Dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
Sosial həyat

Dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb

Avqustun 17-də dünyaşöhrətli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80-ci ildönümü günündə Mədəniyyət Nazirliyinin rəsmiləri, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri Birinci Fəxri xiyabana gələrək unudulmaz sənətkarın məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Xalq artistinin məzarı önünə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil qoyulub.

Sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya onunla bağlı xatirələrini bölüşüb: "Müslüm Maqomayev çox şərəfli ömür yaşayıb. O, parlaq yaradıcılığı olan bir sənətkar idi. Müslüm bütün ömrünü musiqi ilə keçirib və əvəzolunmaz keyfiyyətlərlə zirvəyə ucalıb. M.Maqomayev piano, bəstəkarlıq sahəsində böyük uğurlara imza atıb. Onun dillər əzbəri olan mahnıları həmişə sevilib və həmişə də seviləcək".

Müslüm Maqomayevin Bakıda yeni ucaldılan abidəsindən danışan T.Sinyavskaya deyib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Dənizkənarı Milli Parkda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin möhtəşəm abidəsi açıldı. Ümidvaram ki, bu heykəl bir çox Müslümsevərlərin ilham mənbəyi olacaq".

 Müslüm Maqomayevin gənc yaşlarında məşhurlaşdığını deyən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib ki, o, öz vətənində sevildiyi kimi, eyni zamanda, bütün dünyada sevilir.

 Prezident İlham Əliyevin Bakıda açılışını etdiyi Müslüm Maqomayevin abidəsinin bütün Azərbaycana hədiyyə olduğunu vurğulayan F.Bədəlbəyli deyib: "Mən çox təəssüf hissi keçirirəm ki, dostumuz M.Maqomayevə bizim azad Şuşamızı görmək qismət olmadı. Amma buna baxmayaraq keçənilki Cıdır düzündəki möhtəşəm konsertin sonluğunda Müslümün "Azərbaycan" mahnısı səslənib. Bu gözəl əsər bizim bu qəbildən olan bütün konsertlərimizdə hər zaman səslənir və səslənəcək. Bizim yeni gələn nəsillərimiz, gənclərimiz də bilməlidirlər ki, bizim musiqi tariximizdə Üzeyir Hacıbəyli, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov və s. kimi əvəzolunmaz, dahi sənətkarlarımız olub. Bu adlar bizim sərvətimizdir. M.Maqomayev həmişə bizim ürəyimizdə və yaddaşımızda yaşayacaq".

 Müslüm Maqomayevlə uşaqlıq illərindən dostluq etdiyini bildirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov onun əsrarəngiz yaradıcılığı ilə bərabər, eyni zamanda, yüksək insani keyfiyyətlərə malik olduğunu bildirib: "Müslüm son illərini tam olaraq rəsm sənətinə həsr etmişdi. O, ifaçılıqla yanaşı, həm də gözəl rəsm əsərləri yaradırdı. O, həmçinin bizim İttifaqın da fəxri üzvü idi. Müslümdə olan ürəkaçıqlığı və dostlarına, sevdiklərinə, ümumiyyətlə, insanlara olan məhəbbəti hədsiz idi. Ulu öndər Heydər Əliyevin də ona böyük hörməti var idi. Onun haqqında uzun danışmaq olar, amma bu faktdır ki, Müslüm Maqomayev hər zaman ürəklərdə yaşayacaq və əbədi olaraq seviləcək. Onun musiqisi yaşayır və həmişə yaşayacaq".

 AZƏRTAC