Ermənistanın ikili siyasəti regionda sülhə ən böyük maneədir
Siyasət

Ermənistanın ikili siyasəti regionda sülhə ən böyük maneədir

Nikol Paşinyanın son vaxtlar verdiyi açıqlamaların əksəriyyəti ziddiyyətlidir. Məsələn, Paşinyan bir tərəfdən açıqlama verir ki, bizim Rusiya ilə problemimiz yoxdur. Daha sonra Rusiyanın Ermənistana yardım etmədiyini bildirir. Biz Rusiya ilə münasibətləri davam etdiririk desə də, Kollektiv Təhlüskəsizlik Müqaviləsi Təşkilatının iclasına getmir. Bir tərəfdən, açıqlama verir ki, biz Azərbaycanla ilin sonuna qədər sülh bağlaya bilərik, digər tərəfdən uydurma iddiaları ortaya atmağa başlayır ki, guya Ermənistanın Azərbaycanda anklav və eksklav əraziləri var. Bu cür açıqlamaların son zamanlarda artdığının şahidi oluruq.

Bu, əslində ondan xəbər verir ki, Paşinyan təcrübəli siyasətçi deyil, o, hər dəfə ağalarından gələn təlimat əsasında fərqli fikirlər söyləyir. Təcrübəli siyasətçilərin fərqli vaxtlarda eyni məsələ ətrafında söylədiyi fikirlər üst-üstə düşür. Nikol Paşinyanda isə bu, əksqütblü səciyyə daşıyır. Ermənistan baş nazirinin Pakistana "Zeytun budağı" uzatması məsələsi də ikili yanaşmadan doğur. Məlumdur ki, Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Bunun da açıq-aydın səbəbləri var. Rəsmi İslamabad öz bəyanatlarında dəfələrlə qeyd edib ki, Azərbaycan bizim etibarlı tərəfdaşımızdır və Ermənistan Azərbaycanla sülhə yanaşmadığı təqdirdə rəsmi İrəvanla mümkün əlaqələrin qurulmasından söhbət gedə bilməz. Biz Ermənistanı bir dövlət kimi tanımırıq və tanımaq niyyətində də deyilik.

Paşinyanın ziddiyyətli açıqlamalarından belə qənaətə gəlmək olar ki, Ermənistan faktiki olaraq xarici siyasətin hansı formada aparılmasını tam dəqiqləşdirə bilmir. Düzdür, o, nələrsə etməyə can atır, amma bu xüsusda ona mane olan bəzi qüvvələr var. ABŞ, Almaniya və Fransa kimi neokolonialist dövlətlər, habelə pozucu ittifaq və təşkilatlar mümkün sülhün Cənubi Qafqaza müdaxilə planına əngəl olacağını düşündükləri üçün Ermənistanı daim təxribatçı mövqedə saxlamaq istəyirlər. Bu isə təbii ki, Rusiyanın regionda təsirinin azaldılması planının bir hissəsidir. Rəsmi İrəvan isə təəssüf ki, hələ də müstəqil siyasət yürüdə bilmir.

Samir HÜMBƏTOV,

politoloq.