Dünya ölkələrilə birgə əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır
Siyasət

Dünya ölkələrilə birgə əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır

Azərbaycanla Bolqarıstan arasında humanitar sahədə əlaqələr bundan sonra da genişləndiriləcək

Bu il sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır...".

Azərbaycanla Bolqarıstan arasında humanitar sahədə əlaqələr son illər daha da genişlənir. 2002-ci il oktyabrın 26-31-də Bolqarıstan Respublikasının 1990-1997-ci illərdə prezidenti olmuş J.Jelev Bakı Slavyan Universitetinin rektorunun dəvəti ilə Azərbaycanda səfərdə olmuş, 2011-ci ildə isə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmişdir. 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumda da Bolqarıstan böyük bir nümayəndə heyətilə təmsil olunub. Sonrakı illərdə də Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda Bolqarıstan nümayəndələri fəal iştirak ediblər.

2011-ci ildə Bakıda Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanan saziş əlaqələrin genişləndirilməsinə yeni imkanlar açdı. Belə ki, 2015-ci il mayın 27-də Sofiyada Heydər Əliyev Fondu Bolqarıstanın Veliko Tırnovo şəhərindəki "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirmək məqsədilə saziş imzaladı və 2016-cı il sentyabrın 23-də bu tarixi abidənin bərpadan sonra açılışı oldu. Açılış mərasimində Bolqarıstan Respublikasının Baş naziri Boris Boyko, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etdilər.

2013-cü ilin martında Sofiya şəhərində Bolqarıstanın Milli Rəssamlıq Akademiyasında Azərbaycan rəssamlarının sərgisi təşkil edilib, həmin ilin sentyabrında isə Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Şərq Dilləri və Mədəniyyətləri Mərkəzinin fəaliyyət göstərdiyi binasında Bakı Slavyan Universiteti tərəfindən Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin dəstəyi ilə ilk dəfə olaraq MDB məkanından kənarda yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılışı keçirilib.

Mədəni əlaqələrin inkişafı baxımından 2014-cü il də əlamətdar olub. Belə ki, həmin ildə III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Bolqarıstanın məşhur dirijoru Kiril Jambovun dirijorluğu ilə Sofiya şəhərində Sofiya simfonik orkestrinin ifasında Azərbaycan klassik musiqisindən ibarət konsert təşkil olunub, Azərbaycan Respublikasının Yazıçılar Birliyinin katibi, Azərbaycanın Xalq yazıçı Çingiz Abdullayev Bolqarıstanın Kitabxana Araşdırmaları İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru adına layiq görülüb. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar muxtar respublikaya aid nəşrlərin sərgisi keçirilib, Azərbaycanın Bolqarıstandakı səfirliyinin Bolqarıstan Respublikası Xarici İşlər Nazirliyinin yanında fəaliyyət göstərən Dövlət Mədəniyyət İnstitutunun birgə təşkilatçılığı və Sofiya İcra Hakimiyyətinin dəstəyi ilə kəlağayı sənətinin təqdimatı olub.

"Qarabağın musiqi çələngi" adı altında Azərbaycan klassik musiqisindən ibarət konsert də böyük maraqla qarşılanıb.

Elm və təhsil sahəsində də əlaqələr genişlənib. Hələ 2002-ci ildə Azərbaycana səfəri zamanı Bolqarıstanın keçmiş prezidenti Jelevə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilmiş, 2004-cü ilin oktyabrında Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyət Mərkəzinin açılışı olmuşdur. 2012-ci ilin mayında Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri Ts.Tsaçeva Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Bakı Slavyan Universitetinin Bolqar Dili və Mədəniyyəti Mərkəzində olmuş, Bakı Slavyan Universitetində bolqar dilində təhsil alan azərbaycanlı tələbələrin Bolqarıstanda təlim kurslarında iştirakı məsələsi müzakirə edilmişdir.

2013-cü ildə müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin 125 illiyi münasibətilə universitetin klasssik və yeni filologiya fakültəsinin nəzdində Azərbaycan Dili və Mədəniyyət Mərkəzi açılıb. Açılış mərasimində Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru professor A.Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Bakı Slavyan Universiteti ilə Konstantin Preslavski adına Şumen Universiteti, St. Kliment Oxridski adına Sofiya Universiteti ilə Bolqarıstanın Milli və Dünya İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bolqarıstanın Milli Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti və Bolqarıstanın Milli və Dünya İqtisadiyyatı Universiteti, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstanın Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında ictimai sağlamlıq və tibb sahələrində əməkdaşlığa dair saziş bağlanıb. Bolqarıstan və Azərbaycanın bir neçə şəhəri arasında isə qardaşlaşmaya dair birgə bəyannamələr imzalanıb. 2004-cü ildə Şəki və Qabrovo şəhərləri qardaşlaşmış, 2014-cü ildə Azərbaycan Respublikasının Naxçıvan və Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələsi müzakirə edilmişdir.

Qardaşlaşmış Qabrova və Şəki şəhərləri arasına əlaqələrin genişləndirilməsi məqsədilə 2015-ci ilin sentyabrında Qabrovoda Şəki şəhəri mədəniyyətinin təbliğinə dair sərgi təşkil olunub.

Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Ötən bu illərdə Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edib. Əldə olunan nəticələr, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, ölkələrimiz bundan sonra da əməkdaşlığı uğurla davam etdirəcəklər.

Zümrüd QURBANQIZI,

"Respublika".