Ekoloji tarazlığın qorunmasına qlobal diqqət
İqtisadiyyat

Ekoloji tarazlığın qorunmasına qlobal diqqət

Azərbaycan COP29-un keçirilməsi üçün ən real məkandır

"COP29-un Azərbaycanda keçirilməsi əlamətdar hadisədir və çox böyük əhəmiyyət kəsb edir. Bunun BMT üçün də çox böyük əhəmiyyəti var... Azərbaycanın COP29-a sədrliyini çox səbirsizliklə gözləyirik". Bu fikirləri BMT Baş katibinin sözcüsü Stefan Dujarrik mətbuata müsahibəsində bildirib.

 Bəli, müsahibədə də qeyd edildiyi kim, iqlim dəyişikliyi dünyanın üzləşdiyi əsas qlobal problemdir. İnsanların təbiətə qarşı laqeydliyi, onunla insafsızcasına davranmaları artıq həlli müşgülə çevrilən çətinliklər yaradıb. İndi bu məsələnin həlli üçün dünya ölkələrinin bir araya gəlməsi müsbət haldır. Digər tərəfdən, belə bir böyük tədbirə ölkəmizin ev sahibliyi etməsi də qürurvericidir...

Digər tərəfdən, belə bir böyük tədbirə ölkəmizin ev sahibliyi etməsi də qürurvericidir...

İndi müsahibə ilə tanış olduğum bu məqamda istər-istəməz ötən ilin dekabrını xatırladım. Azərbaycanlı ekofəalların düz 138 gün davam edən dinc aksiyasını. "Ekoloji terrora son!". Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəallar məhz bu şüar altında etiraz aksiyası keçirirdilər. Özü də dinc, rahat şəkildə heç kəsə, heç nəyə zərər toxundurmadan, maneə yaratmadan. Tək istəkləri torpaqlarımızda törədilən ekoloji terrora son qoyulması idi. Ekofəallarımız bununla da ekoloji tarazlığı pozulmuş dünyamızı qorumaq, insanın ona vurduğu yaraları sağaltmaq və onu yaşatmaq istəklərini ifadə edirdilər. Təəssüf ki, dünya miqyasında ekoloji vəziyyətin kritik səviyyə olduğu bir məqamda Azərbaycanın çaldığı həyəcan təbilinin səsini duyan olmadı.

"Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqlar qanunsuz istismar edilir. Bu qeyri-qanuni fəaliyyətə dərhal son qoyulmalıdır. Eyni zamanda yataqlarda görülən işlərin ətraf mühitə təsirinin qiymətləndirilməsi üçün ekoloji monitorinqlərin aparılmasına ciddi ehtiyac var". Bu fikirləri "Ekosfera" Sosial-Ekoloji Mərkəzin ətraf mühit üzrə mütəxəssisi Abdin Abbasov aksiyanın başladığı ilk günlərdə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını işıqlandıran mətbuat nümayəndələrinə açıqlamasında deyib.

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı ekofəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbilə keçirilirdi.

Onu da qeyd etmək lazımdır ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda mövcud olan yataqların monitorinq və diaqnostikasına başlanılmış, Kəlbəcərdəki yataqların istismarı ön plana çıxarılmışdı. 2020-ci ildən sonra Kəlbəcər rayonunda mövcud olan və dövlət balansına daxil edilmiş 30-dan çox yatağın monitorinqi, qiymətləndirilməsi və təftişinin aparılmasına start verilmişdi. Həmin ərazidə 11 filiz, 7 yeraltı və 19 qeyri-filiz yatağının monitorinqi 2022-ci ilin noyabr ayında başa çatdırılmışdı. Bu barədə Milli Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan "Ekspert saatı"nda bildirilmişdi. Həmçinin 2022-ci ildə Kəlbəcər rayonu ərazisində, xüsusilə Dəlidağ zonasında nəcib və əlvan metalların axtarışı və kəşfiyyat layihəsi üzrə işlərə başlanıldığı, ilkin yerüstü sınaqlaşdırma işlərinin başa çatdığı, həmin ərazidə dağ qazmalarının həyata keçirildiyi qeyd edilmişdi. Bu baxımdan, Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqlarda qanunsuz istismara son qoyulması tələbi də haqlı idi.

Əslində ekofəalların bu addımı Azərbaycanın ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin davamı idi. Son 20 ildə Prezident İlham Əliyev tərəfindən davamlı islahatlar kontekstində xüsusi nəzarətə götürülən istiqamət məhz ölkənin iqlim dəyişikliyi çərçivəsində yeni çağırışlara hazır olmasıdır.

Ekoloji təhlükəsizliyin təmin edilməsi və ekoloji strategiyanın koordinasiyası milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Ümumiyyətlə, ekoloji vəziyyətin sağlamlaşdırılması, torpaq örtüyünün münbitləşdirilməsi, əhalinin içməli, texniki suya olan tələbatının ödənilməsi və s. həmişə dövlətimizin diqqət mərkəzində olub. İstər sovet dövründə, istərsə də müstəqillik zamanı ulu öndər Heydər Əliyev ölkənin ekologiyasının yaxşılaşdırılmasına, meşələrin bərpasına, şəhər və kəndlərimizin yaşıllaşdırılmasına xüsusi diqqət yetirib. "Bir ağac kəsiləndə, elə bilirəm ki, mənim bir qolumu kəsirlər" fikri ümummilli liderin təbiətə olan münasibətini tam şəkildə əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ekoloji tarazlığın qorunmasına, ölkə ərazisinin yaşıllaşdırılmasına sistemli yanaşır. Müxtəlif Dövlət proqramları qəbul olunub, respublikanın bütün şəhərlərində yolların kənarlarında, Abşeron yarımadasının müxtəlif ərazilərində meşə massivləri salınır. Dövlət başçısının təşəbbüsü ilə Balaxanı məişət tullantılarının emalı zavodu inşa edilib.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in konseptual əsasını təşkil edən "dayanıqlı iqtisadiyyat-inklüziv cəmiyyət və təmiz ətraf mühit" üçlüyündə də "yaşıl artım" ölkəsi, "yaşıl iqtisadiyyat" prinsiplərinin geniş tətbiqi məsələsi nəzərdə tutulur.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 25-də 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir".

Artıq alternativ enerji sektorunun inkişafı prioritet istiqamət kimi seçilib, ildə 30 meqavat gücündə günəş panellərinin istehsalı zavodu istifadəyə verilib, hibrid enerji layihəsi həyata keçirilib. Təbii ki, bu istiqamətdə görülən işlər çoxdur. Yekun olaraq onu deyə bilərik ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransının (COP29) keçirilməsi üçün ən real məkandır. Azərbaycan bu tədbirə də uğurla ev sahibliyi edəcək.

Zümrüd QURBANQIZI,

"Respublika".