Ərazilərimizə minalar basdıran düşmən sülh prosesini ləngidir
Siyasət

Ərazilərimizə minalar basdıran düşmən sülh prosesini ləngidir

44 günlük İkinci Qarabağ müharibəsi bitdikdən sonra  ölkə başçımız İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş ərazilərin bərpasına başlandı. Vaxtilə köçkün, didərgin vəziyyətinə salınan  vətəndaşlarımızın  doğma yurd yerlərinə qaytarılması və burada rahat yaşamaları üçün  qəsəbə və kəndlərin, şəhərlərin yenidən salınması, tarixi abidələrin, dağıdılmış infrastrukturun bərpası işləri geniş vüsət aldı. Böyük Qayıdışa start verildi. Dövlət başçısının şəxsi nəzarəti altında şəhərlərin baş planları hazırlandı və hər bir şəhərin özünəməxsusluğu, qədimliyi, tarixiliyi saxlanmaqla müasir “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasına başlanıldı. 30 il quldur, dağıdıcı, vandal ermənilərin yerlə-yeksan etdiyi əraziləri yenidən yaratmaq üçün qətiyyət, iradə, əzm göstərən Prezident İlham Əliyev Böyük Qayıdışın reallaşmasını dövlət siyasətinin prioriteti olaraq müəyyənləşdirdi.

Qurub-yaratmaq, ölkə vətəndaşlarının xoşbəxt gələcəyini təmin etmək, Azərbaycanı inkişaf etmiş müasir ölkələrdən birinə çevirmək missiyasını uğurla həyata keçirən dövlət başçımız bu istiqamətdə  genişmiqyaslı işlərin görülməsi, islahatların aparılması üçün respublikanın bütün potensialından, iqtisadi gücündən istifadə edir. Bu, cəmi iki il müddətində işğaldan azad olunmuş ərazilərdə  yerinə yetirilən böyükhəcmli işlərdə bir daha öz təsdiqini tapır. Lakin mənfur  ermənilərin 30 il müddətində zəbt etdiyi torpaqlardan qovularkən təkcə təmas xəttinə yaxın olan əraziləri deyil, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri  minalaması  bərpa–quruculuq işlərini ləngidir, irimiqyaslı layihələrin həyata keçirilməsinə maneçilik törədir. Sözsüz ki, düşmən ölkə minalanmış ərazilərin xəritəsini  versəydi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq  işlərinin  sürəti dəfələrlə artıq olardı. Bu barədə ölkə başçısı İlham Əliyev   demişdir:  “Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz, ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”.

2020-ci il noyabr ayının 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın müddəalarına əməl etməyən Ermənistan beynəlxalq hüququn normalarını pozaraq minaladığı ərazilərin xəritəsini hələ də verməyib. Bu, erməni əsarətindən azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı işlərə mane olmaqla bərabər, həm də insan itkisinə səbəb olur.  Azərbaycan xalqının əzəli düşməni olan ermənilərin  Qarabağ və ətraf rayonlarımızı 30 il işğalda saxladığı müddətdə xalqımıza məxsus dini və mədəniyyət abidələrini dağıtmaqla, şəhərlərimizi yerlə-yeksan etməklə ürəyi soyumamış,  “öz torpaqları” adlandırdığı bu ərazilərdə  bir milyondan çox mina basdırmaqla  bu günə qədər 270-ə yaxın Azərbaycan vətəndaşının mina partlayışından həlak olmasına və yaxud da yaralanmasına bais olmuşlar.

  Bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə    İkinci Qarabağ müharibəsindən dərs götürməyən, öz xislətindən əl çəkmək istəməyən düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədərək Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələrində yerləşən  bölmələrindən  Azərbaycan  Ordusunun  mövqelərini hədəfə alarkən, həmçinin təminat yollarını da minalamışdılar.

