Növbədənkənar prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək
Sosial həyat

Növbədənkənar prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə az vaxt qalıb. Ölkənin hər tərəfində, həmçinin ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə seçki gününə hazırlıq artıq yekunlaşmaq üzrədir. Bütün dairə və seçki məntəqələri seçkilərə tam hazırdır.

Suraxanı rayonu

30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının sədri Vilayət Əmirov bildirib ki, 41 daimi, 1 müvəqqəti seçki məntəqəsində hazırlıq işləri artıq tamamlanıb. Ayın 17-dən 22-nə qədər mütəmadi olaraq keçirilən treninqlər bütün məntəqələri əhatə edib. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Seçki günü seçicilərin məntəqələrdə rahat və maneəsiz səs verməsini təmin etmək üçün bütün inventarlarla yanaşı, yeni nəsil avadanlıqlar da təşkil olunub ki, bu da seçicilərin hansı məntəqədə qeydiyyatda olduğunu müəyyən etmək üçündür. Dəqiqləşdirilmiş son siyahılara görə, dairə üzrə 52984 seçici qeydə alınıb. Onlardan 2866 nəfəri ilk dəfə səs verəcək. Budəfəki səsvermədə 80-100 yaş arası 793 nəfər iştirak edəcək.

Hazırda məntəqədə maarifləndirmə işləri ilə yanaşı, təşkilati, texniki məsələlər də icra olunur. Dairə seçki komissiyası üzrə qeydiyyatdan çıxma arayışları alan seçicilərin sayında artım qeydə alınıb. Bu da təbii ki, seçki fəallığının göstəricisidir.

Yasamal rayonu

Paytaxtın Yasamal rayonunda da seçkilərə hazırlıq işləri yüksək səviyyədə davam edir. 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasının sədri Aygün Yusifova bildirib ki, dairə seçki komissiyası üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir: "Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda müxtəlif səfirlik və konsulluqlarda 9 seçki məntəqəmiz yaradılıb. Dairə üzrə 51396 nəfər seçici var. Seçici siyahıları dəqiqləşdirilib və seçicilər siyahılarla tanış olurlar. Seçki məntəqələri inventar və avadanlıqlarla təchiz olunub. 1 fevral tarixinə qədər 596 seçici qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi alıb. Bildirişlər seçicilərə çatdırılıb.

Nərimanov rayonu

20 saylı Nərimanov II Dairə Seçki Komissiyasının sədri Musa Musayevlə söhbət edərkən o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşməklə yanaşı, qarşıya qoyulan hədəflərin reallaşmasına, ölkəmizin inkişafına zəmin yaradacaq. Sözsüz ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmaqla müasir tariximizin ən parlaq səhifəsi açılıb.

Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə sayılı günlər qalır. Prezident seçkiləri milli iradənin təntənəsi, növbəti hədəflərə çatmaq üçün yeni başlanğıclar və Azərbaycan xalqının vahid mövqeyinin ifadəsidir.

Dairə seçki komissiyasında yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunur. 36 məntəqədə 49391 seçici öz layiqli namizədinə səs verəcək. 755 nəfər gənc ilk dəfə olaraq seçkilərdə iştirak edəcək.

Qeyd etmək lazımdır ki, məntəqələrdə cari təmir işləri aparılıb, lazımi avadanlıqlar, işıq, rabitə və digər xidmətlərlə təchiz edilib. Həmçinin, seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Seçkilərin demokratik və yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri tam başa çatdırılıb.

Seçkilərdə 100 yaşından yuxarı 2 nəfər iştirak edəcək.

Qaradağ rayonu

Qaradağda da qarşıdakı prezident seçkilərinə geniş hazırlıq işləri gedir. 37 saylı Qaradağ Dairə Seçki Komissiyasının sədri Azər Ələsgərovla söhbət edərkən o, bəzi məsələlərə aydınlıq gətirərək dedi:

- Ölkəmizin siyasi həyatında çox mühüm önəm daşıyan prezident seçkilərinə sayılı günlər qalır. Bildiyimiz kimi, növbədənkənar prezident seçkisinin şəffaf, demokratik şəkildə keçirilməsi, seçicilərin istədikləri namizədə səs vermələri üçün bütün dairə və məntəqələrdə hər cür şərait yaradılıb və işlər yekunlaşmaq üzrədir. O cümlədən Qaradağ rayonunda da bu prosesə ciddi hazırlıq işləri görülüb.

