Fransa Cənubi Qafqazda sülhü əngəlləyir
Siyasət

Fransa Cənubi Qafqazda sülhü əngəlləyir

44 günlük Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də Fransa işğalçı Ermənistanı dəstəkləməkdə davam edir. Bununla da Makron hökuməti Cənubi Qafqazda sülhün deyil, qanlı toqquşmaların baş verməsində maraqlı olduğunu göstərir.

Bu ilin oktyabrında Fransa və Ermənistan arasında imzalanan hərbi əməkdaşlıq haqqında müqaviləyə əsasən Fransa istehsalı olan Bastion çoxfunksiyalı zirehli avtomobilləri artıq Ermənistana çatdırılıb. Bundan əlavə olaraq hərbi əməkdaşlıq sazişinə görə, Ermənistanın Fransanın "Thales" müdafiə qrupundan üç "Ground Master 200" (GM200) radar sistemi, eləcə də digər növ hərbi texnika və sursat da alacağı gözlənilir.

Rəsmi Parisin təcavüzkar siyasət yürüdən Ermənistanın hərbi potensialını gücləndirmək üçün etdiyi canfəşanlığa gəlincə deyə bilərik ki, bu, heç bir beynəlxalq hüquqa əsaslanmır. Çünki Azərbaycanın 20 faizini 30 ilə yaxın dövrdə işğal altında saxlayan Ermənistanda hələ də revanşist fikirlər qalmaqdadır. Belə olan halda özünü beynəlxalq hüququn təbliğatçısı, demokratiya beşiyi adlandıran Fransanın bu addımları heç bir mənəvi dəyərlərə sığmır. Fransa anlamalıdır ki, məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə təşviq etmək cəhdi böyük uğursuzluqla nəticələnəcək. Azərbaycan-Ermənistan münasibətlərinə kənar ölkələr tərəfindən olan belə müdaxilələr regionda gərginliyin qorunub saxlanılmasına, insan itkilərinin davam etməsinə və sülh danışıqlarına ciddi zərbə vurur.

Cənubi Qafqazda sabitliyə mane olan tərəf təkcə Fransa yox, həm də Qərbin ümumi fəaliyyətidir. İkili standartların girovuna çevrilən Avropa İttifaqı əvvəlcə özünü neytral platforma kimi göstərməyə çalışsa da, Qarabağda baş verən son antiterror tədbirlərindən sonra açıq-aşkar ermənipərəsət açıqlamalar verməkdədir. Hər zaman Azərbaycana qarşı qərəzli açıqlamaları ilə diqqətə gələn Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında ölkəmizə qarşı ittihamlar səsləndirməkdə davam etmişdir.

İkinci Qarabağ müharibəsindən sonra Qərb rəsmilərinin regiona dair verdiyi açıqlamalar, mövcud olan vəziyyətdən "narahatlıqları" tez-tez müşahidə olunur. Halbuki 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistanın hərbi təcavüzə məruz qalan Azərbaycan etnik təmizləməyə, soyqırımına, 1 milyondan çox soydaşımısın yurd-yuvalarından didərgin düşdüyü zaman Aİ rəsmilərindən regionla bağlı adekvat cavablar verilmirdi. Ermənistanın məğlub olmasını həzm edə bilməyən yüksək vəzifəli Avropa rəsmiləri yenidən Ermənistanı silahlandıraraq suveren ərazilərimizdə separatizmi qızışdırmağa cəhd göstərir.

Qərbin Ermənistanı dəstəkləməsinin pərdəarxası məqamlarından biri də İrəvanı Rusiyadan uzaqlaşdırmaqdır. Avropa İttifaqı, əsasən də Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərgin saxlamaq, Rusiyanın sərhədləri yaxınlığında münaqişə ocağı yaratmaq istəyir. Ssenarinin bu cür davam etməsi Ermənistanda Ukrayna hadisələrinin baş verəcəyi ehtimalını artırır. Nikol Paşinyanın anti-Rusiya siyasətini davam etdirməsi "Ermənistanı Ukraynanın taleyi gözləyir" fikirlərinin reallaşmasını daha da yaxınlaşdırır. İrəvan isə hələ də anlamır ki, Fransa geosiyasi maraqları naminə Cənubi Qafqazda da sülhü əngəlləyir və Rusiya ilə mübarizədə Ermənistanı poliqon olaraq görür.

Musa BAĞIRLI,

"Respublika".