Bu gün Azərbaycan təkcə regionda yox, həmçinin beynəlxalq arenada öz gücü, çəkisi və sözü olan ölkədir. Ölkəmizin etibarlı tərəfdaş olması, apardığı uğurlu xarici və daxili siyasət bunu deməyə əsas verir. Tarixə adımızı qızıl hərflərlə yazdırdığımız və cəmi 44 gün ərzində əldə etdiyimiz möhtəşəm qələbəmiz bütün dünyaya səs saldı. Lakin bir sıra dövlətlər ölkəmizin bu qələbəsindən narahatdır. Gündən-günə artan nüfuzumuz, dünya ölkələri ilə bağlanılan strateji tərəfdaşlıq müqavilələri Azərbaycanın gücünə güc qatır. Qısqanclıq siyahısında baş rolda isə elə Hayastanın "bacısı" Fransa çıxış edir. Biz bunu açıq şəkildə Fransa Senatının münasibətində də gördük.
Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin sədri, Milli Məclisin deputatı, politoloq Razi Nurullayev bildirir ki, bu gün Azərbaycanın ərazi bütövlüyünə yalnız qonşu dövlətlər tərəfindən təhdid törədilmir, həmçinin digər ölkələrin də ciddi basqılarıyla üz-üzəyik. İran cənubdan, Fransa isə həm erməni lobbisinin təsiri altında, həm də özünün Cənubi Qafqaz maraqları ucbatından Azərbaycana təhdidlər edir: "Avropa Parlamentində qəbul olunan Azərbaycana qarşı qətnamələrin əsas müəllifləri elə erməni əsilli fransalı deputatlardır. Fransanın Milli Assambleyasında da zaman-zaman anti-Azərbaycan qətnamələri yayımlanıb. Bütün bunlar hamısı Fransanın elə İran qədər Azərbaycana qarşı düşmən siyasəti apardığının göstəricisidir. İran bizimlə qonşudur, sərhədləri bölüşürük. Buna görə də İranın həmlələri daha ciddi qəbul edilir. Amma Fransa uzaq olduğundan onun həmləsini elə də hiss etmirik, lakin o da bizə açıq düşmənçilik siyasəti aparır.
Azərbaycan indi daha güclüdür, həmçinin regionda ölkəmizin mövqeyini dəstəkləyən dost ölkələr də var. Bu baxımdan biz də həmin ölkələrlə bizə göstərilən münasibətə uyğun rəftar edirik. Demək olar ki, Fransanın bütün mənalarda cavabı verilir. Ötən günlərdə Milli Məclisin iclaslarında həm İranın, həm də Fransanın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasətinə qarşı bəyanat verildi. Parlamentin mövqeyini bir daha onlara bildirdik. Biz onlardan fərqli olaraq həm Fransaya, həm də İrana olan münasibətimizdə dözümlülük və müdriklik nümayiş etdiririk. Zəif dövlətlər və xalqlar təhqir və aşağılayıcı hərəkətlərdən istifadə edir. Biz bunu Fransanın, həm də İranın timsalında görə bilirik. Fransanın çox böyük tarixi keçmişi var. Özlərini dünyanın ən demokratik ölkələri kimi hesab edirlər, amma bununla belə, həm də necə deyərlər, antidemokratik fəaliyyət də nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, Fransa rəsmilərinin, eyni zamanda siyasi elitasının Azərbaycanla bağlı dillərinə gətirdikləri ritorika qəbuledilməzdir və bunu şiddətlə pisləyirik".
Qeyd edək ki, hazırda Fransada yaşayan ermənilərin çoxluğu və regionda tarix boyu tabelikdə olmuş ölkə kimi Ermənistan ön plandadır. Buna görə də Fransa və Hayastanın "bacılığı" sadəcə siyasi maraqlara əsaslanır. Lakin qeyd etmək yerinə düşər ki, Hayastanın tarix boyu riyakar və öz maraqlarına əsaslanan hərəkətləri göz önündədir. Həmçinin son dövrlər Ermənistanda anti-Rusiya aksiyaların artması və Qərbə yönəlməsi bunun açıq nümunəsidir.
Töhfə SƏMƏDOVA,
"Respublika".