Fransa Cənubi Qafqazda epizodik mövqeyini də itirir
Siyasət

Fransa Cənubi Qafqazda epizodik mövqeyini də itirir

Fransanın 25-ci prezidenti Emmanuel Makronun dövründə Yelisey sarayı tərəfindən ölkəmizə qarşı aqressiv ritorika daha da artıb.

İkinci Qarabağ müharibəsindən sonra bu ölkənin erməni sevgisi daha aydın ortaya çıxıb. Fransa parlamentinin keçmiş qondarma rejimi tanıması, BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında ölkəmizlə bağlı qarayaxma kampaniyasının aparılması, AŞPA-da Azərbaycan əleyhinə qətnamələrin qəbulunda aktiv iştirak etməsi, həmçinin Laçın yolunda "blokada şousu", Ermənistanı silahlandıraraq revanşa sürükləmək və agent şəbəkəsi vasitəsilə ölkəmizin daxilinə sızmaq cəhdləri onun əsl xislətindən xəbər verir. Ötən gün isə Yelisey sarayı rəsmən Azərbaycanla olan mədəni körpüləri yandırmaq qərarına gəlib. Belə ki, Fransanın Azərbaycandakı səfirini geri çağırması selektiv yanaşmanın və ikili standartların bu ölkədə daha da güclənməsi anlamına gəlir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bu ölkənin qərəzli mövqeyini tənqid edib: "Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin rəsmi Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlarla Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib". Həqiqətən də qarşılıqlı münasibətlərin pozulması üçün rəsmi Paris son 3 ildir ki, əlindən gələn hər şeyi edir. Əslində arxa plana nəzər saldıqda Fransanın addımları son dərəcə anlaşılandır. Cənubi Qafqazı nəzarət altına almaq istəyən Qərb blokunun ən aktiv oyunçusu olan Fransanın bütün cəhdləri uğursuzluqla nəticələnib. Bölgəyə "dişi batmayan" Yelisey sarayı bu addımla bir növ balaca uşaq kimi "küskün" obraz nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra Fransa ilə bağlı bir məsələ daha da dəqiqləşdi. Kolonialistlər dünyanın hər hansı bir bölgəsində boşluq görsələr dərhal ora şığıyırlar.

Azərbaycan isə bəlkə də ümumilikdə Fransanın müstəmləkəçilik siyasətinə "stop" deyən tək və ən qüdrətli dövlətdir. Qoşulmama Hərəkatına sədrliyimiz dövründə (2019-2023) bu ölkənin müstəmləkə siyasətinin ön plana çıxarılması nəticəsində bu gün Yeni Kaledoniya başda olmaqla digər müstəmləkələr öz haqlarını tələb etməyə başlayırlar. Etirazlar zamanı Azərbaycan bayrağı mübarizənin əsas simvollarından biri olaraq ən öndə dalğalandırılır. Bütün bunlar isə Yelisey sarayının qərəzli siyasətinin sillə kimi özünə qayıtmasına səbəb olmuşdur. Nəticə etibarilə prezident Emmanual Makron Azərbaycana qarşı qisasçı siyasət yürüdür. Ölkəmiz daima qarşılıqlı əlaqələr məsələsində yaranan problemin beynəlxalq hüquq çərçivəsində qurulmasının tərəfdarı kimi çıxış edib. Lakin Fransa və onun təhriki ilə Ermənistan siyasi sabitliyin mövcud olmasında maraqlı olmayıb.

Bu gün dünyada baş verən proseslər onu deməyə əsas verir ki, beynəlxalq hüquq ikinci plana keçir. Artıq güc faktoru növbəti dövrdə dövlətlərin əsas silahına çevriləcək. Çünki bu gün dünyanın qaynar nöqtələrində yaranan gərginliklər zamanı heç bir beynəlxalq hüquq normalarına əməl olunmur. Azərbaycan 30 ildir beynəlxalq hüququn norma və prinsiplərinə tam olaraq riayət etsə də, sonda heç bir nəticə hasil olmadı. Nə torpaqlarımız geri qaytarıldı, nə də işğalçı dövlətə təzyiqlər olmadı. İkinci Qarabağ müharibəsi, qisas əməliyyatları və son olaraq ötən il 23 saatlıq antierror tədbirləri zamanı da bu hüquqa hörmət edən ölkəmiz əvəzində beynəlxalq qurumlar tərəfindən ikili standartlara məruz qaldı. Odur ki, qlobal müstəvidə baş verən proseslər fonunda, bu gün Fransa əgər öz səfirini geri çağırırsa, bu həmin ölkənin problemidir. Elə XİN mətbuat katibi də açıqlamasında sözügedən məsələ ilə bağlı bildirib ki, Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir. Bununla da Cənubi Qafqazda öz müstəmləkəçi siyasətini yeridə bilməyən Fransa son olaraq regionda öz epizodik rolunu da itirdi.

Tacir SADIQOV,

"Respublika".