Sədr vurğuladı ki, 37 saylı Qaradağ seçki dairəsinin ərazisində 40 daimi məntəqə var. Daha 10 məntəqə seçkiyə beş gün qalmış açılacaq. Bununla da məntəqələrin  ümumi sayı 50-yə çatacaq. Seçkilərdə 60006 nəfər seçici iştirak edəcək. İlk səs verənlərin sayı 2479 nəfərdir ki, onlardan da 1376 nəfəri kişi, 1103 nəfəri qadındır. 18 yaşı tamam olmuş seçicilərin sayı 108 nəfərdir. Ən yaşlı seçici 100 yaşındadır. Bildirişlərin 98 faizi artıq paylanılıb.

Qeyd etmək lazımdır ki, məntəqələrdə cari təmir işləri aparılmış, lazımi avadanlıqlar, işıq, rabitə və digər xidmətlərlə təchiz edilmişdir. Həmçinin seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır. Seçkilərin demokratik və yüksək səviyyədə keçirilməsi üçün məntəqələr tam hazırdır.

Onu da qeyd edək ki, Qaradağ rayonunda olarkən seçki keçiriləcək ərazilərdə, eləcə də  37 saylı Dairə Seçki Komissiyasında yüksək işgüzarlıq, qaynar mühit, sağlam əhvali-ruhiyyə hiss olunurdu.

İnamla demək olar ki, qaradağlılar seçkilərdə birlik, həmrəylik nümayiş etdirəcək, əmin-amanlığı və inkişafı dəstəkləyəcəklər. Fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın müasir tarixinə qürurverici seçki kimi yazılacaqdır.

Xəzər rayonu

Paytaxtın Xəzər rayonunda da seçkiyə hazırlıq işləri son mərhələdədir. 12 saylı Xəzər Birinci Dairə Seçki Komissiyasının sədri Mütəllim Balaqardaşov öncə qeyd etdi ki, müstəqil respublikamız artıq beynəlxalq aləmdə demokratik seçki keçirilməsinə böyük üstünlük verən və bu sahədə təcrübəsi olan ölkə kimi tanınıb. Seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi demokratik proseslərin inkişafına xüsusi önəm yetirilməsindən xəbər verir. Seçkilər müasir demokratik cəmiyyətin əsas göstəricisi, demokratiyanın bərqərar olmasının mühüm formasıdır. Hər bir müstəqil ölkədə hüquqi dövlət quruculuğunun formalaşması demokratik prinsiplərə əsaslanan seçki hüququ ilə təmin edilir.

Sədr bildirdi ki, dairədə 48 min 300 nəfəri birləşdirən 37 seçki məntəqəsində hazırlıq işləri bir neçə gün əvvəl yekunlaşıb. Ötən il dekabrın 7-də növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında imzalanan sərəncamdan sonra üzərimizə düşən vəzifələrin öhdəsindən gəlmək üçün üzvlərimizlə birgə fəal çalışırıq. Komissiya üzvləri seçki prosesində təcrübə toplamış şəxslərdir. Onlar mütəmadi olaraq seçici siyahılarının dəqiqləşdirilməsində fəallıq göstərmiş və nəticədə bu sahədə aparılan gərgin iş öz bəhrəsini vermişdir.

M.Balaqardaşov daha sonra vurğuladı ki, seçkilərin demokratik və şəffaf keçirilməsi üçün seçicilərin aktivliyi vacib şərtlərdəndir. Dairənin əhatə etdiyi məntəqələrdə seçkilər həmişə qaynar olmuş, seçicilər səsvermə günü böyük fəallıq göstərərək layiq bildikləri namizədə tam sərbəst şəkildə səs vermişlər. Əvvəlcədən maarifləndirmə işlərinə başladıq. Daha sonra treninqlər keçirdik.

