Ərzaq təhlükəsizliyi başlıca məqsəddir
Region

Ərzaq təhlükəsizliyi başlıca məqsəddir

Rayon dəmyə şəraitdə yüksək taxıl məhsuldarlığı ilə seçilir

Prezident İlham Əliyev respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin və onun yerlərdəki tabeli qurumlarının qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində İsmayıllı rayonunun da öz töhfələri vardır.

Belə ki, rayonun 207372 hektar ümumi torpaq sahəsi vardır ki, bundan 114117 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır. Ondan 33130 hektarını əkinəyararlı torpaqlar, 50611 hektarını örüş yerləri, 25586 hektarını yay otlaq sahələri, 3669 hektar ərazini meyvə, 1121 hektarını isə üzüm bağları təşkil edir.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev bildirdi ki, rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Kənd təsərrüfatı əsasən bitkiçilik sahələri olmaqla taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri istehsalından ibarətdir. Heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq, qismən donuzçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur. Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, rayonumuzda bitkiçilik sahəsinin aparıcı qolu olan dəmyə şəraitdə becərilən taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

Yüksək taxılçılıq ənənələri ilə İsmayıllı rayonu xüsusi yerlərdən birini tutur. Ötən il istisna olmaqla son illərdə rayonun taxıl istehsalı göstəricisi 100 min tondan yüksək olmuşdur. Bununla yanaşı, respublikamızda dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında İsmayıllı yüksək məhsuldarlıq göstəricisi ilə fərqlənir. Son iki ilin taxılçılığa dair müqayisəli iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, 2023-cü ildə əvvəlki ilə nisbətən dənli taxıl bitkilərinin əkin sahəsi 30243 hektara çatdırılmış, 93071 ton dənli taxıl bitkiləri, o cümlədən 68957 ton buğda və 22428 ton arpa məhsulu istehsal olunmuş, buğdanın məhsuldarlığı 30.5 sentner, arpanın məhsuldarlığı isə 29.6 sentner olmuşdur. Bu ilin məhsulu üçün ötən ilin payızında 32033 hektar sahədə şum çıxarılmış, 58 hektarı xəsillik arpa olmaqla cəmi 30766 hektar payızlıq dənli taxıl bitkiləri əkilmişdir ki, ondan 21151 hektarı buğda, 9557 hektarı dən üçün arpadır.

Məhsuldarlığın ildən-ilə yüksəldilməsi üçün DAİM-in əməkdaşları və Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının əməkdaşları tərəfindən fermerlərə mütəmadi olaraq müvafiq tövsiyələr verilir, innovativ metodların tətbiqi sahəsində əməli köməklik göstərilir.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika.