Ermənistan sülh danışıqlarını uzatmaq üçün siyasi manevrlər edir
Digər xəbərlər

Ermənistan sülh danışıqlarını uzatmaq üçün siyasi manevrlər edir

İkinci Qarabağ müharibəsinin bitməsindən 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də məğlubiyyəti ilə barışmır, qalib Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları qəbul etmir. Regionda sülhün, təhlükəsizliyin bərqərar olması naminə düşməninə sülh təklif edən Azərbaycandan fərqli olaraq qarşıdurmalar, gərginliklər yaratmaqda davam edir, düşmənçilik mövqeyindən əl çəkmir. 2018-ci ildə "məxməri inqilab" adlanan geniş etirazlardan sonra hakimiyyətə gələn keçmiş jurnalist və fəal Nikol Paşinyan baş nazir seçilərkən siyasi və iqtisadi islahatlara ümid yaratsa da, Ermənistanda iqtisadi tərəqqi və həyat səviyyəsinin yaxşılaşdırılması, birlik və sabitliyin təmin olunması əvəzinə, ölkə daxilində parçalanmalar daha da gücləndi ki, bu da siyasi iğtişaşlara və gərginliyə gətirib çıxardı.

Müxalif qüvvələr düzgün xarici siyasət aparmayan, ölkə üçün əlverişli şərtləri təmin etməyən baş naziri strateji uzaqgörənliyi olmayan, siyasətdə zəif bir xəyanətkar adlandırır, Paşinyanın qərar qəbul etmək, Ermənistanın milli maraqlarını qorumaq üçün danışıqlar aparmaq bacarığının olmadığını bildirirlər.

Sözsüz ki, Ermənistan lideri xalqının müqəddəratını az da olsa düşünsəydi, öz kreslosunda möhkəmlənməyin deyil, xalqın rifahının yaxşılaşması, münaqişələrə son qoyulmasının mümkün yollarını tapar və bunu həyata keçirməyə səy göstərərdi. Azərbaycanın sülh təklifini sözdə qəbul etsə də, hələ də kağız üzərinə köçürməyən Paşinyanın qeyri-konstruktiv mövqeyi regionda sülhün bərqərar olmasına imkan vermir və bu da hər şeydən əvvəl öz ölkəsinə və xalqına zərbə vurur.

Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində müxbirin "cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar?", - sualına ölkə başçımız: "Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar… Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır", - deyə cavab vermişdir.

Azərbaycanın bölgədə sülhün təmin olunması, münaqişəyə son qoyulması istiqamətində mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Ermənistanın da siyasi manevrlərindən, manipulyasiyalarından bütün dünya xəbərdardır. Ermənistanın baş naziri gah Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanıyır, gah da sülh müqaviləsinin imzalanması prosesini gecikdirmək üçün bütün yollara əl atır. Bugünədək beynəlxalq vasitəçilərin - Avropa İttifaqı, ABŞ və Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərdə Azərbaycan sülh tərəfdarı olduğunu qətiyyətlə bildirib və sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev sülhün, təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verib. Lakin Ermənistan lideri hər zaman olduğu kimi, verdiyi sözə əməl etmir və müsahibələrində də öz mövqesizliyini açıq şəkildə göstərir.

Ermənistanın baş naziri iyul ayının 21-də Fransanın AFP xəbər agentliyinə müsahibəsində "nə qədər ki, sülh müqaviləsi imzalanmayıb və belə bir müqavilə iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməyib, əlbəttə ki, yeni müharibə ehtimalı böyükdür", - deyə bildirib. Rusiyanın Qarabağın "blokadasını" aradan qaldırmaq üçün Bakıya təzyiqləri artırmalı olduğunu vurğulayıb. O, sülh danışıqlarında irəliləyişə nail olunmamasına "Azərbaycanın davam edən aqressiv ritorikasının, ermənilərə qarşı nifrətin" mane olduğunu bildirib, həmçinin Bakını etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib.

