Ermənistan oriyentirini itirib
Siyasət

Ermənistan oriyentirini itirib

Son dövrlər regionda baş verən hadisələr, eləcə də Ermənistanın bir-birinə zidd mövqeyi Paşinyan hakimiyyətinin yönünü itirdiyini göstərir. Belə ki, Ermənistanın baş naziri Rusiya və Qərb arasında seçim etməkdə çətinlik çəkir. Daha doğrusu, Paşinyan hansı ölkədən öz maraqları naminə istifadə edəcəyini bilmir. Hətta qərb qonşumuz əlavə üçüncü tərəf də axtarır. Amma Paşinyan hakimiyyətinin bu cür "çıxış yolları" ona və dövlətinə baha başa gələ, belə "gəl-getlər" parçalanma ilə nəticələnə bilər.

Beynəlxalq siyasi müstəvidə Qərb hələ də Ermənistan üzərində ağalığını qoruyub saxlamaqdadır. SSRİ dağıldıqdan sonra Rusiyanın qərb qonşumuz üzərindəki ağalığı da məlum idi. Hər iki tərəf Ermənistandan öz maraqları üçün istifadə edirlər. Hayastana gəldikdə isə onun mövcudluğu və müstəqillik tarixi, işğalçılıq fəaliyyəti hər kəsə məlumdur. Bununla bağlı yetərincə tarixi faktlar, sənədlər də mövcuddur. Bütün bunların fonunda Ermənistanın tez-tez "ağalarını" dəyişməsi səbəbsiz deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan Ermənistanın İctimai televiziyasına müsahibəsində İrəvanın Avropa İttifaqı və Rusiya ilə əlaqələri barədə danışmışdı. Baş nazir rəsmi Moskvanın "Ermənistan vektoru dəyişib, Qərbə yönəlib" fikrinə, "heç nə dəyişməyib, Avropa İttifaqı ilə əhatəli və genişlənmiş tərəfdaşlıq haqqında razılaşma 2018-ci ilədək imzalanaraq ratifikasiya olunub. Xatırladaq ki, sözügedən razılaşma Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın dövründə əldə olunub", - deyə cavab vermişdi. Buradan Paşinyanın bir daha öz günahlarını keçmiş Ermənistan hakimiyyətinin üzərinə yıxmağa çalışdığının şahidi oluruq. Ancaq son dövrlərdə müşahidə edilən hadisələr Paşinyanın bu açıqlamasının mövcud gerçəkliyi əks etdirmədiyini göstərir.

Bu yaxınlarda Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası baş tutdu. Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı tədbirdə iştirakdan Paşinyan imtina etdi. Paşinyanın Müstəqil Dövlətlər Birliyinin (MDB) Zirvə görüşündə iştirakdan imtina etməsi onun qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoydu. Vəziyyətin əsli isə heç də gizli deyil. Şübhəsiz, Ermənistanın baş naziri bu addımı öz havadarlarının təkidi ilə atıb. Maraqlıdır, necə olur ki, Paşinyan 6 saatlıq yolu qət edərək Qranada görüşünə gedir, lakin 2-3 saatlıq yolu olan Bişkekə getməkdən imtina edir? Çünki Qranada görüşündə Hayastanın havadarları, Fransa və Almaniya da iştirak edirdi. Fransanın ermənipərəst mövqeyi hamıya yaxşı məlumdur. Nikol ümid edirdi ki, havadarlarının iştirakı ilə keçirilən görüşdə nəyəsə nail olacaq, lakin onun bu planları da fiaskoya uğradı. Azərbaycan Qranada görüşündən imtina etməklə bir daha öz mövqeyini bildirdi. Qərbə yönəldiyini açıq şəkildə büruzə verən Paşinyanın Bişkekdə Rusiya ilə görüşdən imtina etməsi isə onun rəsmi Moskva ilə "siçan-pişik" oynadığından xəbər verir. Halbuki Rəsmi İrəvanın mövcud şəraitdə Rusiya və başqa dövlətlərin liderləri ilə görüşü onun üçün sərfəli fürsət yarada bilərdi. Amma Paşinyanın yaranan vəziyyətdən istifadə etməməsi onun yönünün həqiqətən də dəyişdiyini göstərir. Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB XİN başçılarının görüşündə iştirak edə bilməyəcəyini bəyan etmişdi.

Xatırladaq ki, Ermənistan prezidenti Vaaqn Xaçatryan sentyabrın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəni geri çağırdı. Bundan bir gün sonra isə rəsmi İrəvan ABŞ ilə birgə hərbi təlimlər keçirəcəyini bildirdi. Ümumiyyətlə, Paşinyan hakimiyyəti bu ilin mayında KTMT-dəki üzvlüyünü dondura biləcəyini açıqlamışdı. Yaxın günlərdə isə Ermənistan parlamentin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etdi. Paşinyan parlamentin müzakirələrindən əvvəl sözügedən sənədin qəti olaraq qəbul ediləcəyini bildirmişdi. Sənədin təsdiqlənməsi isə Ermənistanın birbaşa Rusiya Prezidenti Vladimir Putinə qarşı olduğunu göstərir. Nikol Paşinyan və komandasının qərbə doğru dəyişməsi Rusiyada da narazılıqlara gətirib çıxarıb. Ona görə də Paşinyanın Rusiyadan uzaqlaşmaq niyyətini gizlətməyə çalışması əbəsdir.

Nəzrin ELDARQIZI,

"Respublika".