Ekofəalların aksiyası BMT-də müzakirə olundu
Digər xəbərlər

Ekofəalların aksiyası BMT-də müzakirə olundu

BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə "İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun" başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsi keçirilib. İclasda iştirak edən Milli Məclisin deputatı Naqif Həmzəyev beynəxalq kürsüdə Ermənistanın ekoloji terroru barəsində çıxış edib: "Fürsətdən istifadə edərək, diqqətinizi ekoterrora məruz qalmış Azərbaycan ərazilərinə cəlb etmək istəyirəm. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın idi ki, Ermənistanın işğalı altında idi. Ermənistan uzun illər nəinki dinc əhalini məhv edib, həm də təbiətimizi məhv edib, sərvətlərimizi amansızlıqla talayıb. Azərbaycan ərazisindən axan çayların mənbələrinin əksəriyyəti Ermənistan tərəfindən müxtəlif tullantılarla çirklənib”.

Deputat bildirib ki, ekoloji əhəmiyyətə malik yeddi göl - Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Qaragöl ciddi şəkildə kimyəvi çirklənməyə məruz qalıb. Həmçinin, Oxçu çayı Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsində yerləşən on bir çaydan biridir və ölkənin ümumi su ehtiyatının 30 faizindən çoxunu qarşılayır. Mütəxəssislər tərəfindən Oxçu çayından götürülmüş nümunələrin analizi zamanı suda çoxlu sayda həyati təhlükəsi olan elementlər aşkar edilib.

Naqif Həmzəyev konfrans çərçivəsində həmkarları ilə iki və çoxtərəfli görüşlərində Azərbaycanda ekofəalların keçirdiyi aksiya barəsində də məlumat verib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 68-ci gündə də şaxtalı hava şəraitinə baxmayaraq ruh yüksəkliyi və əzmlə davam edir. Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda isə hazırda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Jalə QASIMZADƏ,

“Respublika”.