Dünyanı narahat edən məsələlər ölkəmizdə müzakirə olunur
Siyasət

Dünyanı narahat edən məsələlər ölkəmizdə müzakirə olunur

Ötən həftə paytaxt Bakı daha bir önəmli tədbirə ev sahibliyi etdi. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumuna 68 ölkədən 400-dən çox qonaq qatılıb.

Hər il Azərbaycanda keçirilən Forum bu dəfə də iştirakçıların sayının çoxluğu və müzakirə olunan mövzuların əhatə dairəsinə görə fərqlənib. Tədbir çərçivəsində COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb, yeni dünya nizamına təhdid yaradan amillərə xüsusi yer verilib.

Təhlükəsizlik və sülhün təmin olunması üçün perspektivlər, parçalanmış dünyada dayanıqlılığın qurulması kimi məsələlər də Forumda diqqətdən kənarda qalmayıb. Habelə Forumda dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinin həll olunması istiqamətində və digər məsələlər müzakirə olunub.

XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti bunu bir daha vurğulayıb ki, Qlobal Bakı Forumu aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Bu mötəbər toplantı Davosda keçirilən Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir.

Artıq uzun müddətdir ki, ölkəmiz dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq mərkəzə çevrilib. XI Qlobal Bakı  Forumunda iştirak edənlərin say tərkibinə nəzər yetirdikdə respublikamızın beynəlxalq birlik tərəfindən  dəstəkləndiyini əminliklə söyləmək olar. Həmçinin burada iştirak edən ekspertlər Bakı Forumunun əhəmiyyətinin qlobal xarakter daşıdığını bildirdilər.

Siyasi şərhçi Fuad Çıraqov Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, son günlərdə ard-arda paytaxtımızda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb: "Son zamanlar Azərbaycan beynəlxalq münasibətlər sisteminin ən mühüm oyunçularından birinə çevrilmişdir. Ölkəmiz buna Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən sonra regionda yaratdığı yeni geosiyasi reallıqla, artan strateji əhəmiyyəti və daha sonra yeritdiyi fəal, çevik, milli maraqlara əsaslanan hücum diplomatiyası ilə nail olmuşdur. Dövlətimiz çevik siyasəti ilə həm regionda bəzi ölkələrin destruktiv fəaliyyətini neytrallaşdıra bilir, həm də Fransa kimi ölkələrə nəinki regionda, hətta qlobal miqyasda müxtəlif platformalarda cavab verir, rəsmi Parisin Azərbaycana qarşı mənfi təşəbbüslərini və fəaliyyətini heçə endirərək, beynəlxalq miqyasda bu ölkənin cinayətlərini ifşa edir. Prezident İlham Əliyev andiçmə mərasimində Ermənistanla münaqişənin Azərbaycan üçün artıq keçmişdə qaldığına görə daha qlobal mövzularda və dünyanı narahat edən məsələlərdə ölkəmizin fəal iştirak edəcəyini bildirmişdi. COP29 tədbiri respublikamızın beynəlxalq məsələlərdə daha fəal iştirakının təkcə bir istiqamətidir.

Ölkəmiz ən müxtəlif mövzular üzrə beynəlxalq münasibətlərin dialoq platformasına, Qərb ölkələri tərəfindən səs hüququndan məhrum edilən üçüncü dünya ölkələri adlandırılan xalqların, siyasətçilərin və intellektualların tribunasına çevrilir. Buna misal olaraq, son həftələrdə digər beynəlxalq əhəmiyyətli tədbirlərlə və görüşlərlə yanaşı, keçirilən iki tədbiri göstərmək olar: "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə"yə həsr edilmiş beynəlxalq elmi konfrans və Qlobal Bakı forumu. Bu iki tədbir, eləcə də Azərbaycanın son illərdə beynəlxalq əhəmiyyətli digər təşəbbüslər ölkəmizin ümumbəşəri dəyərlər üçün atdığı addımlara nümunədir. Qalib ölkə bu təşəbbüsləri təkcə Qoşulmama Hərəkatının sədri olduğu dövrdə vaksin milliyyətçiliyinə qarşı həyata keçirdiyi beynəlxalq təşəbbüslərlə deyil, digər mövzularda da bəşəriyyəti narahat edən məsələlərə qoyduğu prinsipial mövqe ilə də ortaya qoymuşdur".

Musa BAĞIRLI,

"Respublika".