Film kimi ömür – Nazim Hikmət
Mədəniyyət

Film kimi ömür – Nazim Hikmət

Bir çox insanlar özündən sonra dərin izlər qoyub gedir. Elə izlər ki, hər yada düşəndə insanın ürəyini sızıldadır... Öz şeirləri, həyat hekayəsi ilə yaddaşlara həkk olunanlardan biri də Türkiyənin əvəzsiz şairi Nazim Hikmətdir. Onun haqqında belə deyirlər: "Nazim dünyanı gəzən bir Türk nəğməsidir".

O, təkcə şair deyildi, həm də yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı və türk inqilabi poeziyasının banisi idi. Əslində Nazimin bu qədər fəal olması, həm incəsənət, həm də sosial həyatla bu qədər yaxından maraqlanması heç də təsadüfi deyil. Çünki şair 1902-ci ilin 15 yanvarında ziyalı ailədə dünyaya gözlərini açıb. Atası bir çox yüksək vəzifələrdə fəaliyyət göstərib, anası isə incəsənət, xüsusən də rəssamlıq aşiqi bir qadın olub. Babası Mehmet Nazim Paşa isə bəzən kiçik də olsa şeirlər yazıb, onları çap etdirərək cəmiyyətə təqdim edib. Onun klassik ədəbiyyatla bağlı verdiyi bilgilər Nazim Hikmətin şairlik taleyində mühüm rol oynayıb.

Əzəldən bəri belə bir söz var ki, incəsənətlə məşğul olan insanların düşüncələrini, hərəkətlərini anlamaq çətindir. Çünki onlar tamamilə başqa dünyada olur və bütün məsələlərə fərqli aspektdən yanaşırlar. Nazim də gənc yaşlarından Mövlana təriqətlərinə qoşulmuş və fəallıq göstərdiyi üçün hamı onu Ruminin müridi adlandırmışdır. Güclü inancları olan gənc dəliqanlı 1934-cü ildə Türkiyədə qanunla tənzimlənən soyad məsələsi ortaya çıxanda soyadını Ran kimi dəyişdirib. Belə bir fikir mövcuddur ki, onun özünə seçdiyi bu ad kommunistlərin qırmızı rəng simvoluna uyğun olaraq "nar" kəlməsinin tərsinə yazılışına işarədir.

Nazim Hikmətin üsyankar davranışları daim onu yarı yolda qoyurdu. Belə ki, 1918-ci ildə qəbul olduğu İstanbul Hərbi Dənizçilik məktəbindən hələ 1 il keçməmiş Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalını pisləyən şeir yazdığına görə xaric edilir. Oradan qovulduqdan sonra əsgər gedib, vətənini qorumaqdan qürur duyub. 1920-ci ildə vətənin qurtuluşu üçün yazdığı "Gənclik" adlı şeiri gəncləri Vətən, Anadolu uğrunda savaşa səsləyib.

Nazimin düşüncələri dövrün qayda-qanunları ilə uyğunlaşmırdı. 1924-cü ildə Moskva Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsilini başa vurub Türkiyəyə qayıdıb. Bundan sonra o, burada "Oraq-çəkic" və "Aydınlıq" mətbu orqanlarında kommunist ideologiyasını yaydığına görə 1925-ci ildə 15 il həbs cəzasına məhkum edilib. Gənc şair 1927-ci ildə gizli olaraq Sovet İttifaqına qaçdıqdan sonra burada da çox qalmır. O, özünə doğma hesab etdiyi Bakıya gəlir. Onun "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı elə həmin ildə Bakıda çap olunur. Bundan sonra şairin bir-birinin ardınca çap olunan "835 sətir", "Varan-3", "1+1=1", "Səsini itirmiş şəhər", "Gecə gələn teleqraf", "Taranta Babuya məktublar", "Portretlər" və digər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanır. 1932-ci ildə isə yenidən kommunist ideologiyasının təbliğinə görə 5 il müddətinə həbs edilir. Lakin bir il sonra amnistiya aktı imzalandığı üçün həbsdən azadlığa buraxılır. Çünki o, öz xalqının, ölkəsinin deyil, bütün bəşəriyyətin xilasını kommunizm yolunu tutmaqda görürdü. Nazim üçün kommunizm siyasi əqidə olmaqdan savayı, sanki dini əqidəyə çevrilir. Ona görə də bu əqidə ömrünün sonuna qədər şair ruhuna hakimlik edir. Onun Türkiyədə kommunizm ideologiyasının alovlu təbliğatçısına çevrilməsi və tərəfdarlarının gündən-günə çoxalması hakim dairələrin narahatlığına səbəb olurdu. Buna görə də şair dəfələrlə məhbus həyatına məcbur edilir.

