ERMƏNİSTANIN İDDİALARI İFLASA UĞRAYIR
Digər xəbərlər

ERMƏNİSTANIN İDDİALARI İFLASA UĞRAYIR

30 illik işğalın və 44 günlük müharibənin nəticələrindən dərs çıxara bilməyən, hələ də Azərbaycana və region dövlətlərinə qarşı ərazi iddialarını davam etdirən Ermənistanın və himayəçilərinin, eləcə də erməni diasporu və lobbisinin bütün səylərinə baxmayaraq, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənir. Fransanın, daha sonra isə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd iddialarla BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi istiqamətində göstərdikləri səylərin, eləcə də ölkəmizə qarşı informasiya blokadasının yaradılması təşəbbüslərinin iflasa uğraması bunun sübutudur.

Milli Məclisin deputatı Azər Kərimli bildirdi ki, Azərbaycan ikitərəfli münasibətlər, regional və qlobal əməkdaşlıq çərçivəsində, yalnız milli maraqlardan çıxış etməklə və müstəqil siyasət yürütməklə iqtisadi, siyasi, mədəni və hərbi əlaqələrini genişləndirir, təşəbbüsləri və əməli addımları ilə iştirakçısı olduğu bütün platformalara dinamizm gətirir. Bu xüsusda, ölkəmizin Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyətini xüsusilə diqqətə almaq lazımdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində həm sözügedən təsisatın, həm də BMT Baş Assambleyasının tarixində ilkə imza atması, Assambleyanın xüsusi sessiyasının çağırılmasına nail olması, hərəkatın təşkilatlanması istiqamətində əməli addımları, ölkəmizin beynəlxalq hüququn məsuliyyətli üzvü kimi qlobal çağırışlara çevik reaksiya verməsindən xəbər verir.

Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə, üzərinə götürdüyü öhdəliklərə qeyd-şərtsiz əməl edən, təbii və humanitar fəlakətlərin yaşandığı ölkələrə təxirəsalınmaz dəstəyini göstərən, beynəlxalq terrorizmə və onun təzahürlərinə qarşı prinsipial mübarizə aparan bütün dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu illər ərzində ölkəmizin təşəbbüsü və iştirakı ilə gerçəkləşən enerji və nəqliyyat layihələrinin, kənar müdaxilə və təzyiqlərə baxmayaraq, icra edilməsi və planlaşdırılan zaman kəsiyində işə salınması, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki aparıcı mövqeyini də müəyyənləşdirir. Cənab Prezidentin qeyd etdiyi kimi, "bizim sözümüz imzamız qədər keçərlidir". Azərbaycan sözünün də, imzasının da, milli maraqlarının keşiyində dayanan mövqeyinin də sahibidir.

M.NƏRİMANOĞLU,

"Respublika".