Ermənistanda küçə döyüşləri
Digər xəbərlər

Ermənistanda küçə döyüşləri

Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin araşdırılması üzrə istintaq komissiyasının iclasında açıqladığı sensasion detallar dünya gündəmini sözün əsl mənasında zəbt edib. Müharibədən 2 ildən çox keçməsinə baxmayaraq, ilk dəfə səsləndirilən fikirlərə isə ən sərt reaksiya məhz Ermənistandan gəlib.

Erməni ictimaiyyətində Paşinyanın çıxışı şou nümayişi kimi qəbul edilib. Onun ən çox tənqid edildiyi məqam əsas vəzifəsi məğlubiyyətin səbəblərini araşdırmaq, günahkarları cavablandırmaq olan iclasda silah-sursatın tədarükü, kəşfiyyat, səfərbərlik hərbi maddi-texniki təminatın təşkilindən deyil, yalnız diplomatik proseslərdən danışması uğursuzluğa görə məsuliyyətdən qaçmaq cəhdi olub. Sabiq Prezident Serj Sarkisyanın partiyasından bildirilib ki, kapitulyatorun nitqi daha çox vətənə xəyanətdə təqsirləndirilən şəxsin müdafiə çıxışına bənzəyirdi. Ermənistan Milli Konqres Partiyasının üzvü Levon Zurabyan da bunu Paşinyanın şüuraltı etirafı kimi qələmə verib. Əslində, baş nazirin yaşananların diplomatiyanın uğursuzluğundan qaynaqlandığını bildiyini iddia edib: "Paşinyan dünən şou yaratdı xeyli sərsəm açıqlama verdi. Bu, vətəni təslim etməkdə təqsirləndirilən şəxsin ümidsiz cəhdləri kimi qiymətləndirilməlidir. Fikir verin, baş nazir müharibədə texniki zəifliklərə toxunmadı, ordunun niyə yenidən qurulmadığına aydınlıq gətirmədi, əvəzində isə  apardığı diplomatik prosesləri qabartdı. Bunu edəndə aşkar faktları təhrif etdi. Paşinyan erməni dövlətçiliyini məhv etmək siyasəti yürüdür. Bunun başqa açıqlaması ola bilməz".

Paşinyanın qurduğu hər bir cümlə erməni mətbuatında geniş şəkildə şərh olunub. Bu prosesdə isə baş nazirin günahlandırdığı şəxslər xüsusi aktivlik göstərib. Baş nazirin "Qarabağı Köçəryanla Sarkisyan satıb" iddiasına Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan cavab verib. O bildirib ki, ölkənin ikinci prezidentinin rəhbərlik müddətində bir santimetr torpaq belə itirilməyib həmin illər ölkə tarixində ən sakit dinc dövr olub. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da təmsil etdiyi qurumla Arutyunyanın verdiyi məlumatların bir-birinə zidd olduğu barədə açıqlamaya reaksiya verib. O bildirib ki, Paşinyan özünə haqq qazandırmaq üçün günahı başqasının üzərinə atmaq istəyən yalançı qorxaq biridir. Amma fərqində deyil ki, bu davranışı onu kənardan necə səviyyəsiz göstərir

Həbsdə olan müxalif lider Armen Aşotyanın təmsil etdiyi Ermənistan Respublikaçılar Partiyası da ən çox bu məsələnin üzərində dayanıb. Müxalifət qanadında olan "Mənim şərəfim var" fraksiyasının lideri Hayk Mamicanyan bildirib ki, Paşinyan əlacsızlıqdan müxtəlif hədəflər göstərir, amma o, verdiyi açıqlamalarla onsuz da müharibənin əsas günahkarı olması barədə tutarlı faktları ifşa edib: "Nikol Paşinyan açıq şəkildə etiraf edir ki, o, müharibə apardığı dövrdə ölkədəki vəziyyətə bələd olmayıb, döyüş meydanında da baş verdiyini bilməyib. Fərqli şəxslər mənə bir-birinə zidd açıqlamalar verdi demək mənaya gəlir? Bu da bilirsiniz niyə baş verib? Dünən Paşinyan bir cümləsində dedi ki, noyabrın 9-dan bir-iki gün sonra işə qayıdanda mənə dedilər ki, Şuşidə erməni əsgəri yoxdur. Cümlənin birinci hissəsinə fokuslanın. Yəni o, bəyanatın imzalanmasından günlər sonra işə qayıdıb. Baş nazir bununla özü bilmədən bunkerdə gizləndiyini etiraf edib. Eyni zamanda, erməni əsgəri harada olmalı idi, siz artıq kapitulyasiya aktına imza atmışdınız".

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da 2018-ci ilin aprelindən sonra Ermənistanda regionda baş verən hər şeyin ölkənin birinci şəxsinin, onun ali baş komandanının xarici siyasətə cavabdeh olan şəxsin uğursuzluğundan irəli gəldiyini deyib. Buna görə hazırda Paşinyanın özünə bəraət qazandırmağa, bunu da sələflərini günahlandıraraq etməyə haqqı yoxdur. Əgər baş nazirin minimum səviyyədə diplomatik bacarığı olsaydı, müharibə baş verməzdi, Qarabağ itirilməzdi. Amma Paşinyanda bu bacarıqlar heç vaxt olmayıb. Beynəlxalq ictimaiyyət onun səriştəsizliyindən faydalanıb.

Bir sözlə, İrəvanda belə bir qənaətə gəliblər ki, Ermənistan kimi bir ölkəyə rəhbərlik etməyin yükü Paşinyan üçün ağır olub. Hazırda isə bu biabırçılığı ört-basdır etməyin yeganə yolu baş nazirin könüllü istefası ölkə rəhbərliyinin hərbi-siyasi diplomatik məsələlərdə təcrübəsi olan şəxsə keçməsidir. Belə bir atmosferin formalaşması isə maraqlı olan qüvvələri hərəkətə gətirib. Ermənistan Respublikaçılar Partiyasının üzvü, müxalifətçi deputat Hayk Mamicanyan ölkədə küçə döyüşlərinə hazırlıq getdiyini, amma  təfərrüatları açıqlaya bilməyəcəyini deyib. Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracaq gücün erməni xalqı olduğunu bildirib. Eləcə yaxın gələcəkdə vətənpərvər vətəndaşları mühüm prosesin parçası olmağa dəvət edəcəklərini açıqlayıb. Doğrudur, müxalifətin digər blokları hələlik rəsmi şəkildə mübarizəyə qoşulacaqlarını açıqlamasalar da, bunun reallaşması istisna edilmir. Prosesin bu şəkildə inkişaf etməsi isə yaxın gələcəkdə Ermənistanda hakimiyyət uğrunda çəkişmələrin qızışmasına, Paşinyanın siyasətdən uzaqlaşdırılmasına işarə edir

Jalə QASIMZADƏ,

"Respublika".