Ermənistan regionda sülhü təhdid edir
Siyasət

Ermənistan regionda sülhü təhdid edir

Sülhün, əmin-amanlığın tərəfdarı kimi tanınan müstəqil Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət dünyanın bir çox dövlətləri tərəfindən təqdir olunur.

Beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarı və fəal icraçısı olan ölkəmiz ikitərəfli və çoxtərəfli əməkdaşlığa böyük önəm verməklə təkcə regionda deyil, bütün dünyada sabitliyin, təhlükəsizliyin bərqərar olmasına ciddi səy göstərir. 30 il torpaqlarını işğal altında saxlayan, vətəndaşlarını soyqırımı, deportasiyaya məruz qoyan Ermənistana sülh təklifi humanist ideyalara sadiqliyin, sülhpərvərliyin göstəricisidir.

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan düşmən ölkənin torpaqlarımıza qarşı uzun illər həyata keçirdiyi işğalçılıq siyasətinə son qoydu. Qalib tərəf olmasına rəğmən regionda sabitlik, təhlükəsizlik naminə köhnə səhifələri bağlamağa, mehriban qonşuluq şəraitində yaşamağa hazır olduğunu bildirdi. Lakin çirkin niyyətindən əl çəkməyən Ermənistan müharibədən xeyli vaxt keçsə də, imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçırır, təxribatlarına, terrorçuluq fəaliyyətinə, regionda təhlükəsizlik və əməkdaşlığa xələl gətirməkdə davam edirdi. Belə olan təqdirdə 30 illik işğala cəmi 44 gündə son qoyan müstəqil dövlətimiz Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla Qarabağ və ətraf rayonlarda qeyri-qanuni yerləşən xuntaçılara canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını aldı. Azərbaycan dövləti ötən il sentyabr ayının 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində isə qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah edilməsi, qondarma rejimin özünü buraxması ilə bütün ərazilərində suverenliyini bərpa etdi. Cəmi 23 saat ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda separatizmin, xəbis niyyətlərin, erməni məkrinin kökü kəsildi. Bundan sonra dövlətimizin haqq işinə, ədalətin bərpasına yönələn siyasətinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmizin əleyhinə qarayaxma kampaniyasına başladılar. İşğalçını deyil, öz ərazilərində əks-hücum əməliyyatı keçirərək tarixi torpaqlarını əsarətdən azad edən ölkəni ittiham etdilər. Ermənistan və onun arxasında dayanan güclər müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı təzyiqlər göstərdilər, "Azərbaycan ərazilərində yaşayan etnik ermənilərin təhlükəsizliyinə beynəlxalq təminat", "humanitar böhran" , "Ermənistanın müdafiəyə ehtiyacı var" kimi əsası olmayan iddialar irəli sürdülər. Lakin heç bir təzyiq, diktə, hədə-qorxu müstəqil, düşünülmüş siyasət yürüdən dövlətimizi öz yolundan döndərə bilmədi. Cənubi Qafqazın lider dövləti ötən il sentyabrın 19-20-də ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi.

Bütün bunlardan nəticə çıxarmayan rəs

mi İrəvan müstəqil qərar verə bilməmək ənənəsinə sadiq qalaraq asılı olduğu ölkələrin göstərişi ilə Cənubi Qafqazı münaqişələr mərkəzinə çevirməyə çalışır. Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronla görüşündə Bakı ilə İrəvan arasında sülh prosesi ilə bağlı müzakirələr aparması haqqında dedikləri bunu bir daha təsdiq edir. Həmçinin aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcəyi də qərara alınıb. Sözsüz ki, belə birtərəfli görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh prosesinin irəliləməsinə deyil, əksinə yeni münaqişə ocaqlarının alovlandırılmasına xidmət edir. "Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması" adı altında regiondan kənar güclərin iştirakı ilə müzakirələrin aparılması bölgədə sülhü təhdid etməyə, sabitliyin, əmin-amanlığın bərqərar olmasına imkan verməməyə yönəlib. Rəsmi Bakının razılığı olmadan Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi ölkəmizin həyata keçirdiyi siyasətə, dövlətimizin maraqlarına tamamilə ziddir. Çünki dövlət başçımız dəfələrlə mötəbər kürsülərdən bəyan edib ki, Azərbaycan öz müqəddəratını özü həll edir, onun daxili işlərinə heç bir qüvvə qarışa və müdaxilə edə bilməz. Bu mənada, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə olunması, kontekstində Zəngəzur dəhlizinin açılması iki ölkə arasında həll oluna bilən məsələdir. Lakin Qərb bloku Cənubi Qafqazda süni şəkildə qarşıdurma yaratmaqla regiona genişmiqyaslı hərbi müdaxilə etmək üçün Ermənistan kartından istifadə edir. Bu addımlar Avropa İttifaqı missiyasının Ermənistana yerləşdirilməsi ilə atılıb və onun sıralarının gündən-günə genişləndirilməsi ilə davam etdirilir.

Müstəqil siyasət yürüdə bilmədiyindən dalan ölkəyə çevrilən, xalqını səfalətə məhkum edən Ermənistan hakimiyyəti Qərbin forpostuna çevrilib. Lakin hələ də qəflət yuxusunda olan bu ölkənin rəhbərləri anlamır ki, regionu müharibələr, münaqişələr meydanına çevirmək istəyirlər. Ötən il Azərbaycan ordusu bölmələrinin uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra sentyabrın 20-də xalqa müraciət edən Prezident İlham Əliyev bu barədə demişdir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın".

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, regionda təhlükəsizliyin, əmin-amanlığın bərqərar olması üçün əlverişli şərait yaranıb. Lakin keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını öhdəsinə götürsə də, 30 il ərzində bu istiqamətdə heç bir müsbət addım atmayan dövlətlər bu gün Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmağa cəhd edirlər. Aprelin 5-də Aİ, ABŞ və Ermənistan arasında "təhlükəsizliklə" bağlı görüşün planlaşdırılması da Qərbin Azərbaycana yönəlmiş ikili siyasətinin təzahürüdür və iki ölkə arasında sülhün əldə olunması üçün yaxşı heç nə vəd etmir. Qərbin siyasi oyuncağına çevrilən, onun "əmrinə müntəzir olan" Ermənistan hakimiyyətinin bu yanlış siyasəti isə regionda sülhü təhdid edir.

Mehparə ƏLİYEVA,

"Respublika".