Ozan-aşıq sənəti dərin köklərə malikdir
Mədəniyyət

Ozan-aşıq sənəti dərin köklərə malikdir

Xalqımızın min illərlə formalaşan ozan-aşıq sənətini yaşadan ozanlarımız zaman-zaman cəmiyyətdə, xalq içində, el arasında ustad, dədə, lələ, ozan adını çox böyük şərəflə daşımışlar.

Ozan-aşıq sənəti dərin tarixi köklərə malik olan möhtəşəm bir mədəniyyətdir. Qədim qam-şaman mərasimlərindən, Dədə Qorqud oğuznamələrindən qaynaqlanan aşıq sənəti milli-mənəvi varlığımızın, ədəbi-estetik fikrimizin, musiqi mədəniyyətimizin, folklorumuzun formalaşması və inkişafında, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülməsində müstəsna tarixi rol oynamışdır. "Koroğlu" eposu, "Aşıq Qərib", "Qurbani", "Abbas və Gülgəz", "Tahir və Zöhrə", "Şah İsmayıl və Gülzar" kimi bir sıra dərin məzmunlu dastanları bizə bəxş edən klassik aşıqlarımızın və onların layiqli davamçılarının fəaliyyəti əvəzsizdir.

Aşıq şeiri bizim milli poeziyamızın ana qaynağıdır. Canlı xalq danışıq dilinə məxsus axar-baxarlı dinamikası, koloriti, ürəyəyatımlı deyim tərzi, aydın, şəffaf və təbii obrazları ilə unikal bir özünəməxsusluq kəsb edən bu poeziyanın Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Abdalgülablı Valeh, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Aşıq Alı, Hüseyn Bozalqanlı kimi klassik ustadlarının yaratdığı qiymətli örnəklər qərinələr boyudur dillər əzbəri olmuşdur.

XIX əsrin müdrik ozanı Dədə Ələsgərin xalqın tarixi-mədəni varlığı ilə aşıqların vəhdətini əks etdirən bu misralarındakı fəlsəfi dərinliyə diqqət yetirək:

 

Həsənnənə, Həsənbaba qoşadı,

Xoşbulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgər tək qulların, dağlar!

 

Bu nümunələri gətirməkdə məqsədimiz əsl aşığın təkcə çalıb-çağıran, saz-söz ifaçısı yox, həm də incə ruhlu şair və böyük mütəfəkkir olması fikrini vurğulamaqdır. Etiraf etmək lazımdır ki, canlı ifaları, səsləri-sözləri ilə mənsub olduğumuz nəslin yaddaşında yaxşı qalmış Aşıq Şəmşir, Aşıq Hüseyn Cavan, Mikayıl Azaflı, Aşıq Hüseyn Saraclı, Aşıq Şakir Hacıyev də bu sənətin inkişafında böyük xidmətlər göstərmişlər.

Bəli, yaxşı gündə də, yaman gündə də xalqla birlikdə olan aşıq məhz xalq ruhunun təmsilçisi və ifadəçisidir. Onun yaratdığı sənət xalqımızın qəhrəmanlıq, vətənpərvərlik ruhunun yüksəlməsində, həyatsevərlik, humanizm, gözəlliyə vurğunluq duyğularının aşılamasında böyük təsir gücünə malikdir.

Aşıq təkcə gözəlləmə oxumaqla vəzifəsini bitirmir. O, qəhrəmanlığa, döyüşə, mübarizəyə, ədəb-ərkana, mədəniyyətə çağıran, milli birliyimizə kömək edən böyük sənət möcüzələri yaradır.

Ulu öndərimiz dahi şəxsiyyət Heydər Əliyevin "Milli varlığımızın möhtəşəm abidəsi" adlandırdığı "Dədə Qorqud" eposu və həmin ənənənin davamı olan "Koroğlu" dastanı xalqımıza məxsus mənəvi mədəniyyətin şah əsərləri kimi məhz ozan-aşıq sənətinin nümunəsidir. Milli musiqi mədəniyyətimizin nadir incilərindən olan Üzeyir Hacıbəyovun "Koroğlu" operası aşıq musiqisindən qaynaq götürmüşdür. Bir çox Azərbaycan və xarici ölkə bəstəkarları öz əsərlərində dəfələrlə aşıq musiqisindən bəhrələnmişlər.

"Aşıq el anasıdır, haqqın səsidir" - qənaətində olan xalqımız yüz illər boyunca öz ustad sənətkarlarına xeyir-bərəkət, şadlıq gətirən ülvi bir simvol kimi yanaşmışlar. Musiqiçi, şair, aktyor, rəqqas kimi sinkretik keyfiyyətləri unikal şəkildə özündə birləşdirən saz-söz ustaları cəmiyyətin mənəvi həyatını istiqamətləndirən eposun milli-mental keyfiyyətlərini qoruyub möhkəmləndirən nüfuz və ehtiram sahibləri olmuşlar.

Aşığa olan xalq məhəbbətini və rəğbətini milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin 1875-ci ildə buraxılmış ilk saylarından birində belə ifadə etmişdir: "Bir baxın, bizim aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara. Bu zaman bu qulaq asanlar elə hala gəlirlər ki, ətini kəssən də xəbəri olmaz".

"Əli sazlı aşıq" - azərbaycanlıların şüurundakı bu obraz milli xalq yaradıcılığının ən ilkin, təməl qatlarına dayanır, bu qatlarla sıx bağlanır. Aşıq sənəti milli mənsubiyyətimizin rəmzi, ana dilinin və milli şüurun daşıyıcısı və qoruyucusu olaraq qalmaqdadır.

Aşıq sənəti, eyni zamanda mədəniyyətimizin müxtəlif tarixi dövrlərini vahid prosesdə birləşdirir ki, bunun da sayəsində insanlarda öz mədəni keçmişinə bağlılıq, milli mədəniyyətin öz qədim köklərinə varislik yaranır.

Qədir ASLAN,

"Respublika".