Ermənistan Gümrüdə yerləşən zavodda mina istehsalını davam etdirir və Azərbaycan ərazilərini minalamaqdan əsla əl çəkmir. Belə ki,  Ermənistan ordusunun baş qərargahının nəzdində olan bu hərbi müəssisənin aviatəmir hərbi hissəsində ABŞ-dakı diaspor təşkilatları tərəfindən alınmış avadanlıqlar quraşdırılaraq bu ölkənin istismarında olan bütün  hərbi uçuş vasitələri təmir edilir. Zavodda, həmçinin artilleriya sursatlarının, lüləli artilleriyanın,
hərbi qüvvələrin atıcı silahlarının təmiri və saxlanması üçün sexlər fəaliyyət göstərir. Silahlanma idarəsinin nəzdində olan əlahiddə təmir hərbi hissəsində isə zirehli texnikanın cəbhəyanı təmiri həyata keçirilir.

Baş Qərargahın standartlaşdırma və metrologiya şöbəsi, mühəndis döyüş sursatlarının təmir və sınaq laboratoriyası, texnikanın təmir və texniki xidmət üçün toplanış məntəqəsi də müəssisənin tərkibindədir.  Zavodda, həmçinin Azərbaycan ərazilərinin minalanmasında istifadə olunan müxtəlif təyinatlı minalar da istehsal olunur. Noyabrın 21-də  Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin minatəmizləmə işləri apararkən  Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkar etdikləri 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar da 2021-ci ildə Ermənistanda istehsal olunmuşdur.

  Qeyd edək ki,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində beynəlxalq təcrübədən   yararlanırlar. Bu sahədə əsasən Türkiyə ilə  əməkdaşlıq həyata keçirilir. Belə ki, Türkiyə həm azərbaycanlı mütəxəssislərdən ibarət  peşəkar heyətlərin hazırlanmasında, həm də özünün minatəmizləmə qruplarının, avadanlıqlarının  işğaldan azad edilmiş ərazilərimizə göndərilməsində yaxından  iştirak edir. İsrail və Pakistan da bu istiqamətdə fəallıq göstərirlər. İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesinə dəstək olan əsas ölkələrdən biri də Böyük Britaniyadır. Belə ki, Böyük Britaniya İkinci Qarabağ müharibəsindən sonra Qarabağ və ətraf ərazilərin minalardan təmizlənməsinə yönələn proqramlara dəstək vermək, həmçinin mina təhlükəsi barədə məlumatlandırma aparmaq üçün UNICEF və ANAMA-ya maliyyə yardımı  ayırmışdır.

 Bu il iyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen  Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nu imzalayarkən Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatında Aİ-nin Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olması üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdir. Xanım Ursula Fon der Lyayen,  həmçinin Avropa İttifaqının Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə minatəmizləmə işlərinin aparılmasına dəstək vermək məqsədilə  4.25 milyon avroluq yeni yardım paketi, bu sahədə vacib olan avadanlıq  və eyni zamanda təcrübəli mütəxəssis yardımı təklif etdiyini də qeyd etmişdir.

 Beləliklə, Azərbaycan dövləti  müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla həyata keçirir. Bu istiqamətdə prioritetlərdən biri isə Böyük Qayıdışın tez bir zamanda reallaşmasıdır ki, bu da  dövlətimizin xüsusi nəzarəti altında aparılır. Lakin bu gün də Qarabağda yaşayan ermənilərin Rusiya sülhməramlılarının gözü qarşısında ərazilərimizi minalaması və  bölgədə sülhün keşiyini çəkən sülhməramlıların isə  buna göz yumması yolverilməzdir. Minalar basdırmaqla hələ də müharibəni davam etdirən Ermənistan bilməlidir ki, bu, beynəlxalq hüquq normalarına ziddir və Azərbaycan dövləti bütün vətəndaşlarının,  o cümlədən azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində iştirak edən xarici ölkə vətəndaşlarının  həyatını, sağlamlığını qorumaq məqsədilə mina təhlükəsizliyi və təminat yollarının mühafizəsi üçün lazımi addımlar atmaq məcburiyyətindədir. Buna  qalib, müstəqil Azərbaycanın  siyasi iradəsi, məqsədyönlü diplomatiyası və qətiyyəti imkan verir.

Mehparə ƏLİYEVA,

“Respublika”.