Duarte Paçeko: Azərbaycan Parlamentlərarası İttifaqda fəal üzvlərdən biridir
Siyasət

Duarte Paçeko: Azərbaycan Parlamentlərarası İttifaqda fəal üzvlərdən biridir

Milli Məclisin sədri Sahibə Qafarova mayın 16-da Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunduğunu, bununla əlaqədar dövlət səviyyəsində, o cümlədən Milli Məclis tərəfindən yubiley tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev həm sovet dövründə, həm müstəqillik illərində ömrünü Azərbaycan dövlətçiliyinin qorunmasına, möhkəmlənməsinə xalqın rifahına xidmətə həsr edib. Ulu Öndər özünün liderlik keyfiyyətləri, uzaqgörən siyasəti, möhkəm iradəsi ilə Azərbaycanın ən taleyüklü məqamlarında dövləti xilas etmək, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq kimi tarixi missiyanı yerinə yetirib.

Diqqətə çatdırılıb ki, müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ən qiymətli ərməğanı olan müstəqil Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, qədirbilən xalqımız da həmişə öz böyük oğlunun xatirəsini qəlbində əziz tutur yaşadır.

Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko Milli Məclisin Azərbaycan xalqının böyük Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş xüsusi iclasına dəvətə görə təşəkkür edib, tədbirdə iştirakdan məmnunluğunu bildirib.

O, təmsil etdiyi qurumda Azərbaycanın fəal üzvlərdən biri olmasını məmnunluqla vurğulayaraq, Azərbaycanın Parlamentlərarası İttifaqın üzvü kimi əhəmiyyətli rolunu yüksək qiymətləndirib.

Müasir dövrdə parlament diplomatiyasının genişləndirilməsinin əhəmiyyətindən danışan Duarte Paçeko Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.