmin-amanlıq gətirməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı dövlətimizin başçısı demişdir: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı bu beynəlxalq amildir. Sabitlik, inkişaf və təhlükəsizlik amilidir". Rəcəb Tayyib Ərdoğan isə: "Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük", - deyə bildirmişdir. Həqiqətən də qardaş ölkənin Kahramanmaraş bölgəsində çoxsaylı insan tələfatının baş verdiyi dəhşətli zəlzələdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ilk yardım karvanı, eləcə də xilasedicilər hadisə yerinə yollandı. Hazırda Azərbaycan qardaşlıq borcunu yerinə yetirərək zəlzələ baş verən ərazidə tikinti-quruculuq işlərində fəal iştirak edir.

Yaxın zamanlarda Zəngəzur dəhlizinin açılacağı qaçılmazdır. Dəhlizin açılması Qərbdən-Şərqə qədər ticarət yolu olacaq. Eyni zamanda, türkdilli dövlətləri birləşdirən möhtəşəm layihə olmaqla nəinki Azərbaycan və Türkiyə, eləcə də bütün dünya iqtisadiyyatının sürətli inkişafına böyük töhfələr verəcəkdir. Azərbaycan neft və qazının Türkiyə üzərindən Avropa ölkələrinə nəqli, hərbi sahədə əməkdaşlıq, təhsil, mədəniyyət və s. sahələrdə imzalanan anlaşmalar iki qardaş ölkə arasındakı münasibətlərin daha möhkəm özül üzərində qurulmasına stimul verir. Türkiyə-Azərbaycan münasibətləri dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin apardığı düzgün, düşünülmüş siyasət nəticəsində əbədi və sarsılmazdır.

Ədalət MƏMMƏDOV.