Ən böyük maneə - mina terroru
Siyasət

Ən böyük maneə - mina terroru

Gizli təhlükə ilə mübarizədə lazımi tədbirlər görülür

Ermənistanın hərbi qüvvələri tərəfindən onlarla azərbaycanlı ailə büsbütün məhv edilib, südəmər körpələr qətlə yetirilib, girov götürülən azərbaycanlılara qarşı ən ağır işgəncələr verilib, dinc insanların evləri dağıdılıb, müqəddəs yerlər, məscidlər təhqirə məruz qalıb, Qaradağlıda, Xocalıda, Başlıbeldə əsl soyqırımı törədilib.

Beynəlxalq hərbi ekspertlərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzur minalarla ən çox çirklənmiş ərazi hesab edilir. Ermənistan otuz il işğalda saxladığı torpaqları başdan-başa minalayıb. Üç ildən artıqdır ki, Azərbaycan Ermənistanın mina terroru ilə mübarizə aparır.

Təəssüf ki, burnunu hər yerə soxmağa adətkar olan Fransa, insan haqlarından danışan ABŞ Dövlət Departamenti, bəzi ermənipərəst dövlətlər, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı törətdiyi işğalı, soyqırımı, hərbi təcavüzü, mina terrorunu görməməzliyə vurur, bu barədə deyilən fikirləri eşitmək belə istəmirlər, haqqın, ədalətin qarşısında lal, kar, kor olurlar. Bütün bu ikili standartlara Azərbaycan öz qüvvəsi, diplomatiyası və ordusu ilə son qoydu, işğalçı ölkə ağır şəkildə cəzalandırıldı, əsarətdə qalan torpaqlarını azad edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Minalar yer üzündə mövcud olan ən "çirkli" silah hesab edilir. Təxmini hesablamalara görə erməni işğalçıları torpaqlarımıza bir milyondan çox mina basdırıblar, qəsdən və bilərəkdən yurd yerlərimizi ölümsaçan qurğularla zəhərləyiblər. Artıq üç ildən çoxdur ki, azad edilmiş ərazilər çox böyük fədakarlıq və peşəkarlıqla, həm də necə deyərlər, qarış-qarış irəliləməklə təhlükəli qurğulardan, partlamamış hərbi sursatlardan təmizlənir. Şanlı qələbədən sonra ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə gedən yolların təmizlənməsi, koridorların açılması və sonrakı mərhələdə isə hökumətin qarşıya qoyduğu prioritetlərə uyğun olaraq dağıdılmış, viran edilmiş iri şəhərlərin, kəndlərin partlayıcı sursatlardan təmizlənməsi əməliyyatları uğurla yerinə yetirilir. Həm sosial infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi, həm də Böyük Qayıdışdan sonra insanların öz dədə-baba yurdlarında rahat və təhlükəsiz yaşamalarını təmin etmək ən ümdə vəzifə kimi qarşıda dayanır.

Hazırda minaaxtaranlar ikinci dərəcəli yolların, su xətlərinin, kanalların, kənd təsərrüfatı təyinatlı ərazilərin minalardan təmizlənməsi işlərini də həyata keçirirlər. Qarşıya qoyulmuş tapşırıqları fədakarlıqla yerinə yetirən yerli minaaxtaran qruplarla yanaşı, qardaş Türkiyədən gəlmiş mütəxəssislər də düşmənin torpaqlarımızda törətdiyi fəlakətin aradan qaldırılması ilə məşğuldurlar. Hərbi ekspertlərin qənaətinə görə düşmən qadağan olunmuş üsullardan istifadə etməklə əraziləri çox ciddi şəkildə minalayıb. Bütün bunlara baxmayaraq, minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin Türkiyənin hərbi istehkamçıları ilə birgə fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, on gün ərzində 92 hektara qədər ərazi təmizlənib. Müdafiə Nazirliyinin məlumatına görə azad olunmuş ərazilərdə indiyə qədər mühəndis qoşunları tərəfindən 17255 mina və partlamamış döyüş sursatı aşkar olunaraq məhv edilib, 13365 hektar ərazi minalardan təmizlənib, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 635 kilometr yol çəkilib. Yaşayış məntəqələrinin, əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə "Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamında olan "MEMATT" (Mexaniki Mina Təmizləmə Təchizatı) texnikası da cəlb edilib. Həmçinin nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollar minalardan və qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrin mövqelərinə yeni təminat yolları çəkilir.

Onu da qeyd edək ki, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana qaytarmır, erməni hərbi əsirlərin azad edilməsi müqabilində verdikləri xəritələrin isə cəmi 25 faizi doğru çıxır. Ermənistanın yanlış xəritə verməkdə məqsədi o torpaqlara qayıdışı ləngitmək və insan itkilərini artırmaqdır. Mütəxəssislər hesab edirlər ki, 10 min kvadratkilometr ərazidə minaları axtarmaq və onun növünü, harada yerləşdiyini, dəqiq koordinatlarını bilmək əlbəttə, prosesi 2-3 dəfə daha erkən başa çatdırar. Həm də partlamamış hərbi sursatların təmizlənməsi də kifayət qədər zaman alacaq. Bir daha qeyd edək ki, işğaldan azad olunmuş ərazi çox böyük, minalarla və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi isə həddindən artıqdır. Göründüyü kimi, erməni terrorunun yeraltı üzü olduqca təhlükəlidir və Qarabağın mürəkkəb relyefi buranın hər kvadratmetrində minaların olması ehtimalını yaradır. Rəsmi məlumata görə, son üç il ərzində azad edilmiş ərazilərdə 109 552 mina və digər partlayıcı qalıqlar aşkarlanıb. 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə, 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində düşmən ölkənin torpaqlarımızda törətdikləri vəhşiliyi və vandallığı bir daha ifşa edərək bildirib ki, ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gündən də az davam edən antiterror tədbirləri Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç il ərzində 300-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazım olacaq. İşğal illərində ərazilərimizə yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Müsahibədə qeyd olunur ki, Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması nəzərdə tutulur. Təxminən 10 min kvadratkilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməlidir. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır.

Salman ALIOĞLU,

"Respublika".