Onun tez-tez həbs olunması bir gün sevgisinə də əngəl olur. Və məşhur "Cəviz ağacı" şeiri də beləcə ortaya çıxır. Rəvayətə görə, Nazim Hikmət sevgilisi ilə Gülhanə parkında qoz ağacının altında görüşmək üçün vaxt təyin edib. Sevgilisini gözləyərkən qəfildən polislər gəlir və Nazim polisə görünməmək üçün qoz ağacına dırmaşır. Təəssüf ki, gözlədiyi qız bu an gəlir və Nazimi axtarır. Lakin onu görə bilmir. Nazim nə ağacdan enə bilir, nə də səslənə. Polis də getmək bilmir, qız isə orada tənha gözləyir. Və Nazim Hikmət qələmini və kağızını çıxarıb yazır: "Ben bir ceviz ağacıyım Gülhane parkında, ne sen bunun farkındasın, ne polis farkında".

Nazim Hikmət təkcə Vətən məsələsində yox, həm də sənətdə də təcrübədən çıxmış yolun eyni ilə təkrar edilməsinin əleyhinə olub, fərdi və fərqli üslublara üstünlük verirdi. Bu ideologiya Nazim Hikmətin Cümhuriyyət dövrünün böyük şairi Nəcib Fazil Qısakürəkə ünvanladığı fikirlərdə də aydın formada görünür: "Sən köhnəsən, amma köhnənin yaxşısısan, mən yeniyəm, amma yeninin yamanıyam. Bunu bil ki, mən yeninin yamanı olmağı köhnənin yaxşısı olmaqdan qat-qat üstün tuturam".

Nazim Hikmət hansı mövzuda yazmasından, hansı məsələyə toxunmasından asılı olmayaraq, ilk növbədə, insan-vətəndaş mövqeyindən çıxış edirdi. İctimai-siyasi, məhəbbət, təbiət təsvirli, fəlsəfi və s. şeirlərində bunu aydın formada görmək olar. Mövqe heç vaxt dəyişmir, özünəməxsus şair müdaxilə və münasibətlərində qeyri-adi poetik ifadə heyranlıq doğururdu. Nazim Hikmət sevgiyə aşiq biri idi. Onun üçün aşiq olmaq ali bir hiss idi. Sevgi şeirləri bu gün də dillər əzbəridir. Misraların altında yatan o dərin hisslər bu gün hələ də duyulur:

Seni düşünmek ne güzel şey, ümitli şey,

dünyanın en güzel sesinden

en güzel şarkıyı dinlemek kimi bir şey...

Fakat artık ümit yetmiyor mene,

ben artık şarkı dinlemek değil,

şarkı söylemek istiyorum.

Nazim Hikmət 1963-cü il iyunun 3-də Moskvada vəfat edib. Öldüyü gün əlində oxucularının məktubları və səhər qəzeti olub. O, Anadoluda bir kənd məzarlığında basdırılmasını, başı üstündə bir çinar ağacının olmasını arzulasa da, Moskvada Çexov, Qoqol və digər məşhurların uyuduğu Novodeviçye qəbiristanlığında dəfn olunur.

Töhfə SƏMƏDOVA,

"Respublika".