Ermənistan sülhdən boyun qaçırır
Siyasət

Ermənistan sülhdən boyun qaçırır

İkinci Qarabağ savaşında qazandığımız qələbə nəinki düşmənə, hətta bütün dünyaya dövlətimizin gücünü bir daha göstərdi. Ermənistanın 30 il müddətində törətdiyi vəhşiliklərə, terror aktlarına baxmayaraq, dövlətimiz yenə də humanizm örnəyi nümayiş etdirməklə barış tərəfdarı olduğunu təsdiqlədi.

Azərbaycan artıq üç ilə yaxındır ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində sülh təşəbbüsləri ilə çıxış edir. Bir məqamı da qeyd edək ki, ölkəmiz bu təklifin uzun müddət masa üzərində qalmayacağını da ilk gündən bəyan etmişdi. Sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün müxtəlif formatlarda görüşlər keçirilsə də, Ermənistanın barışığa meyil etmədiyi daim bəlli olub. Moskva, Soçi, Brüssel, Praqa, Vaşinqton, Kişineu görüşlərinə nəzər yetirsək görərik ki, Ermənistanın məqsədi danışıqlar prosesinə mane olmaq, hərbi təxribatlara əl atmaqla Azərbaycanın fikrini yayındırmaqdır.

Əslində bütün bunlar düşmənin 30 illik işğal dövrünü təkrarlamaqda maraqlı olduğundan xəbər verir. Yaxşı olar ki, qərb qonşumuz bu gün Azərbaycanın qalib tərəf kimi yaratdığı reallıqları nəzərə alsın. Çünki həmin reallıqların məntiqi nəticələri ölkəmizə göstərilən beynəlxalq dəstəkdə xarakterizə olunur. Bu baxımdan, Ermənistan sülh müqaviləsinə maraqlı olmalıdır. Lakin son zamanlarda düşmənin sərhəd bölgələrində törətdiyi təxribatlar, atəşkəsin pozulması cəhdləri Ermənistanın heç də xain xislətindən əl çəkmək niyyətində olmadığını göstərir. Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğunu iddia etsə də, Ermənistan prosesi uzatmaqla guya Azərbaycana qarşı hərbi gücünü artırmaq məqsədi güdür. Həmçinin, ABŞ kəşfiyyatı da (Mərkəzi Kəşfiyyat İdarəsi) Azərbaycan və Ermənistan arasında yeni hərbi qarşıdurmanın yarana biləcəyini proqnozlaşdırır. Çünki ABŞ da Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan boyun qaçırdığının fərqindədir. Ermənistan Baş nazirinin sülh çağırışları etməsinə baxmayaraq, əsl hədəfi "hərbi üstünlüyə" nail olmaqdır. Şübhəsiz, bu baş tutmayacaq. Düşmən nəzərə almalıdır ki, ölkəmizin səbir kasası daşmaq üzrədir və sülh istiqamətində baş tutan görüşlərin hər birində Ermənistan çıxış yolu olmadığı reallığı ilə üzləşir. Bu il iyulun 15-də Brüsseldə keçirilən növbəti görüş bunu bir daha təsdiqlədi. Üçtərəfli danışıqlar zamanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi növbəti dəfə müzakirə edilib. Görüş çərçivəsində, həmçinin sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı fikir mübadiləsi aparılıb. Əlavə olaraq, danışıqlar zamanı Qərbi azərbaycanlıların yurd yerlərinə geri qayıtma məsələsi də diqqət mərkəzində olub. Görüş çərçivəsində Laçın yolundakı qaçaqmalçılıq faktları müzakirə edilib. Prezident İlham Əliyev Ermənistanın Laçın yolu ilə humanitar yük adı altında silah daşıdığını diqqətə çatdırıb. Görüş, bir daha Azərbaycanın danışıqlar masasındakı üstünlüyünü dünyaya sübut etdi. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki zəfərimizdən sonra liderlərin Brüsseldə beş dəfə görüşü baş tutub. İyulun 15-də keçirilən növbəti 6-cı görüşdə Azərbaycanın şərtləri keçərli olub, dövlətimizin mövqeyi bir daha dəstəklənib. Növbəti məsələ isə danışıqlar masasında razılaşdırılmış məqamların kağız üzərində imzalarla təsdiq edilməsidir. Bunun üçün Ermənistanın konstruktiv mövqe sərgiləməsi vacib şərtdir.

Nəzrin ELDARQIZI,

"Respublika".