Ermənistan – supergüclərin qarşıdurma meydanı
Siyasət

Ermənistan – supergüclərin qarşıdurma meydanı

Ermənistanın son otuz beş illik siyasətində torpaqlarımızın işğalı, Qərbi Azərbaycanda, Qarabağ və Şərqi Zəngəzurda apardıqları etnik təmizləmə, Xocalıda, Qaradağlıda, Meşəlidə, Ağdabanda, Başlıbeldə törətdikləri soyqırımı, qəsbkarlıq, terror, hərbi cinayətlər, bir sözlə, düşmənçilik, aqressiya xüsusi yer tutub. Azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törətdikləri cinayətləri gizlətmək, danmaq üçün erməni yalan və böhtandan, eybəcər və kirli niyyətlərindən istifadə edərək özlərinə dünyada "məzlum", "yazıq", "aciz" yarlığı yapışdırır, qonşuluğu və birgəyaşayışı rədd edərək yer üzündə ən qədim "xalq" olduqları haqqında özlərindən başqa heç kəsin inanmadığı nağıllar, hekayələr, miflər uydururlar.

Sağalmaz dərdə düçar olan erməni cəmiyyəti sağlam və ədalətli fikirlərdən uzaq düşüb, gözləri "miatsum" pərdəsi ilə bağlanıb, ermənilərdə müştəbehlik, sərsəmlik çox dərinə işləyib, onlar danışıqlar masasında heç zaman səmimi olmayıb, dildə bir söz desələr də əməldə onu inkar ediblər. İkinci Qarabağ müharibəsində məğlub edilən, sındırılan, yerdən-yerə vurulan, ordusu çıxdaş edilən Ermənistan hakimiyyəti döyüşlərin dayandırılması üçün ABŞ, Fransa, Rusiya dövlət başçılarına yalvararaq göz yaşı tökdü, kapitulyasiya aktına qol çəkərək bütün dünyanın gözü qarşısında üzərlərinə öhdəliklər götürdü. Üç ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliklərin birini də yerinə yetirmir, sülh danışıqlarına qoşulsalar da faktiki heç bir əməli addım atmırlar, əksinə Azərbaycana qarşı şər və böhtan kampaniyasına başlayıblar, erməni lobbisinin pulu ilə ələ alınan qəzet və digər informasiya mənbələrində qarayaxma ilə məşğul olurlar. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda dövlətimizin başçısı İlham Əliyevin səsləndirdiyi tutarlı və təkzibedilməz faktlar erməni yalanlarını bir daha ifşa etdi. "Dənizdən-dənizə", "miatsum", "Artsax", "öz müqəddəratını təyinetmə", dünyaya sırınmış erməni yalanları, məğlubedilməzlik mifi, xain və xəbis erməni niyyətləri birdəfəlik məhv edilib.

Hayları anlamaq çox çətindir, sürüşkən və etibarsız mövqe onların köhnə xasiyyətidir. Onlara xilaskar kimi qucaq açan, erməni varlığını qoruyan Rusiyaya qarşı hayların keçirdiklər etiraz aksiyaları onu göstərir ki, bu toplum yaxşılığı tez unudur, həyasızlıqla ondan imtina etməyi bacarır. Məlum olduğu kimi, son vaxtlar Ermənistanda Rusiyaya qarşı etiraz dalğası güclənib. Həm də bu ilk hadisə deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik və ya təmsil etdiyi siyasi qüvvələr hələ 2018-ci ilin dekabrında bu kimi aksiyalar keçiriblər. Həmin yürüşlərdə "İylənmiş Rusiya, Ermənistandan rədd ol!", "Rusiya işğalçıdır!", "Rusiya ordusu, Ermənistandan rədd ol!" kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu bağlayıb, qarşısında mitinq keçiriblər. Vaxtilə Rusiyaya yalvaran, tozlu ayaqlarından öpən ermənilər indi ona dirsək göstərirlər. Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə Azərbaycanla sərhəddə müşahidə postlarının, Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsini şəxsən xahiş edib. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi yaydığı açıqlamada Ermənistanın suverenliyinin yeganə real təminatının ölkədə Rusiya Federasiyasının 102-ci hərbi bazasının və rus sərhədçilərinin mövcud olduğunu bildirib və Ermənistan tərəfinin təhlükəsizliklə bağlı təkliflərini məntiqə zidd adlandırıb.

ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sabitliyi qorumaq, separatçı fəaliyyətin qalığını mümkün qədər tez aradan qaldırmaq üçün ən yaxşı yolu tapmalıdır, hətta lazım gələrsə, Bakı ilə məsləhətləşməlidir. O, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın "Le Figaro" nəşrinə müsahibəsi zamanı İrəvanda fəaliyyətlərini davam etdirmələri ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. Şahramanyanın müsahibə verdiyi Fransanın "Le Figaro" nəşri özəldir və müxalifət mediasıdır. Baş verənlər fonunda onu demək lazımdır ki, separatçılar Qarabağda 30 illik mövcudluqlarına görə Rusiyaya borcludurlar. Tarixçi bildirib ki, Nikol Paşinyan çox mürəkkəb bir oyun oynayır. O, iki dəfə, ikincidə həm Qarabağı, həm də işğal altında olan 8 kəndi əhatə edən kvadratkilometrləri göstərməklə yazılı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdı. N.Paşinyan, həmçinin bu gün Rusiyanın Ermənistana təsir rıçaqlarını azaltmağa çalışır. Belə olan təqdirdə, Paşinyan separatçıların tör-töküntüləri ilə ifrat sağçı yarımhərbi qruplaşmalardan biri olan "Döyüş qardaşlığı" ilə rəftar etdiyi kimi rəftar etməyin yolunu tapmalıdır. Məsələn, ötən ay Ermənistanda qanunsuz silah saxlama və sui-qəsd maddəsi ilə cinayət işi açıldı və "Döyüş qardaşlığı" birliyinin nümayəndəsi olan 49 nəfər həbs edildi. Paşinyan onları milli təhlükəsizliyə təhdid adlandırdı. Hələlik Ermənistan müxalifəti parçalanıb, seçicilər arasında bədbinlik artır, lakin bu, qisasçı silahlı ünsürlər məsələsini həll etmir. Ötən ilin sentyabrında Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan öz feysbuk hesabında Paşinyanın öldürülməsinə çağırış etdi. Dərhal Ermənistan Daxili İşlər Nazirliyi hərəkətə keçdi və 2020-ci ilin noyabrından 2024-cü ilin yanvarına qədər olan müddətdə 3500 silahın müsadirə edildiyini, lakin daha 17 min odlu silahı axtardıqlarını açıqladı.

Ermənistan Qərbə doğru istiqamət götürüb və bu istər-istəməz Rusiyanı və rus cəmiyyətini qıcıqlandırır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatda bildirib ki, Avropa İttifaqı (Aİ) ekspertlərinin Ermənistan-Azərbaycan sərhədində fəaliyyəti şübhəli və əsassızdır. Aİ-nin müşahidə missiyası təhlükəsizliyi, atəşkəsə əməl olunmasını təmin edə bilmir. Üstəlik, onlar təhlükəsizliyi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmalarına əməl olunmasını təmin etmirlər. Aİ-nin Ermənistan ərazisində mövcudluğu Brüsselin ciddi təzyiqi ilə məcburi şəkildə həyata keçirilib. Məqsədinin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olduğu elan edilən missiyanın fəaliyyətə başlaması birtərəfli qaydada, qeyri-konsepsual əsasda, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan və müvafiq hesabat verilmədən həyata keçirilib. Bu, yalnız Aİ-nin regiondakı siyasətinin ümumi fonunu göstərir, Cənubi Qafqazda yaşayan insanların köklü maraqlarına ziyan vurmaqla regionu geosiyasi qarşıdurma meydanına çevirməyə xidmət edir. Aİ-nin Ermənistandakı "müşahidəçiləri" üçün baza mərkəzlərinin sayının artırılmasının Bakı ilə İrəvan arasında münasibətlərdə sabitlik və sülhün bərqərar olması vəzifəsi ilə heç bir əlaqəsi yoxdur. Aİ missiyasının beynəlxalq ictimaiyyət və ilk növbədə Azərbaycan və Ermənistan qarşısında hesabat verməməsi Aİ-nin fəaliyyətində gizli məqamların olduğuna dair şübhələri artırır. Bütün bu söz-söhbətlər hürən itin dişləmədiyi barədə məsəlin həyati təzahürüdür. Ermənistanın baş naziri Nikol Paşinyan isə bu günlərdə keçirilmiş mətbuat konfransında Avropa İttifaqının ünvanına xoş sözlər deyib: "Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası"nın qalma müddətinin daha iki il uzadılması mümkündür və həmin təşkilat buna indidən razılıq verib. Ermənistanın Aİ-yə üzvlüyə qəbulu ilə bağlı suala isə o, belə cavab verib: "Bu barədə danışılıb. Biz indi başa düşməliyik ki, Avropa İttifaqına nə qədər yaxınıq və bundan hansı nəticələr alınacaq. Biz görürük ki, Aİ bizimlə münasibətlərə nə qədər önəm verir. Aİ deyir ki, Ermənistanla münasibətləri heç vaxt belə dərin və möhkəm olmayıb". Göründüyü kimi, Ermənistan geosiyasi qarşıdurma meydanına çevrilib. Bu meydanda udan və uduzan isə yaxın zamanda bilinəcək.

Salman ALIOĞLU,

"Respublika".