Ermənistanın əsl siması
Siyasət

Ermənistanın əsl siması

Müharibələr nə qədər arzuolunmaz, dağıdıcı, məhvedici olsa da, onun da öz qayda-qanunları, yumşaq dillə desək müharibə mədəniyyəti var. Əlbəttə ki, iki və ya daha artıq ölkələr arasında aparılan silahlı döyüşlər zamanı hər iki tərəf müharibə qaydalarına əməl etməlidir. Bunlardan birincisi isə dinc əhaliyə qarşı diqqətli davranmaqdır. Heç bir halda sadə vətəndaşlara, xüsusilə, qadınlara, uşaqlara və yaşlılara qarşı silah çevirmək olmaz. Bütün hallarda bu insanlar toxunulmaz olaraq qalmalıdır. Sadalanan şərtlərin hər birinə 44 günlük Vətən müharibəsi zamanı şahid olduq.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edirdi ki, biz döyüş meydanında döyüşürük. Dinc əhali ilə işimiz yoxdur. Ancaq Ermənistan fərqli münasibət, davranış göstərdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın müharibə zonasından kənar kənd və şəhərlərini, yaşayış sahələrini atəşə tutdu. İriçaplı silahlardan, ağır artilleriyadan edilən hücumlara onlarla yaşayış məskənimiz, şəhərlərimiz məruz qaldı. Çoxlu sayda insan tələfatı oldu. Günahsız uşaqlar, qadınlar bu hücumların qurbanına çevrildi. Belə xain və olduqca dəhşətli terror hadisəsindən biri, bəlkə də elə birincisi Gəncədə törədildi. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutuldu.

Vətən müharibəsi zamanı 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda bombalandı. Hansı ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə tamamilə döyüş bölgəsindən kənar ərazidə yerləşirdi. Lakin düşmən xain olduğu qədər də hiyləgərdir. Onlar Gəncə kimi böyük şəhərdə terror törətməklə bir növ öz "gücünü" Azərbaycana göstərirdi. Ermənilərin ilk hücumu 4 oktyabrda oldu və nəticədə 1 mülki şəxs şəhid oldu, 30-dan çox mülki şəxs isə yaralandı. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi. Nəticədə, 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktyabrın 8-də oldu. Bu hücumda həlak olan və yaralanan olmadı. Ermənilər növbəti, dördüncü raket hücumunu 11 oktyabrda etdilər və nəticədə 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Təəssüflər olsun ki, Ermənistan yenə də öz məkrli planlarından əl çəkmədi. Cəbhədə biabırçı şəkildə uduzduğu halda terror əməllərindən son qoymadı. Gəncəni hədəf alan ermənilər oktyabr ayının 17-də daha dəhşətli terror hadisəsi törətdilər. Mülki şəxsləri hədəf almaqla beşinci raket hücumunu etdilər. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı çoxsaylı insan tələfatı ilə yanaşı, şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə də ciddi ziyan dəydi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qaldı.

Ermənistan bu terror hadisələri ilə bir daha öz həqiqi simasını nümayiş etdirdi. Təəssüflər olsun ki, raket hücumlarının qurbanları arasında azyaşlı uşaqlar da var idi.

Ümumilikdə terror aktı nəticəsində 1-i körpə, 5-i uşaq, 10-u qadın olmaqla 26 nəfər həlak olmuşdur. Yaralanan 175 nəfər arasında 32-nin uşaq, 57-nin qadın olması birbaşa qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir. Onu da qeyd edək ki, təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız da ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Azərbaycan xalqına qarşı olan dəhşətli və insanlıqdan uzaq cinayət hadisələri zamanı Ermənistan hərbçiləri çox təhlükəli bir silah - "TOÇKA-U" raket sistemindən istifadə etdi. Gəncədə əhalinin sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Dünya tarixinə yazılacaq bu dəhşətli terror hadisəsi bir daha sübut etdi ki, Ermənistan terroru himayə edən bir dövlətdir. Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, bu şəhərin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin çirkin məqsədlərindən xəbər verirdi. Lakin dünya yenə də susurdu. Dinc əhalinin gecə vaxtı qadağan olunmuş raketlərdən atəşə tutulmasına dünya birliyi, beynəlxalq təşkilatlar reaksiya vermədi və cinayətkar Ermənistan dövlətinin cəzalanması üçün heç bir addım atılmadı. Təəssüflər olsun ki, çoxlu sayda insanın qətli və yaralanması ilə nəticələnən bu qorxunc olaydan sonra ATƏT-in həmsədr dövlətləri başda olmaqla beynəlxalq təşkilatlar və dövlətlər susmaqda davam etməkdədir. Lakin Azərbaycan diplomatik məharətlə düşmənin bütün xain hücumlarını dəf edərək ərazi bütövlüyünü tam təmin etdi.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "BBC News"a müsahibəsində məsələ ilə bağlı demişdi: "Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq".

Ramidə YAQUBQIZI,

"Respublika".