Fransa sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışır
Siyasət

Fransa sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışır

Türkiyə

Cənubi Qafqazda regiondan kənar dövlətlərin və beynəlxalq qurumların davranışları sülh prosesinə əngəl yaratmaqda davam edir. Əsas problem ondan ibarətdir ki, regiondan kənar güclər bütün vasitələrlə yalnız öz maraqlarına uyğun vəziyyətin  yaradılmasına cəhd göstərirlər. Bu məqsədlə də regional sülh prosesini bloklamağa çalışırlar. Və nəticədə Cənubi Qafqaz hərbi-siyasi qarşıdurma məkanı olaraq qalmaqda davam edir.

''Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı son anlaşma,  ikitərəfli müzakirə formatının daha effektiv olduğunu sübuta yetirdi.  Bu anlaşma sayəsində Azərbaycan və Ermənistan hətta öz müstəqillik tarixlərində ilk dəfə olaraq, beynəlxalq məkanda da bir-birinə dəstək vermək barədə razılığa gələ bildilər. Məhz belə bir nəticədən sonra Paşinyan hakimiyyətinin təmsilçisi də sülh prosesində beynəlxalq vasitəçilərin öz geopolitik maraqlarını daha ön plana keçirdiklərini açıq mətnlə etiraf etdi''. Bu fikri açıqlamasında politoloq Bilgehan Öztürk vurğulayıb. O deyib ki, bütün bunlar pozitiv məqamlardır. Ancaq bu istiqamətdə hələlik daha intensiv hərəkət məkanı yaratmaq olduqca çətindir. Bunun əsas səbəblərindən biri  Ermənistanın öz beynəlxalq himayədarlarından birbaşa asılı vəziyyətə düşməsi ilə bağlıdır. Digər tərəfdən, Fransa Cənubi Qafqazda yeni müharibə təhlükəsinin əsas qaynağı funksiyasını öz üzərinə götürdüyünü demək olar ki, gizlətmir. Afrika qitəsindən qovulmuş Fransa, Cənubi Qafqaza yerləşmək cəhdləri ilə itirilmiş beynəlxalq nüfuzunu bu regionda geopolitik mövqelər ələ keçirtməklə kompensasiya etməyə cəhd edir.  Paris, Ermənistanın yekun sülh sazişini imzalamasını bloklayır və İkinci Qarabağ müharibəsində  məğlub ölkə statusunda olan Ermənistanı yenidən gücləndirmək missiyasını da öz üzərinə götürüb. Fransa, Ermənistana müasir hərbi texnika və silah-sursat göndərməkdə davam edir. Bu da  İrəvanın sülh sazişinin imzalanması prosesini ləngidir.

 Fransanın Cənubi Qafqazda rəqibi təkcə  Rusiya deyil. Buraya Türkiyəni də əlavə etmək lazımdır. Çünki Türkiyənin Azərbaycanla milli-etnik, tarixi və dini ortaqlığı mövcuddur. Üstəlik,  Ankara son dövrlərdə Azərbaycanla hərbi-siyasi müttəfiqlik anlaşması da əldə edib. Və hazırda Türkiyə-Azərbaycan ortaq hava məkanının yaradılması üzrə hərbi-siyasi, strateji layihənin icrası davam edir. Bütün bunlar onu göstərir ki, Ermənistana sadəcə yeni regional müstəmləkəsi kimi yanaşan Fransanın, Cənubi Qafqazda Türkiyə ilə rəqabət aparması demək olar, əvvəlcədən məğlubiyyət vəd edən reallıqdır. Parisin Türkiyə-Azərbaycan  ittifaqı qarşısında Ermənistanın himayə edilməsi üzərindən tab gətirmək şansı o qədər də yüksək deyil. Və zaman keçdikcə Fransa Türkiyənin geopolitik zərbələrini daha da ciddi şəkildə hiss etməli olacaq.

Qeyd edək ki, artıq Ankara Fransaya yerini göstərməyə başlayıb.  Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransanın Cənubi Qafqazda vəziyyəti  hərbi-siyasi qarşıdurma müstəvisinə yönəltdiyini vurğulayıb. Rəcəb Tayyib Ərdoğan bildirib ki, Fransa Cənubi Qafqazda geopolitik təxribatlar törətməklə məşğuldur. Bu, Cənubi Qafqaz ölkələri, xüsusilə də Ermənistan üçün olduqca ağır nəticələr verə bilər. Ərdoğan, Ermənistanı Fransanın dəstək vədlərinə uymamağa çağırıb. O, vurğulayıb ki, Ermənistanın gələcək taleyi Fransanın dəstəyindən deyil, məhz Azərbaycanla sülh sazişi imzalayaraq normal münasibətlər qurmasından birbaşa asılıdır. Bu baxımdan, İrəvanın Fransanın yalanlarına və məkrli oyunlarına aldanması Ermənistan üçün baha başa gələ bilər.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.