Erməni vandalizmində Avropa şirkətlərinin
Siyasət

Erməni vandalizmində Avropa şirkətlərinin "ayaq izi"

Ermənistanın 30 illik işğalçılıq siyasəti dövründə Azərbaycan xalqına məxsus qədim tarixi, mədəni və dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Cinayətkar dövlətin əsas məqsədi xalqımızın minilliklər boyu yaşadığı torpaqlarda həm tarixi keçmişi, həm də mənəvi yaddaşı məhv etmək olub. Bütövlükdə, 200 il ərzində Azərbaycan xalqına qarşı davam etmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlər olub və eyni vandallıq Qərbi Azərbaycanda bu gün də davam edir.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ermənilərin törətdiyi bu qatı cinayətlər haqqında dövlətimizin başçısı İlham Əliyev beynəlxalq tribunalardan dünya ictimaiyyətinə ətraflı məlumat verib. Lakin beynəlxalq birlik, xüsusilə Qərb və Avropa dövlətləri Ermənistanın bu cinayətlərinə adekvat reaksiya vermir, erməni vandalizminə səssiz qalıblar. Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə həmin ölkələri ciddi narahat edib. Bununla yanaşı, düşmənimizin "dostu" Fransa da Ermənistan vandalizminin davamçısı kimi çıxış edir. Bu yaxınlarda Fransada Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm aktı törədilmiş, azərbaycanlı şairənin heykəli qırmızı boya ilə ləkələnmişdir. Vandalların etnosid törətmək üçün bu abidəni seçmələri heç də təsadüf deil. Evian şəhərində baş verənlər ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi vandalizmin bilavasitə davamı kimi özünü büruzə verir. Şairə, dövlət xadimi, Qarabağ xanlarının nümayəndəsi Xurşidbanu Natəvanın heykəli erməni radikal-millətçiləri arasında nifrət və qəzəb doğurur. Erməni qəsbkarları onun Şuşadakı ev-muzeyini və Ağdam şəhərindəki Qarabağ xanlarının məqbərəsini talan etmiş, Şuşada Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün bürünc büstlərini də güllələmişdilər.

Həmin abidələr işğaldan azad edilmiş Şuşaya qaytarılıb. Lakin görünən odur ki, nəinki İrəvanda, Parisdə də bəziləri Azərbaycanın qələbəsi ilə barışa bilmir.

Düşmənlərin Qarabağda törətdikləri vandalizm tarixi abidələrimizə qarşı edilən təcavüzlə yanaşı, təbii sərvətlərimizin istismarı ilə də özünü göstərib. Ermənistanın son 30 ilə yaxın müddətdə işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf mühitə bərpası mümkün olmayan külli miqdarda ziyan vurublar. İşğalın mövcud olduğu müddət ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu müəssisələrin rəhbərliyinə öz kadrlarını yerləşdirib və böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edib. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrə daşınaraq satılıb.

Əldə edilən gəlir hayların, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına sərf olunub. Təəssüf ki, özlərini demokratiya, insan hüquqları, ekologiyanın qoruyucuları kimi dünyaya car çəkən Qərb dövlətləri öz maddi maraqları naminə Qarabağda Ermənistanın işğalçılıq siyasətini və ermənilərin törətdiyi talançılıq əməllərini davam etdirməsinə göz yumub, həmin əcnəbi şirkətlər "erməni dəyirmanına su" töküblər.

Bu şirkətlər müxtəlif sahələr - mədənçilik, tikinti, ağac emalı, telekommunikasiya və digər sahələr üzrə Qarabağda Azərbaycanın icazəsi olmadan fəaliyyət göstəriblər. Daha çox Böyük Britaniya, Fransa, İran, ABŞ, Rusiya, İsveçrə, Almaniya, Hollandiya və digər ölkələrin şirkətləri işğal edilmiş ərazilərə investisiya yatıraraq Azərbaycanın sərvətlərini tam qanunsuz olaraq istismar ediblər. Təkcə işğal dövrünün son 10 ilində həmin şirkətlər tərəfindən Qarabağa 470 milyon ABŞ dolları məbləğində qanunsuz investisiya qoyulub.

Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, flora, zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloyi terror regionun ekosistemini və resurslarını məhv edib.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197,5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. Qeyd edək ki, işğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Bəsitçay və Qaragöl dövlət qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqlarında "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bitki örtüyünü məhv ediblər. İşğal olunmuş ərazilərdə qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloyi terror aktlarına da son qoydu. Hazırda Qarabağın ekologiyası bərpa olunur. Avropa şirkətlərinə qarşı istintaq-axtarış tədbirləri davam etdirilir. Artıq torpaqlarımız, tarixi abidələrimiz və təbii sərvətlərimiz əmin əllərdədir. Əzəli torpaqlarımızda tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq və bərpa etmək üçün dövlətimiz bütün addımları atır.

Aiza ŞABANOVA,

"Respublika".