Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib
Elm

Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib

Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva Bolqarıstanın Müqəddəs Kliment Oxridsku adına Sofiya Universitetində “Azərbaycan Dili və Mədəniyyeti Mərkəzinin 10 illiyi” münasibətilə keçirilən “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı beynəlxalq elmi konfransda iştirak edib.

"Respublika" xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Hüseynov iki ölkə arasında mədəni əlaqələrin, eləcə də ana dilimizin hərtərəfli inkişafında, dövlət dilinə çevrilməsində, diplomatiya aləminə yol açmasında, dünyanın ən mötəbər tədbirlərində eşidilməsində xüsusi xidmətləri olan elm adamlarına fəaliyyətlərində uğurlar arzulayıb.

BDU-nun dosenti Sevinc Əiyeva “Azərbaycan dilçiliyində ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsinin elmi-nəzəri prinsipləri” adlı məruzə ilə çıxış etdi. Ölkə xaricində yaşayan soydaşlarımızın üzərinə Azərbaycanın dəyərlərini tanıtmaq kimi mühüm bir missiyanın düşdüyünü vurğulayan məruzəçi qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən güclü vasitədir. 

Tədbirdə geniş məruzələrlə çıxış edən Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva, Türkologiya kafedrasinin müdiri professor İrina Sarayvanova, kafedranın dosenti Milena İyordanova və basqaları Azərbaycan dilinin zənginliyindən, onun bolqar dili ilə müqayisəli təhlilindən danışdılar.

Beynəlxalq elmi konfransda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri, professor Sevinc Əliyevanın məruzəsi də dinlənildi.