Seçki məntəqəmizdə 7 veb-kamera quraşdırılıb. Dairə üzrə 2583 nəfər gənc ilk dəfə olaraq səs verəcək. Bu gənclərin ilk dəfə səsvermədə iştirakını nəzərə alaraq onlarla maarifləndirici söhbətlər aparılmışdır. Gənclər arasında seçkilərdə iştirakın təbliği, ilk dəfə iştirak edən gənclərin seçki prosesi, iştirak hüququ, seçicilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə məlumat verilmişdir.

Əminik ki, fevralın 7-də Azərbaycanın tarixinə daha bir demokratik seçki təcrübəsi əlavə olunacaq.

***

12 saylı Xəzər Birinci Dairə Seçki Komissiyasının 1 saylı seçki məntəqəsinin sədri Failə Rüstəmova bildirdi ki, növbədənkənar prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün məntəqədə hər cür şərait yaradılıb.

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan olunduqdan sonra  ilk işimiz seçici siyahılarının dəqiq tərtib edilməsi oldu. Seçki məntəqəmiz səsvermənin keçirilməsi üçün tam hazır vəziyyətə gətirilib. Fasiləsiz rabitə və elektrik enerjisi, texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub. Komissiya üzvlərinin peşəkarlığı məntəqədə seçkilərin azad və demokratik şəraitdə keçirilməsinə imkan verir. Məntəqədə seçici siyahıları, məlumat lövhələri asılıb. Seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının yerləşdirilməsi üçün də müvafiq şərait yaradılıb.

Məntəqə üzrə 1300 nəfər seçicimiz var. Seçkiyə hazırlığın vəziyyəti onu deməyə əsas verir ki, seçki günündə heç bir çətinlik yaşanmayacaq, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə edərək istədikləri namizədi seçəcəklər. Bir sözlə, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün tam hazırıq.

***

Bərdə

Qədim Bərdənin bütün yaşayış məntəqələri, eləcə də rayon mərkəzində əhalinin daha çox üz tutduğu yerlərdə seçkilərlə bağlı plakatlar və təşviqat materialları asılmışdır. 99 saylı Bərdə Seçki Dairəsinin sədri Dilsuz Nəcəfov ilə dairə-seçki komissiyasında görüşdük. Müsahibim bildirdi ki, artıq treninqlərə yekun vurulmuşdur, lakin buna baxmayaraq, hər gün seçki məntəqələrinin sədrləri ilə təlimatlandırıcı söhbətlər aparılır. Məqsəd növbədənkənar prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsini təmin etməkdir. Seçicilər 60 məntəqədə istədikləri layiqli namizədə səs verəcəklər. 58 məntəqədə 51672 nəfər, 2 ədəd qapalı məntəqədə 1024 nəfər səsvermə hüququna malik olan insan səs verəcək. İlk dəfə səs verənlərin sayı 1028 nəfər, 80-100 yaş arası 926 nəfər, 100 yaşdan yuxarı 3 nəfər seçkilərdə iştirak edəcək. Bərdə rayonu Qaraqoyunlu kənd sakini Quliyeva Surayə Kərəm qızı, Mirzəxan-Qaraqoyunlu kənd sakini Mustafayeva Tuyğun İmran qızı, Mirzalıbəyli kənd sakini Səfərova Teyyubə Həsən qızı ən yaşlı seçicilər olmaqla hər üçü 1920-ci il təvəllüdlüdür. Ahıl seçicilərin yaşadıqları ünvanlara daşınan seçki qutularının aparılması nəzərdə tutulmuşdur. Dairə Seçki Komissiyasının sədri bildirdi ki, fiziki qüsurlu insanların səsvermə otaqlarına sərbəst daxil olmaları üçün ehtiyac olan məntəqələrdə panduslar quraşdırılır. Növbədənkənar prezident seçkilərinin şəffaf və demokratik keçirilməsinin izlənməsi üçün 11 məntəqədə veb-kamera quraşdırılmışdır. MSK tərəfindən bütün məntəqələr generator, seçki qutuları, seyflər, seçki məcəllələri, təlimatlar, plakatlar, yaddaş kitabçaları və digər lazımi avadanlıqlarla tam təchiz olunmuşdur. Dairəyə seçki bülletenləri və protokolları gətirilmişdir. Seçki gününə 3 gün qalmış 4 fevral tarixində məntəqələrə paylanacaqdır.

