Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunması vandalizm aktıdır
Siyasət

Fransada Xurşidbanu Natəvanın abidəsinin təhqir olunması vandalizm aktıdır

Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın Fransanın Evian lö-Bən şəhərində 2017-ci ildə ucaldılmış heykəlinə qırmızı boyanın atılması, heykəlin selofanla örtülməsi, əraziyə verilmiş "Azərbaycan parkı" sözünün çıxarılacağı ilə bağlı ortaya atılan iddialar Fransanın insanlığa, mədəniyyətə, incəsənətə, bəşəri dəyərlərə və ölkəmizə qarşı vandalizm aktının növbəti təzahürüdür.

Bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yanvarın 15-də keçirilən elmi şurasının genişləndirilmiş iclasında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.

Akademik bildirib ki, bu vandalizm aktından sonra tək Fransadakı deyil, Avropadakı diaspor nümayəndələrimiz, fəallarımız heykəlin qarşısında etiraz aksiyası keçiriblər.

Azərbaycan cəmiyyətinin, ziyalılarımızın da bu hadisəyə sərt reaksiya verdiyini deyən akademik İsa Həbibbəyli ictimaiyyət nümayəndələrinin Natəvanın heykəlinə qarşı təhqiramiz münasibəti qətiyyətlə pislədiyini, dünya mədəniyyətinə böyük töhfələrini vermiş, Qarabağda "Məclisi-üns" kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairimizə, mədəniyyət xadimimizin abidəsinə qarşı atılmış addımın tək ölkəmizə deyil, eyni zamanda bəşəri mədəni irsə qarşı cinayət aktı kimi dəyərləndirildiyini vurğulayıb.

Vətən müharibəsindən sonra Fransanın Ermənistanı cidd-cəhdlə silahlandırdığını deyən akademik Fransanın başlıca niyyətinin Qafqazda yeni müharibə ocaqları yaratmaq olduğunu, bu düşüncənin Ermənistanı fəlakətə aparacağını söyləyib.

Sonra AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin etiraz ideyasını ifadə edən çıxışları səsləndirilib. Həmçinin fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərinin tərcüməçisi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayev, Natəvan haqqında yazılmış monoqrafiyanın müəllifi, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Qəribov, şairənin əsərlərinin tədqiqatçısı, şöbə müdiri, professor Tahirə Məmməd və Azərbaycan-Fransa ədəbi əlaqələrinin araşdırıcısı, institutun dissertantı Şəhla Qurbanova çıxış ediblər. Çıxışlarda Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktının Fransanın Azərbaycana qarşı kin-küdurətinin göstəricisi olduğu bildirilərək Azərbaycan-Fransa ədəbi əlaqələrindən danışılıb, Fransanın Evian lö-Bən bələdiyyəsinin üzr istəməsinin vacibliyi diqqətə çatdırılıb. 

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan dövlətinin qazandığı tarixi Zəfərin və əldə etdiyi iqtisadi-siyasi uğurların artıq dünya tərəfindən qəbul olunduğunu diqqətə çatdırıb, Azərbaycanın dünyaya sülh, ədalət, qarşılıqlı etimad, əməkdaşlıq təqdim etdiyini nəzərə çarpdırmaqla bildirib ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz münasibət bildirənlər layiqli cəzalarını almalıdırlar.

"Respublika".