Fransa Ermənistanı silahlandırmaqla regionda yeni gərginlik yaratmağa çalışır
Siyasət

Fransa Ermənistanı silahlandırmaqla regionda yeni gərginlik yaratmağa çalışır

"Fransa tərəfindən Ermənistana silah verilməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə hec cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir".

Bu fikirlər Qərbi Azərbaycan İcmasının oktyabrın 22-də yaydığı Bəyanatda öz əksini tapıb. Məlum olduğu kimi, Fransa beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa davam edir.

Makron hakimiyyəti Ermənistanı kütləvi silahlandırmaq proqramını reallaşdırmağa çalışmaqla regionda sülh və sabitliyə mane olmaq məqsədi güdür. Artıq rəsmi Paris bu istiqamətdə addımlar da atmağa başlayıb. Oktyabrın 3-də Fransanın xarici işlər naziri Katrin Kolonnanın İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransı zamanı söylədiyi fikirlər bunu bir daha təsdiqləyir. Kolonna qeyd edib ki, Fransa Ermənistana hərbi texnikanın verilməsinə dair saziş imzalayacaq. Bununla Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gözləntilərin olduğu, hər iki tərəfdən mesajların verildiyi indiki məqamda pozucu fəaliyyət nümayiş etdirir. Rəsmi Parisin İrəvanı silahlandırması sözsüz ki, Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətindən irəli gəlir. Makron hakimiyyəti bu düşmənçiliyi yalnız Ermənistanı silahlandırmaqla etmir. Fransa həmçinin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən bəzi Avropa ölkələrində respublikamıza qarşı əsassız qərarların qəbul edilməsi üçün xain addımlar atır. Fransanın Ermənistanı silahlandıracağını bildirməsi, əslində birbaşa ermənilərdə revanşist hisslərin gücləndirilməsinə xidmət edir. Bu isə iki ölkə arasında sülhün əldə edilməsinə əngəl törədir. Belə ki, dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi Fransaya sərf etmir. Bu baxımdan, rəsmi Paris bütün mümkün təxribatçı addımlara əl atır.

Bir məqamı da qeyd edək ki, Fransanın Ermənistanı silahlandırması ilə bağlı açıqlamaları sırf populizm məqsədi daşıyır. Əslində, Fransanın Ermənistanı silahlandırması bu günədək qismən qapalı şəkildə özünü büruzə verirdi. Başqa sözlə desək, bu, ya humanitar yardım adı altında, ya da üçüncü tərəfin - Hindistanın vasitəsilə həyata keçirilirdi. Amma Kolonnanın bu açıqlamasından sonra proses artıq rəsmi şəkildə elan edilib.

Afrikada və dünyanın başqa yerlərində müstəmləkəçilik siyasəti iflasa uğrayan Fransa hazırda Cənubi Qafqazı növbəti hədəf kimi görür. Parisin Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi Makron hakimiyyətinin bədxah niyyətini göstərir. Fransanın bu davranışları Cənubi Qafqazda yeni eskalasiya riskini artırmaqla yanaşı, beynəlxalq səviyyədə təhlükəsizliyə xələl gətirir. Özünü demokratik ölkə kimi qələmə verən Fransa üçün görünür nə regionun, nə də dünyanın təhlükəsizliyi heç bir əhəmiyyət kəsb etmir. Çünki Fransa işğalçı, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən bir dövlətə - Ermənistana hərbi, siyasi dəstək verir.

Xatırladaq ki, dövlətimiz dünyanın əksər aparıcı ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Fransanın Ermənistanı silahlandırması və Azərbaycana qarşı "ermənipərəst" münasibət göstərməsi ölkəmizi qabaqlayıcı addımlar atmağa vadar edir. Əgər rəsmi İrəvan Parisdən göndəriləcək silahlarla regional situasiyanı öz xeyrinə dəyişə biləcəyinə ümid bəsləyirsə, xəyalları yenə puç olacaq. Paşinyan hakimiyyəti dərk etməlidir ki, silahlanma gələcəkdə ona yeni və daha böyük problemlər gətirəcək. Ölkə başçımızın oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı söylədiyi fikirlər də bunu təsdiqləyir. Prezident İlham Əliyev bildirib ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".