Eskişəhərdə “Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə yansıması
Türk dünyası

Eskişəhərdə “Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə yansıması" mövzusunda tədbir

Anadolu Universitetinin evsahibliyi, Eskişəhər Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Heydər Əliyev Uyğulama və Araşdırma Mərkəzi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə "Şuşa Bəyannaməsinin Türkiyə-Azərbaycan əlaqələrinə yansıması" mövzusunda tədbir keçirilib.

İlk öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin açılışında çıxış edən Anadolu Universitetinin rektoru, prof. dr. Fuat Erdal, Heydər Əliyev Mərkəzinin direktoru, prof. dr. Burhan Sayılır və Eskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın vurğulayıblar ki, Mustafa Kamal Atatürkün söylədiyi "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" fikri onu deməyə əsas verir ki, ölkələrimiz arasında dərin tarixi bağlar mövcuddur. Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edir və xalqlarımız arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə doğru aparır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan qardaş ölkələr arasında əlaqələr möhkəmlənməkdədir.

Tədbirdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli  səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan əlaqələrinin tarixi, Qarabağ Zəfəri və Şuşa Bəyannaməsi ilə bağlı danışıb. R.Məmmədov deyib ki, Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi bütün türk dünyasının birliyi, əməkdaşlığı, tərəqqisi üçün geniş imkanlar açır. Azərbaycan ilə Türkiyə arasındakı uğurlu əməkdaşlıq yaxın gələcəkdə digər türk dövlətlərinin də bu model ətrafında birləşməsinə səbəb ola bilər ki, bu da bütün türk dünyasının maraqları baxımından olduqca faydalıdır.

Proqramın sonunda  opera sənətçisi Fidan Hüseynova Azərbaycan mahnılarını səsləndirib.

Səfir Rəşad Məmmədov şəhərin valisi Hüseyn Aksoyla görüşündə Şuşa haqqında nəşr edilən kitabları mərkəzə təqdim edib.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.