Ələkbər Əliyev
Sosial həyat

Ələkbər Əliyev

Türk xalqlarının qatı düşməni olan mənfur erməni daşnakları son 200 ildə xalqımıza qarşı vəhşiliklər törətmiş, şəhər, qəsəbə və kəndlərimizi xarabalığa çevirmiş, günahsız insanlar qan gölündə boğulmuşdur. Bir sözlə, haylar Cənubi Qafqazda həmişə sabitliyi pozmuş, öz mənfur niyyətlərini reallaşdırmağa çalışmışlar.

Daşnak quldurlar XX əsrin sonlarında daha da azğınlaşmış xaricdəki havadarlarının dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına almışlar. Birinci Qarabağ savaşında silaha sarılıb düşmənə qarşı igidliklə vuruşan Vətən oğullarından biri də Ələkbər Əliyev olmuşdur. Onun ömür yoluna qısaca da olsa nəzər yetirək.

Ələkbər Həsən oğlu Əliyev 22 dekabr 1955-ci ildə Azərbaycanın cənnət məkanlarından olan, min bir sərvətli Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açmışdır. O, 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirmiş, sonra Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra iki il ordu sıralarında xidmət etmiş, hissə komandanlığı tərəfindən dəfələrlə valideynlərinin ünvanına razılıq məktubları gəlmiş, qol saatı ilə mükafatlandırılmışdır.

Ələkbər ordudan tərxis olunduqdan sonra Qubadlı rayonundakı Kimya Birliyində çalışmış, kollektivin hörmətini qazanmışdır. Ələkbər bir müddət sonra doğma kəndlərinə qayıtmış, əməyin qulpundan yapışmış, kənd sakinlərinin istəyi ilə sovxoz direktorunun müavini vəzifəsinə təyin olunmuşdur.

Erməni daşnakları ötən əsrin 90-cı illərinin əvvəllərində Qubadlı rayonuna da fasiləsiz hücumlara başladı. Onlar dinc əhaliyə qarşı olmazın vəhşiliyini törədir, hər tərəfə güllə yağışı yağdırırdılar. Vətənin başını qara buludlar alanda Qubadlının digər cəsur oğulları kimi Ələkbər də ölüm-dirim savaşına qoşuldu. Bir çox döyüş əməliyyatlarının uğurla başa çatmasında şəxsi igidlik göstərdi. Heç vaxt ölümündən qorxmadı.

Birinci Qarabağ savaşında Ələkbər özünümüdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsində, odlu səngərlərdə əsl qəhrəman kimi vuruşurdu. Ələkbərin şəxsi igidliyi sayəsində qaranlıq bir gecədə pusquda durmuş ermənilər tələyə düşdü, onlar pərən-pərən düşüb qaçmağa üstünlük verdilər. Bir neçə nəfər əsir götürüldü, düşmənin hərbi texnikası ələ keçirildi. Laçın torpaqlarının azad olunması Ələkbərin ən böyük arzusu idi. İgid döyüşçü Türklər, Səfiyan, Suarası kəndlərində gedən döyüşlərdə ermənilərə sarsıdıcı zərbələr endirdi, onlarla düşməni məhv etdi.

...7 avqust 1992-ci il Laçın rayonunun Suarası kəndində ağır döyüşlər gedirdi. Düşmən geri çəkilmək istəmirdi. Bu ağır döyüşlərdə Ələkbərgilin dəstəsi qəflətən mühasirəyə düşdü. Ələkbər əsgərlərimizi xilas etmək üçün əlbəyaxa döyüşlərə girişdi. Onlarla erməni quldurunu məhv etsə də döyüşlərdə qəhrəmancasına həlak oldu. Son mənzili Bakı şəhərindəki Şəhidlər xiyabanı oldu. Dörd övladı yadigar qaldı. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli Fərmanı ilə Ələkbər Həsən oğlu Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Qubadlının qartal oğlu, rəşadətli döyüş yolu keçən Ələkbər Əliyevin adı əbədiləşdirilmişdir. Bakı şəhərinin Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Ələkbərin ən böyük arzusu Qubadlının işğaldan azad olunması idi. Qüdrətli Azərbaycan əsgərlərinin rəşadəti sayəsində 2020-ci ildə Qubadlı erməni işğalçılardan təmizləndi. Tezliklə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcək, qubadlılılar Ələkbərin adını daim qəlblərində yaşadacaqlar.

Qədir ASLAN,

"Respublika".