Ağstafada bayram tədbiri
Region

Ağstafada bayram tədbiri

Suverenliyi və bütövlüyü təmin olunmuş Azərbaycanımızın hər guşəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə xalqımızın milli bayramı Novruz yüksək təmtəraqla qeyd olunur.

Ağstafa şəhəri Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən dəvət olunmuş əsgər və zabit heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət-ənənələrimizi ehtiva edən Bahar qız, Keçəl, Kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara tamaşa ediblər. Dama, güləş, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışları rəğbətlə qarşılanıb.

Sonra icra başçısı Seymur Orucov Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Hüseyn Əzizoğlu ilə birlikdə bayram tonqalını alovlandırıblar.

Mədəniyyət və incəsənət nümayəndələrinin Novruz bayramına həsr etdikləri geniş konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Vəli VƏLİYEV,

“Respublika”.