Məramı ilə adı eyni olmayan təşkilat
Siyasət

Məramı ilə adı eyni olmayan təşkilat

Qüdrətli Azərbaycan dövlətinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar kollektiv Qərbin "qıcığına" səbəb olur. Regiona təsir mexanizmlərinin sıradan çıxarılması, marionetlərin kəskin manevrlərinin fayda verməməsi beynəlxalq məkanda Azərbaycana qarşı təzyiqlərin artmasına gətirib çıxarır.

Çoxüzlü yanaşmalar fonunda həqiqətə kölgə salan şər qüvvələrin "çırpınışları" ədalət prinsipinə ciddi zərər vursa da, görünür, "hüquq qoruyucuları" bu çirkin xislətə "dayan" demək niyyətində deyillər. Bu səbəbdəndir ki, yeni dünya düzənində xaos və qlobal miqyasda fövqəldövlətlərin hegemonluğu, qərəzli qurumların boş bəyanatları bu prosesi daha da dərinləşdirir.

Azərbaycan dövləti daim beynəlxalq hüququn norma və prinsiplərinə, onun aliliyinə hörmətlə yanaşır. Rəsmi Bakının regional və qlobal miqyasdakı mövqeyi sülh və sabitliyə xidmət edir. Buna baxmayaraq, öz maraqları naminə regiona qarışıqlıq gətirməyə çalışanlar haqq işimizə kölgə salmağa, müxtəlif spekulyasiya və manipulyasilardan istifadə edərək anti-Azərbaycan mövqeyi sərgiləməyə can atırlar. Halbuki qüdrətli dövlətimiz BMT-nin kağız üzərində qalan məlum 4 qətnaməsini icra edərək uzun illər davam edən qəsbkarlığa son qoymuş, xain düşməni yerinə otuzdurmuşdur. Regionda ədalət tərəzisini tarazlayan Azərbaycana qısqanclıqla yanaşan qüvvələr isə bunun qarşılığında "xaç qardaşlığı", "hay təəssübkeşliyi" ilə çıxış edərək əsl sifətlərini göstərirlər. Məhz Vətən müharibəsindən sonra sözügedən qüvvələrin qarayaxma kampaniyalarının intensivləşməsi, Azərbaycana qarşı mövqe sərgilənməsi riyakarlığın növbəti təzahürüdür.

Vahid mərkəzdən idarə olunan qüvvələrin daim əks mövqeyi regionda Ermənistanın yenidən dirçəldilməsinə hesablanıb. Xüsusilə rəsmi Bakının Cənubi Qafqazda aparıcı gücə çevrilməsi kollektiv Qərbin və rəsmi Vaşinqtonun maraqlarına uyğun deyil. Bu səbəbdəndir ki, Azərbaycanın qlobal miqyasda qazandığı etibarı zədələməyə çalışırlar. Qeyd etmək lazımdır ki, ötən ilin sentyabr ayında baş tutan antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası qərəzli qüvvələrin qarayaxmalarını daha da intensivləşdirib. Avropa Parlamentinin, Yelisey sarayının məsələyə fərqli don geyindirməyə çalışmasından sonra indi də "Freedom House" çirkin estafeti öz üzərinə götürüb. Adı ilə məramı üst-üstə düşməyən, rəsmi Vaşinqtonun "əlaltı"larından biri olan qurumun qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını təsdiqləyir. Qurumun bu mövqedən çıxışları bütün dövrlərdə özünü göstərib.

Xatırladaq ki, təşkilat hələ 2019-cu il üçün hesabatında Azərbaycanı Cənubi Qafqazda yeganə "azad olmayan" ölkə kimi qələmə vermişdi. Bu təşkilat uzun illər Xankəndi və ətraf əraziləri öz əsarətində saxlayan, artıq tarixin qaranlıq səhifələrinə atılmış xunta rejiminin əsas dəstəkçilərindən hesab olunurdu. Belə ki, 2017-ci ildə verilən hesabatda qondarma "DQR"i Azərbaycandan ayıraraq "qismən azad ərazi" kimi qələmə vermiş və fikrini guya belə əsaslandırmağa çalışmışdı ki, həmin ərazidə "demokratik prezident seçkiləri" keçirilmişdir. Nəzərə alınmalıdır ki, dünya ölkələrinin qondarma "DQR"i tanımadığı bir zamanda təşkilatın birbaşa Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı bu cür yanaşma sərgiləməsi qurumun qərəzini açıq şəkildə göstərir. Məhz bu kimi yanaşmaların fonunda ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra onun yenidən aktivləşməsi təəccüb doğurmur.

Mövcud dövrdə isə "Freedom House"nin "Xalqlar keçiddə 2024" adlı hesabatı bir daha qərəzdən və hay təəssübkeşliyindən xəbər verir. Xüsusən də, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərini hədəf alan təşkilat insan hüquqlarından dəm vuraraq ölkəmizi hansısa geosiyasi qrupa aid etməyə cəhd edir.

İlk növbədə qeyd etmək lazımdır ki, beynəlxalq hüquqa əsaslanan antiterror tədbirlərində yalnız və yalnız hərbi obyektlər hədəfə alınmışdır. Bununla yanaşı, mövcud tədbirlərə qədər və ondan sonra da Azərbaycan daim Qarabağın erməni əhalisinə reinteqrasiya çağırışı etmişdir. Lakin rəsmi İrəvanın tapşırıqları əsasında haylar "şou" yaratmağı daha üstün tutdular. Nəticədə Azərbaycanın sabitlik, birgəyaşayış çağırışlarına paralel olaraq erməni əhalisi bölgəni tərk etməyə başladı. Məsələ bununla da bitmədi və kütləvi şəkildə Laçın nəzarət-buraxılış məntəqəsindən Ermənistana və digər ölkələrə üz tutan haylar ətrafında saxta ictimai fikir formalaşdırıldı ki, guya bu ərazilərdə 100-120 min erməni məskunlaşıb. Hay təəssübkeşlərinin qurduğu bu təxribatın məğzi ondan ibarət idi ki, guya Azərbaycan zorla bu insanları öz yurd-yuvalarından çıxarır. Lakin qeydə alınan videomateriallarda da görünür ki, Laçından keçib gedən ermənilərin verdiyi cavablar həqiqəti aşkara çıxarır. Əfsuslar olsun ki, qərəzli dairələri bu da "qane" etmir və Avropa Parlamenti başda olmaqla digər beynəlxalq qurumlar boş bəyanatlar verirlər.

Qeyd etmək lazımdır ki, "Freedom House"nin təkrar-təkrar gündəmə gətirdiyi məsələ ilə bağlı BMT-nin açıq rəyi mövcuddur. Belə ki, BMT-nin Xankəndi və ətraf ərazilərdə mövcud vəziyyətlə tanış olmaq üçün göndərdiyi missiya oktyabr ayında bölgəyə 2 dəfə səfər etmişdir. Hər iki səfərdən sonra BMT müsbət bəyanatlar verərək bölgədə hər hansı zorakalıq və humanitar böhran hallarının olmadığını bildirmişdir.

"Freedom House"nin fəaliyyətində birbaşa erməni lobbisinin təsirləri özünü açıq büruzə verir. Təsadüfi deyil ki, qurumun daxilində bir çox radikal haylar fəaliyyət göstərir. Elə vitse-prezident Anni Boyacıyanın adını çəkmək kifayətdir ki, yersiz qərəzin mənbəyi aşkara çıxsın.

Sözügedən qurum əgər həqiqətən də bəşəri cinayətləri, dünyada baş verən haqsızlıqları ictimaiyyətə bəyan etmək arzusundadırsa, 1990-cı illərin əvvəllərində, yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana qarşı törədilən cinayətlərə niyə nəzər yetirmir?! Sual olunur: əgər həqiqətən də ikili stadartlardan uzaq, şəffaf fəaliyyət göstərilirsə nəyə görə torpaqlarının 20 faizini itirmiş, 1 milyon qaçqını olan ölkənin haqq səsini duymadınız? Ermənistanın etnik təmizləmə siyasətinə nə üçün əngəl olunmadı? 44 günlük Vətən müharibəsində Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizə raket hücumları zamanı nəyə görə "3 meymun" siyasəti ortaya qoyuldu?

Məkrli maraqlarla pərdələnmiş saxta ədalət prinsipləri Cənubi Qafqaza destabillikdən başqa heç nə vəd etmir. Bu kimi bəyanatlar isə sadəcə rəsmi İrəvanı sülh prosesindən bir qədər də uzaqlaşdırır.

Nurlan ABDALOV,

"Respublika".