ƏN TEZ xidməti bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb
Digər xəbərlər

ƏN TEZ xidməti bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyətə başlayıb

Ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların ədliyyə fəaliyyətinə əlçatanlığının artırılması, xidmətlərdən vahid məkandan yararlanması ilə bağlı rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Bu məqsədlə nazirlik tərəfindən əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir. Həmçinin bir müddət öncə növbəti rəqəmsal innovasiya olan və ədliyyə xidmətlərindən eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni "ƏN TEZ" (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti yaradılaraq istifadəyə verilib.

Həmin innovativ xidmət məkanı ilk olaraq respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzində əhalinin daha həssas təbəqələrinə xidmət göstərilməsi məqsədilə geniş ictimai təqdimatı keçirilməklə fəaliyyətə başlayıb və ötən dövrdə minlərlə vətəndaş "ƏN TEZ" vasitəsilə müxtəlif ədliyyə xidmətlərindən yararlana biliblər.

Dövlət xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğu doğuran belə bir innovativ yanaşmanın tətbiqinə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən "ƏN TEZ" innovativ platforması bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilib.

Həmin platforma vasitəsilə səyahət etmək arzusunda olan vətəndaşlara vaxta qənaət edərək, aeroportun binasını tərk etmədən heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla, daha sadə və sürətli şəkildə təxirə salınmayan zəruri ədliyyə xidmətlərindən yararlanmaq imkanı yaradılıb.

Onlar yetkinlik yaşına çatmayan şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin notariat qaydasında rəsmiləşdirilməsi, habelə məhkəmə qərarına əsasən borclu şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aşkar olunduğu halda borcun terminal üzərindən ödənilərək həmin məhdudiyyətin avtomatlaşdırılmış qaydada dərhal aradan qaldırılması ilə bağlı əvvəl təqdim edilmiş xidmətlərlə yanaşı, digər notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və sair xidmətlərdən faydalana biləcəklər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı.