Fransa Senatının siyasi klounluğu
Siyasət

Fransa Senatının siyasi klounluğu

Keçmiş müstəmləkələrindən qovulan Fransa tarixinin ən problemli günlərini yaşayır.

Siyasi və diplomatik sahədə hökm sürən uğursuzluqların səbəbi isə sadədir: prezident Emmanuel Makronun başı bir ovuc erməniyə qarışıb, ölkəsinin üzləşdiyi problemlərə ayırmağa vaxtı qalmayıb. Amma Parisin bu gedişi mənasızdır. Çünki Azərbaycan hazırda Fransanın törətdiyi beynəlxalq cinayətlər, apardığı müstəmləkəçilik siyasəti və separatizmə verdiyi dəstəyi ifşa edən əsas qüvvəyə çevrilib. Yelisey sarayı isə niyyətinin baş tutmayacağını anlayınca acığını məhz heykəllərdən, abidələrdən çıxmağa çalışır.

Belə ki, Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Xurşidbanu Natəvanın heykəlinin üzəri bağlanılıb, abidənin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu da Avropanın və dünyanın qədim tarixə malik, vaxtilə ən qüdrətli dövlətlərindən hesab edilən Fransanın düşdüyü vəziyyətdən xəbər verir. Eyni zamanda Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi də Azərbaycanda ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin Makronun "qara qutusu"nu açması Fransa kəşfiyyatının imicinə tarixi zərbə olub. Çünki rəsmi Bakının adekvat cavabları və qətiyyətli mövqeyi qarşısında çətin vəziyyətə düşən rəsmi Paris özünü qlobal siyasi arenada rüsvay edir.

Amma bütün cəhdlərə baxmayaraq, Fransanın dövlət başçısı ölkəsini daha da cılızlaşdıran addımlar atmaqda davam edir. Son olaraq, Parlamentin yuxarı palatası, yəni Senat Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin qondarma "Dağlıq Qarabağ"da hərbi əməliyyat keçirməsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.  Qətnamə müəllifləri Avropa İttifaqının Azərbaycanla münasibətlərinə tam yenidən baxılmasına və ölkəmizdən neft-qaz tədarükünə embarqo qoyulmasına da çağırış ediblər. Kağız parçasının mətnində Zəngəzur dəhlizindən də bəhs olunub və bu zaman senatorlar Fransanın Ermənistanın ərazi bütövlüyünə sadiqliyini xatırladıblar. Onlar, həmçinin ermənilərin Qarabağa geri qayıtmaq hüququnun təmin edilməsi üçün təminatlar istəyiblər. Milli devizi "Azadlıq, bərabərlik, qardaşlıq" olan Fransa Respublikasının qanunverici orqanı üzvlərinin imzaladığı bu sənədin hər bir sətrində haqq nahaqqın ayağına verilib. Əgər ədalətdən söhbət gedirsə, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququndan danışan Fransa Korsikaya, Yeni Kaledoniyaya müstəqillik versin. Senat ermənilərin mədəni irsinə görə narahat olursa, o zaman əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələrini əsl sahibinə qaytarsın. Qarabağ ermənilərinin köçündən danışan səlibçi mentalitetli Fransa Senatı Qərbi azərbaycanlıların da Ermənistana qayıdışının təmin edilməsi məsələsini ön plana çəksin. Amma rəsmi Paris heç bu məsələləri gündəmə də gətirmir. Çünki Yelisey sarayının məqsədi Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək deyil. Bu Avropa ölkəsi regionumuza yerləşərək Rusiya ilə güc mübarizəsi aparmaq, eyni zamanda keçmiş müstəmləkələrində itirdiyi nüfuzunu bərpa etmək istəyir. Amma sözsüz ki, bölgənin qalib dövləti Azərbaycan buna imkan verməyəcək. Son 3 ildə olduğu kimi, bundan sonra da kənar güclərin Qafqazda möhkəmlənmək arzusunu gözündə qoyacaq.

Bununla belə, Fransa Senatının son qətnaməsi Ermənistanla Azərbaycan arasında imzalana biləcək yekun sülh sənədinə zərbədir. Doğrudur, Fransa bunu ilk dəfə etmir. Şarl Mişelin moderatorluğu ilə Praqada keçilən görüşdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra Makronun verdiyi əsassız bəyanatlarla mümkün sülhün qarşısını almasından çox zaman ötməyib. Paris sınıq-salxaq hərbi texnikasını Ermənistana göndərməklə açıq şəkildə nümayiş etdirir ki, bölgədə yekun razılaşmanın əldə olmasında nəinki maraqlı deyil, hətta hər vasitə ilə onun qarşısını almağa çalışır. Amma onu da demək lazımdır ki, İrəvan sülhün hava, su kimi lazım olduğunu anlayır. Çünki Paşinyan Administrasiyası dərk edir ki, regionda sabitliyin pozulması başda baş nazirin kreslosunu itirməsi ilə nəticələnəcək. Odur ki, xüsusilə də Azərbaycan və Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluqdur.

Jalə QASIMZADƏ,

"Respublika".