Yelisey Sarayı köhnə vərdişindən əl çəkə bilmir
Siyasət

Yelisey Sarayı köhnə vərdişindən əl çəkə bilmir

Aprelin 2-də Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında fürsətdən istifadə edərək Azərbaycan əleyhinə təbliğat aparıb. O, rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini deyib. 30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında olarkən bir dəfə də olsun İrəvanın ünvanına ittiham səsləndirməyən Yelisey Sarayının ölkəmizi bu müstəvidə ittiham etməsi gülüncdür. Üstəlik, hazırda faktiki olaraq heç bir işğal, təhdid elementi də müşahidə olunmur. Hətta əksinə, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisi olan 8 kənd hələ də Ermənistanın işğalı altındadır. Amma Sejurne kimi rəsmilər bu reallıqdan heç vaxt danışmırlar. Çünki rəsmi Paris Ermənistanda revanşist əhvali-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır.

Regionda münaqişəni qızışdırıb sonra isə yüksək tribunalardan “humanizm” və “demokratiya”dan dəm vuran Fransanın siyasətinin əsasında neokolonializm dayanır. Bu gün Fransa dünyada beynəlxalq hüququ tapdalayan, dövlətlərin ərazi bütövlüyünə qarşı çıxan, separatizmi dəstəkləyən ölkə kimi ad çıxarıb. Əvvəllər Fransa ilə sıx əməkdaşlıq edən ölkələr indi ona arxa çevirir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Bu ölkənin 1830-1962-ci illərdə Əlcəzairdə törətdiyi soyqırımı, qarətləri hələ də yerli xalqlar tərəfindən vahimə ilə xatırlanır. Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Ötən il Mali hökuməti Fransa Prezidenti Emmanuel Makrona rəsmi məktubla müraciət edərək müstəmləkəçilik siyasətinə son qoymağı və fransız hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə bu ölkəyə sərmayə yatıran Fransa bundan sui-istifadə edir və oradakı şirkətlərin dəstəyi ilə istədiyi dövlətin daxili işlərinə qarışır, istədiyi şəxsi hakimiyyətə gətirir, istəmədiyini isə hakimiyyətdən kənarlaşdırır. Bu gün Fransa Cibuti, Seneqal və Qabonda böyük hərbi bazalar saxlayır, onların köməyi ilə dövlət siyasətinə təsir göstərir. Məqsəd isə Afrika qitəsinin zəngin təbii sərvətlərini mənimsəməkdir. Amma artıq ötən il bir sıra Afrika ölkələrində Fransanın səfirlikləri bağlanıb və “diplomat” adı altında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları oradan qovulub. Bir neçə gün öncə isə Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçirilib. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Təbii ki, Fransa elitası Afrikadakı böyük geosiyasi məğlubiyyətin əvəzini başqa regionlarda möhkəmlənməklə çıxmaq istəyirlər. Xüsusilə də Parisin İkinci Qarabağ müharibəsindən sonra Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyi məhz Afrikada üzləşdiyi biabırçılığını kompensasiya etmək arzusu ilə bağlıdır. Yəni Fransa yeni müstəmləkəçilik siyasətini Qafqazda davam etdirməyə çalışır. Bütün dünyada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına baxmayaraq, Paris separatçıları dəstəkləyir, “əzabkeş” erməniləri müdafiə edir. Ona görə də mütəmadi olaraq fransız rəsmilər Bakını hədəf alan əsassız açıqlamalar verirlər. Amma unudurlar ki, artıq dünya 1960-cı illərdəki kimi deyil. Beynəlxalq hüquq daha effektiv işləyir və ölkələr artıq müstəqil siyasət yürütmək ixtiyarındadırlar. Yelisey hökuməti başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək. Onun Ermənistanı silahlandırması nəticə etibarilə yeni toqquşmalara gətirib çıxara bilər. Bu halda regionda vəziyyətin gərginləşməsinə görə günahkar isə İrəvan və Paris tandemi olacaq.

Jalə QASIMZADƏ,

“Respublika”.