Bu yaxınlarda baş verən Brüssel görüşündə danışıqlar zamanı İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısa da, Xankəndidə yaşayan etnik ermənilərin hüquqlarını və təhlükəsizliyini qorumaq üçün dialoqun beynəlxalq birliyin şahidi olacağı beynəlxalq mexanizm kontekstində aparılmasını tələb edir. Dövlət başçımız isə rəsmən bəyan edib ki, Azərbaycandakı erməni azlığının hüquqları və təhlükəsizliyi ölkəmizin Konstitusiyası əsasında lazımınca qorunacaq, Qarabağ bölgəsində yaşayan ermənilər hər hansı digər Azərbaycan vətəndaşı qədər bərabər hüquq və təhlükəsizlik zəmanətinə malik olacaqlar. Bu, müstəqil siyasət yürüdən Azərbaycanın daxili işidir və heç bir ölkə, təşkilat, heç bir güc buna qarışa bilməyəcək.

Nikol Paşinyan Fransanın "Le Monde" qəzetinə müsahibəsində bölgədə vəziyyətə dair növbəti dəfə heç bir əsası olmayan fikirlər səsləndirib. Baş nazirin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi "demokratik yolla seçilmiş hakimiyyət" adlandırması, bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb etməsi, Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadədən imtina etməsi və "blokada" barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir və onun Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına dair bəyanatını təkzib edir.

İyulun 22-də Nikol Paşinyan "Frans Press" agentliyinə geniş müsahibəsində bildirib ki, fikrimcə, danışıqların gedişatına mane olan ən mühüm məsələ Azərbaycanın davam edən aqressiv ritorikası, ermənilərə qarşı nifrət dolu çıxışları və təbii ki, Qarabağ ermənilərinə münasibətdə qisasçılıq, etnik təmizləmə siyasətidir. Paşinyan bu müsahibəsində də müharibə olması ehtimalını vurğulayıb: "...Və ümumiyyətlə, planetin hər hansı bir yerində, müqavilə ilə həll edilməmiş, heç bir yerdə həll edilməmiş münaqişə vəziyyətində, müharibə başlaya bilər. Bunu bilməliyik. Müxtəlif ehtimal miqyası var, lakin biz bunu bir qayda olaraq qəbul etməliyik... Və əlbəttə ki, yeni eskalasiyalar, yeni müharibələr hər zaman mümkündür, bu, o demək deyil ki, baş verəcək, lakin bu, olmayacaq da demək deyil. Yeri gəlmişkən, Ermənistanla Azərbaycan sərhədində hər gün, sözün əsl mənasında, atəşkəs rejiminin pozulması halları baş verir".

İyulun 31-də Ermənistanın baş naziri Euronews telekanalına müsahibəsində də humanitar böhran, əsir və saxlanılan şəxslərin qaytarılması, həmçinin beynəlxalq mexanizm çərçivəsində Xankəndi-Bakı dialoqunun zəruriliyindən danışıb. Baş nazir Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanmasına toxunaraq qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 6-cı bəndində müəyyən edilmiş rejim bərpa edilməlidir.

Bəli, Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir və Ermənistan baş nazirinin nəzərdə tutduğu 6-cı bənddə qeyd olunur ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Laçın yolunun isə hər zaman humanitar məqsədlər üçün açıq olduğu, sadəcə separatçıların, təxribatçıların, silah-sursat daşıyanların, qaçaqmalçılıqla məşğul olanların üzünə bağlandığı artıq bütün dünyaya məlumdur.

Bütün bunlar göstərir ki, Ermənistan sülh müqaviləsi imzalayıb, Cənubi Qafqazda real sülh yaratmaq, bütün kommunikasiyaları açmaq və bununla da regiona əmin-amanlıq, təhlükəsizlik gətirmək əvəzinə müharibə, münaqişə olmasına daha çox üstünlük verir. Sülh danışıqlarını uzatmaq, sülh sazişini imzalamamaq üçün yenidən siyasi manevr edir. Müsbət bir dinamika ortaya çıxan kimi təxribat planlarını işə salmaq isə artıq qarşı tərəfin illərdir davam etdirdiyi ənənədir.

Mehparə ƏLİYEVA,

"Respublika".