Azərbaycan ilə Qırğızıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri
Türk dünyası

Azərbaycan ilə Qırğızıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri

İyulun 6-da Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. General-leytenant B.Bekbolotov protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə danışıb.

General-polkovnik Z.Həsənov bildirib ki, Ordumuzun uğurlu əməliyyatlarından düzgün nəticə çıxarmayan Ermənistan üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq silahlı qüvvələrinin qalıqlarını hələ də ərazilərimizdə saxlamaqla regionda sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi maneə yaradır. Azərbaycan Ordusu hər an istənilən təhdidin qarşısını almağa qadirdir.

Ölkəmizə səfərindən məmnun olduğunu bildirən Qırğızıstanın müdafiə naziri isə öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Xalqlarımızın tarixi dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.