Ermənistan tarixi sülh şansından yararlanmasa, məğlubiyyətləri qaçılmaz olacaq
Siyasət

Ermənistan tarixi sülh şansından yararlanmasa, məğlubiyyətləri qaçılmaz olacaq

Vətən müharibəsində qələbəmizdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsləri ilə başlanan sülh prosesi son 3 il ərzində Ermənistanın reallığı nəzərə almayan qeyri-konstruktiv davranışları ucbatından ləngiyib. Əslində Azərbaycan Prezidentinin təklif etdiyi sülh şərtləri elə beynəlxalq hüquq normalarında əks olunan prinsiplərin, habelə BMT Nizamnaməsinin məqsəd və məramı ilə eyniyyət təşkil edir. BMT-nin de-yure tamhüquqlu üzvü kimi Ermənistan bu şərtləri qəbul etməyə məcburdur. Bu mənada, Paşinyan sülh təklifinə açıq formada yox deyə bilmir, üstəlik, şifahi formada ötən ilin oktyabrında, bu ilin may ayında və son bir neçə həftədə dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlar verib. Lakin bu bəyanatları kağız üzərində imzalamağa isə cəsarət etmir.

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə Bəyanatının ardınca tərəflərin qarşılıqlı etimad mühiti formalaşdırması istiqamətində istər əsirlərin mübadiləsi, istərsə də COP çərçivəsində xoşniyyətli addımların atılması fonunda real sülhə yaxınlaşarkən Ermənistan cəmiyyətində revanş ritorikanın yenidən dirçəlməsi, ölkənin sürətlə silahlanması mümkün razılığın əldə olunmasına maneə yaradır.

Əlbəttə, Ermənistanın sülh "xofu"nun qaynağı bizə bəllidir. Sülh prosesinə maneə olan ilk əngəl heç şübhəsiz ki, cənab İlham Əliyevin də ifadə etdiyi kimi, Ermənistanın Qərbdəki pis məsləhətçiləridir. Xüsusən, Fransa açıq formada Qafqazda sülh prosesinin qəti əleyhinədir. Parisdə yaxşı anlayırlar ki, sabit və əməkdaşlıq məkanı olan Cənubi Qafqazda fransız neoimperializminə yer olmayacaq. Təsadüfi deyil ki, Azərbaycan ilə Ermənistan arasında 7 dekabr birgə bəyanatı və bu sənəd əsasında atılan xoşməramlı addımlar Rusiya və ABŞ tərəfindən alqışlansa da Fransa susaraq ümumiyyətlə, prosesi görməzdən gəlməklə etiraz mövqeyini bəlli etmişdi. Təəssüf doğuran haldır ki, erməni cəmiyyəti ardıcıl məğlubiyyətlərə, Fransanın hər hansı formada İrəvanın köməyinə çata bilməməsi kimi yaşanmış real təcrübəyə baxmayaraq, hələ də Fransanın vədlərinə bel bağlamaqdadır. Sürətlə silahlanma və cəmiyyətdə artan revanş ritorika da öz növbəsində Ermənistanın sülh prosesi ilə bağlı real şansın ləngidilməsi ilə nəticələnir. Erməni kilsəsinin də bu prosesdə təcavüzkar mövqe tutması, açıq qisas və müharibə çağırışları təbii ki, prosesə təsirsiz ötüşmür.

Azərbaycan sülh arzu edir və qalib tərəf olmasına baxmayaraq, 3 ildir ki, bütün sağlam dialoq müstəvilərinə açıqdır. Görünür, Ermənistan Azərbaycanın bu xoş niyyətini düzgün qiymətləndirə bilmir və belə olan halda, qaliblə məğlubun fərqinin nümayiş etdirilməsi zəruridir. Yəni artıq rəsmi Bakı Ermənistanın kaprizlərinə dözmək niyyətində deyil. Cənab İlham Əliyevin ADA Universitetində bəyan etdiyi kimi, bundan sonra Ermənistan nə qədər sülh arzu edirsə, Azərbaycan da bir o qədər prosesdə maraqlı olacaq. İrəvan isə başa düşməlidir ki, sülhün gecikdiyi hər ötən gün onun fiaskosunu bir az daha dərinləşdirir. İrəvan özünün xarici havadarlarına, yaxud onların Azərbaycana qarşı riyakar hücum cəhdlərinə güvənməməli, ötən 3 ilə nəzər yetirərək görməlidir ki, cənab İlham Əliyev bu dövr ərzində bütün total qərəzli hücum kampaniyalarını neytrallaşdırmağa nail olub. Hətta Azərbaycan lideri qeyri-dost mövqe tutan kifayət qədər önəmli qlobal oyunçuları geri addım atmağa məcbur edib. Nəticədə Azərbaycan nəinki proseslərdən zərərli çıxmayıb, üstəlik, Balkanlarda, Şərqi, Mərkəzi və Cənubi Avropada artan rolu ölkəmizə qeyri-adekvat, ədalətsiz yanaşmaları fonunda Bakının ciddi qələbəsi hesab olunmalıdır. Cəmi üç ay öncə, lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycana qarşı səhv mövqe tutmuş güclər, ölkəmizin beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərlə uyğun, suveren haqlarını bərpa etməsi faktını qəbul edərək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsinə dəstək verdilər.

Bu mənada, Ermənistan xam xəyallara aludə olmamalı, tarixi sülh şansından yararlanmalıdır. Əks halda, məğlubiyyətlər qaçılmaz olacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.