ERMƏNİ YALANININ NÖVBƏTİ İFŞASI
Siyasət

ERMƏNİ YALANININ NÖVBƏTİ İFŞASI

Diplomatiyamızın möhtəşəm uğuru beynəlxalq politoloqların diqqət mərkəzində

BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın irəli sürdüyü arqumentlərin yalanlar üzərində qurulduğuna şahidlik etdi. Laçın yolu ilə bağlı TŞ-nin iclasının yekunları haqqında danışan rusiyalı politoloq, "Voyennoye obozreniye" jurnalının baş redaktoru İqor KorotÇenko bu mövzu ilə əlaqədar açıqlamasında bildirmişdir ki, İrəvanın təşəbbüsü ilə BMT-nin Təhlükəsizlik Şurasının çağırılmış iclasında erməni tərəfi Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində baş verən məlum hadisələrlə bağlı mövzudan özü üçün maksimum dividendlər qazanmağa, Azərbaycanı pisləyən nə isə bir "qətnamə" əldə etməyə çalışırdı. İ.Korotçenko daha sonra demişdir: “Lakin bütün bu istəklər, gözləntilər, planlar biabırçı şəkildə iflasa uğradı. Mahiyyət etibarilə baş tutmuş tədbirdə Ermənistanın və beynəlxalq erməni diasporunun maraqlarının lobbiçiliyini edən ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışını müşahidə etdiyimizə baxmayaraq, rəsmi İrəvan heç bir real nəticə əldə edə bilməmişdir. Faktiki olaraq Ermənistanın Xarici İşlər Nazirliyi özü-özünü “şallaqladı”. Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin istifadə etdiyi arqumentlər, o cümlədən parlaq diplomatik gediş - Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin şənləndiyini, toy və digər ziyafətlər keçdirdiyini, restoranlarda əyləndiklərini sübut edən fotoların nümayişi Ermənistan XİN-in mövqeyi üçün öldürücü oldu. Və, heç şübhəsiz, bu həlledici iclasın bütün iştirakçıları ermənilərin təqdim etdiyi arqumentlərin və yanaşmanın məhz yalan, iftira və böhtana söykəndiyini bir daha öz gözləri ilə görüb əmin ola bildilər. Ümumilikdə götürsək, bu, əlbəttə ki, sağlam düşüncənin, Azərbaycan diplomatiyasının möhtəşəm qələbəsidir.

Mən Rusiya nümayəndəsinin çıxışı üzərində xüsusilə dayanmaq istərdim. O, Azərbaycanın ərazi bütövlüyü, bütün danışıqların hər hansı bədnam beynəlxalq mexanizmi olmadan aparılmasının vacibliyi, və, ən nəhayət, Qarabağda yaşayan ermənilərin Bakının rəsmi nümayəndələri ilə birbaşa təmasda olması, danışıqlar aparması prinsipinə, Azərbaycanın hüquqi məkanına reinteqrasiya etmələrinə tərəfdar olduğunu bildirmişdir. Hadisələr, əlbəttə, son dərəcə sürətlə inkişaf edir, biz hamımız bu hadisələri diqqətlə izləyirik. Həmçinin beynəlxalq birliyin, beynəlxalq erməni diasporunun sözəbaxan manipulyator rolunu oynamaqdan, beynəlxalq erməniliyin aləti olmaqdan imtina etmiş və mövcud vəziyyəti sağlam düşüncəni rəhbər tutaraq qiymətləndirmiş BMT-nin Təhlükəsizlik Şurasının belə bir sağlam yanaşmasını böyük məmnuniyyətlə qeyd edirik. Yekun nəticədə həmin yanaşma Cənubi Qafqazda möhkəm və dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olmasına xidmət edəcəkdir”.