Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı yönəlmiş etiraz aksiyası 97 gündür davam edir. Aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri tərəfindən keçirilir.
İştirakçıların tələbləri dəyişməz olaraq qalır. Fəallar müxtəlif dillərdə şüarlar səsləndirərək dünya ictimaiyyətini ekoloji terrora son qoymağa, bu cür haqsızlıqlara göz yummamağa çağırırlar. Ekofəallar tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər. Heç bir amil ekoaktivistlərin inamını sarsıda bilməmişdir. Onlar Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə günə başlayırlar. Dinc şəkildə baş tutan etiraz aksiyası bölgəyə gələn avtomobillərin hərəkətinə heç bir maneə yaratmır. Hazırda əsas məqsəd ərazilərimizdə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyətlərin qarşısının alınmasıdır. Buna əsas səbəb isə separatçı qüvvələrin Qarabağ üzərindən spekulyasiyaya çalışmasıdır. Ermənistan tərəfi Laçın-Xankəndi yolunda davam edən aksiya ilə bağlı saxta məlumatlar yayımlamışdılar. Fəqət beynəlxalq hüquq çərçivəsində hərəkət edən dövlətimiz bu kimi dezinformasiyaların qarşısını uğurla almışdır.
Xatırladaq ki, alçaq düşmənin törətdiyi ekoloji terror "Bioloji müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərini pozur. Bütün bunlar Ermənistanın bir daha hüquq normalarına riayət etmədiyini, özbaşınalığını təsdiqləyir. Azərbaycan düşmənin qanunsuz fəaliyyəti ilə bağlı bir sıra beynəlxalq təşkilatlara da müraciətlər etmişdir. Mövcud selektiv yanaşma səbəbindən hələ də məsələ öz həllini tapa bilməmişdir. Şübhəsiz, hər zaman olduğu kimi, dövlətimiz yenə də haqsızlığın qarşısını alacaqdır. Laçın-Xankəndi yolunda davam edən aksiya təkcə ölkəmizin deyil, digər dövlətlərin də mətbuatında işıqlandırılmışdır. Belə ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan saytlarında ölkəmizin haqlı etirazı öz əksini tapmışdır.
Ermənistan otuz ildir işğal altında saxladığı ərazilərimizdə vəhşiliklər törətmiş, tarixi-mədəni və dini abidələrimizi dağıtmışdır. Düşmən, həmçinin ölkəmizin şirin su hövzələrinə zavod və fabriklərin tullantılarını axıtmaqla onu çirkləndirmişdir. Bu baxımdan, dövlətimizin öz suveren hüququndan istifadə edərək dəymiş ziyana görə Ermənistana qarşı beynəlxalq instansiyalarda vəsatət qaldırma haqqı var.
Nəzrin ELDARQIZI,
"Respublika".