Rayonun Yeni Daşkənd kənd orta məktəbində fəaliyyət göstərən 33 saylı seçki məntəqəsindəki vəziyyətlə tanış olduq. Məntəqə sədri Azər Vəliyev bildirdi ki, məntəqəyə veb-kamera quraşdırılmışdır. 1484 seçici öz layiqli namizədinə səs verəcəkdir. Məntəqənin ən yaşlı seçicisi 1931-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuş Xəlilova Abuzəndə Paşa qızıdır. 8 nəfər seçici müəyyən səbəblər üzündən seçki məntəqələrinə gələ bilməyəcəklər. Bu baxımdan müraciət edənlərin hər birinin yaşadığı ünvana daşınan seçki qutusu aparılacaqdır. Kəndin əhalisinin 90 faizi 1953-cü ildə Göyçə mahalının Daşkənd kəndindən deportasiya olunmuşlar. Yeni Daşkənd sakini ziyalı Emil Hacıyev ilə söhbət zamanı vurğuladı ki, bu kəndin sakinləri də digər Qərbi azərbaycanlılar kimi ermənilərin təzyiqi nəticəsində öz ata-baba yurdlarından vəhşicəsinə deportasiyaya məruz qalmışlar. 30 ildən sonra ilk dəfə olaraq işğaldan azad olunan torpaqlarımızda seçki keçirilməsi qürurverici bir haldır. Heç şübhəsiz tezliklə əbədi-əzəli torpaqlarımız, azərbaycanlılara məxsus olan Qərbi Azərbaycana qayıdışımız da baş tutacaq. Yeni Daşkənd camaatı hamı bir nəfər kimi, növbədənkənar prezident seçkilərində fəal iştirak edərək ölkəmizin xoşbəxt gələcəyinin təminatçısına səs verəcəkdir.

Mingəçevir

54 saylı Mingəçevir Seçki dairəsində də seçicilərin sərbəst, demokratik şəraitdə səs vermələri, müşahidələrin şəffaf aparılması üçün məntəqələrdə hər cür şərait yaradılmışdır. Dairənin sədri Oqtay Məmmədov bildirdi ki, seçki dairəsi üzrə 40 məntəqə fəaliyyət göstərir. Ümumiliklə məntəqələrdə 51 min 240 seçici qeydə alınmışdır. Bütün seçki məntəqələri təmir olunmuş, lazımi avadanlıqlarla, rabitə və digər texniki vasitələrlə, MSK tərəfindən göndərilən təşviqat plakatları, seçkilərin keçirilməsi üçün təlimatlarla təmin edilmişlər. Səsvermənin gedişini izləmək üçün 12 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. 330 nəfər müşahidəçi qeydə alınmışdır. Seçkiqabağı təşviqatın aparılması, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində müvafiq yerlər ayrılmışdır. Dairə seçki komissiyasının sədri onu da qeyd etdi ki, əvvəlkilərdən fərqli olaraq bu seçkilərdə həm ilk dəfə səs verənlərin, həm də yaşı 70-i keçmiş seçicilərin sayında artım vardır. Belə ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 2922 nəfər ilk dəfə səs verən, 600 nəfər 80-100 yaşında olanlar, 1 nəfər isə 101 yaşında olan Muradova Tamara Abduləziz qızı öz səsini qutuya daxil edəcəkdir. Söhbət zamanı 14 saylı məntəqənin sədri Mirzə Cavadov vurğuladı ki, Azərbaycan dövləti dünyada mövcud olan bütün demokratik ali prinsipləri rəhbər tutaraq bütün namizədlərin təşviqat aparılması və ədalətli, şəffaf, demokratik rəqabət mühitinin təmin edilməsi üçün əlverişli şərait yaradıb. İşğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla, bütün ölkə boyu keçiriləcək ilk prezident seçkiləri həm də tarixi əhəmiyyət daşıyır.

Tam əminliklə demək olar ki, Azərbaycan dövləti və xalqı fevralın 7-də Avropa və Qərbə mütəşəkkil və ədalətli seçki nümunəsi ilə özünün demokratik irsini nümayiş etdirəcək.

"Respublika".