Siyasət

"Erməni xəstəliyi"nə yoluxan Qərbin regional "3 meymun" siyasəti

Hindistan və Fransa Ermənistanın müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib. Bu fikri müdafiə naziri Suren Papikyan ölkəsinin İctimai televiziyasına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycanın malik olduğu silahlardan heç də geri qalmayan yüksək texnologiyalı texnikalar almaq ümidi ilə bir çox ölkələrin qapısını döyüb. Erməni nazir qeyd edib ki, dövlətləri silah tədarükü sahəsində ciddi uğur qazanıb: "Bu prosesdə bizə Fransa və Hindistan dəstək oldu. Həmin ölkələr 2023-cü ildə Ermənistana lazım olan silahları göndərdi. İndi növbə digər tərəfdaşlarımızdadır".

İrəvan rəsmiləri sözügedən müttəfiqlərindən aldıqları hərbi yardımları uğur kimi qələmə verirlər. Amma burada bir məqama diqqət çəkmək lazımdır. Belə ki, Yeni Dehlinin hərbi arsenalı texnoloji cəhətdən Rusiya, Qərb və Çindən geri qalır. Yəni hələlik Hindistanın ambisiyaları onun real imkanlarından yüksəkdir. Ermənistana verilən Fransa istehsalı "Milan" tank əleyhinə sistemləri də yeni nəsil hesab etmək olmaz. Bu komplekslərin artıq 50 yaşı var və müasir modellərlə rəqabət aparmaq iqtidarında deyil. Buradan aydın olur ki, Suren Papikyanın son açıqlaması Ermənistan rəhbərliyinin Rusiyadan uzaqlaşmaq, o cümlədən alternativ silah tədarükçülərinin axtarışını davam etdirmək cəhdidir.

Amma istənilən halda İrəvan regionu hərbiləşdirməklə revanşizm meyillərini gücləndirir. Bu məsələdə də Paşinyan hökumətinin ən böyük dəstəkçisi məhz Yelisey Sarayıdır. Rəsmi Paris Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaq üçün siyasi, iqtisadi və diplomatik sahədə bütün imkanlarını səfərbər edir. Bunlarla kifayətlənməyən Makron Administrasiyası Avropa İttifaqının Ermənistandakı missiyasının sayını gündən-günə artırır. Bir il əvvəl 5-10 nəfər olan "müşahidəçi missiya" hazırda 500 nəfər təşkil edir. Üstəlik, son aylar təmas xəttində nisbi sakitlik olmasına baxmayaraq, fransız generallar tez-tez şərti sərhədə gəlir və baş verənləri yaxından izləyirlər. Nümunə kimi fevralın 2-də Fransa Milli Jandarmeriyasının briqada generalı Uilyam De Meyerin Avropa İttifaqının Ermənistandakı mülki missiyasının yerləşdiyi əraziyə baş çəkməsini və sərhəddəki vəziyyətlə tanış olmasını göstərə bilərik. Amma bu məqama toxunmuşkən xüsusilə vurğulamaq lazımdır ki, Meyer sadə bir hərbçi deyil. O, Fransa Xarici İşlər Nazirliyinin Təhlükəsizlik və Müdafiə Sahəsində Əməkdaşlıq üzrə İdarəsinin direktor müavinidir. 1 mart 2023-cü il tarixindən etibarən isə Meyer Fransanın Xarici Missiyalar üzrə Jandarma Komandanlığının yeni rəhbəri təyin edilib. Aydın faktlar olan yerdə əlavə şərhə ehtiyac yoxdur. Görünən odur ki, Parisin lokal hərbi kontingenti Ermənistana yerləşdirilib və bu ölkəni Azərbaycana qarşı yeni müharibəyə təşviq edir. Yerdən və orbitdən ordumuzun hərəkəti izlənilir, bu barədə Ermənistana davamlı məlumat ötürülür. Buradan anlaşılır ki, onilliklər ərzində Afrikada, yaxın Şərqdə ayrı-ayrı ölkələri nəzarəti altında saxlayan, onların sərvətlərini talayan Fransa özünün kolonialist siyasətini indi Cənubi Qafqaza daşımaq və regionda hərbi tarazlığa Ermənistanın xeyrinə təsir göstərməyə çalışır. Bu məqsədlə də öz çirkin oyununa Avropa İttifaqının digər ölkələrini cəlb edir. Çexiya vətəndaşının minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olması “qoca qitə”nin yeni agentura şəbəkəsinin fəaliyyətə başladığını deməyə əsas verir.

Amma Qərb Ermənistanı müharibəyə hazırlaşdırmasına baxmayaraq, bu məsələdə Azərbaycanı günahlandırır. Xatırlatmaq lazımdır ki, cəmi bir neçə gün öncə Birləşmiş Ştatların Ermənistandakı səfirliyi diplomatik nümayəndəliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırmışdı. Qurumun açıqlamasında sərhədində təhlükənin yüksək olması səbəbindən Zəngəzur, Göyçə bölgələri, Basarkeçər və Gorusun şərqi, Qafanın cənubu, eləcə də Arazdəyənə səyahətin qadağan edildiyi bildirilmişdi. Ümumiyyətlə, Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra başda Ağ Ev və Yelisey Sarayı olmaqla ermənipərəst qüvvələr Bakının guya Ermənistanın ərazi bütövlüyünə qarşı planlar qurduğu və Zəngəzur dəhlizini güc yolu ilə açacağı barədə məlumat tirajlayırlar. Lakin ölkəmiz dəfələrlə bəyan edib ki, heç bir dövlətin ərazisinə müdaxilə planı gündəmdə deyil. Rəsmi Bakı bu yanaşmasını regionun sülh gündəliyini rəhbər tutması ilə də sübut edir. Bununla belə görünən odur ki, başda Makron hökuməti olmaqla, kollektiv Qərb Cənubi Qafqazdakı reallıqlara qarşı "3 meymun" siyasəti yürüdür, lal-kar-kor oyununu davam etdirir. Buna paralel olaraq da Paşinyan hökuməti üzərindən pressinq (təzyiq) formalaşdırır ki, öz məqsədlərinə çata bilsin. Amma İrəvan rəhbərliyi anlamalıdır ki, istənilən revanşizm cəhdi Ermənistanın intiharı deməkdir.

Jalə QASIMZADƏ,

"Respublika".