Fransanın müdafiə etdiyi insan haqlarının pərdəarxası
Siyasət

Fransanın müdafiə etdiyi insan haqlarının pərdəarxası

Dünyada baş verən dəyişikliklər fonunda bəzi dövlətlər arasında yaxınlıq, dostluq, bəzilərində isə qərəzli, hikkəli münasibətlər yaranır. Kimsə dost, doğma olur, kimsə düşmən mövqedə dayanır. Səbəblər müxtəlif olsa da bu, yeni dünya nizamının reallığıdır. Burada təkcə iqtisadi-siyasi maraqlar deyil, həm də təsiretmə prinsipi də böyük rol oynayır. Yəni bəzi hegemon dövlətlər var ki, müəyyən coğrafiyalarda, regionlarda xırda, zəif dövlətləri əl altında saxlamağa çalışırlar. Məqsəd isə həmin balaca dövlətləri himayə etmək deyil, həmin böyük dövlətlər marağında olduğu regiona təsir etmək, öz hegemonluğunu göstərərək nəzarəti ələ almaq baxımından balaca dövlətləri alətə çevirirlər.

Həmin əlaltı, cılız və kölgə prinsipi ilə yaşayan dövlətlərdən biri də Ermənistandır. Bu dövlət sanki böyük ölkələrin sınaq laboratoriyasına çevrilib. Söhbəti bu istiqamətə yönləndirməkdə məqsəd Ermənistanın yaltaq, müti, hansısa ölkənin kölgəsində mürgüləməyini vurğulamaq deyil, Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etmək istəyən dövlətləri xatırlatmaqdır. Belə dövlətlərdən biri də Fransadır. Ermənistanın guya "pozulmuş hüquqlarını" müdafiə edən Fransanı Qafqaza gətirən səbəb nədir?

Özünü hegemon dövlətlərdən hesab edən bu ölkə Azərbaycanın regionda söz sahibi olmasını qəbul edib, reallıqla barışa bilmir. Həqiqətdə isə İkinci Qarabağ müharibəsində Azərbaycan haqlı mübarizəsində qalib gəldi. Müharibədən sonra tamamilə dağılmış böyük bir regionun tikinti-bərpa işlərinə başladı. İqtisadi-hərbi gücünü daha da artırdı. Üstəlik, bütün  bunların öhdəsindən öz gücünə gəldi. İndi bütün dünya Azərbaycanı güclü dövlət kimi tanıyır və qəbul edir. Eyni zamanda, etibarlı tərəfdaş  kimi hərtərəfli əməkdaşlığa can atır. Artıq Azərbaycan dünyaya açılan yeni bir qapıdır. Həm etibarlı, həm də perspektivli. İstər enerji, istər sənaye, istərsə də təbii ehtiyatlar baxımından dünyanın baxış və maraq bucağı Azərbaycandan keçir.

Sözsüz ki, Fransa və onun kimi bir sıra xəbis niyyətli dövlətlər bu reallığı qəbul edə bilmirlər. Onlar öz daxillərindəki problemləri həll etmək əvəzinə, uzaq sərhədlərə iştahlanırlar. Hazırkı məqamda ölkədə çaxnaşmalar, qarşıdurmalar və əhalinin etirazları səngimək bilmir. Xalq dövlət tərəfindən pozulmuş hüquqlarını tələb edir, haqq-ədalətin bərpa olunmasını istəyir. Fransa hökumət isə həmişəki kimi köhnə prinsipinə sadiq qalaraq, öz xalqına qarşı zorakılıq, güc tətbiq etməkdən çəkinmir. Maraqlı isə odur ki, əgər, Fransa hakimiyyəti öz xalqının hüquq və azadlığını boğub, zorakılıq edirsə, o zaman zavallı erməni xalqına hansı humanistliyi, qayğını göstərə bilər? Demək ki, vurğuladığımız kimi, bu dövlətin regionda maraqları tamam başqadır.

İllərdir ki, Fransa Korsika problemini çözmək istəmir. Çünki korsikalıların dilini əlindən aldığı kimi, ərazisini də mənimsəyib. Fransanın tərkibinə daxil olan Korsika adasının azadlıq uğrunda mübarizəsi 200 ildir davam edir. 1755-ci ildə ada öz azadlığına qovuşsa da 1768-ci ildə Fransa adanı işğal edib. Həmin gündən də adanın müstəqillik uğrunda mübarizəsi davam edir. Lakin Fransa dövləti korsikalıların mübarizəsini separatizm hesab edərək Korsika xalqının milliyyətini belə pasportlarında "fransız" yazırlar. Hətta, rəsmi Paris Korsikaya avtonomiya vermir. Fransa dövləti korsikalıların hüquq və müstəqilliyini əlindən almaqla yanaşı, dillərini də unutdurmağa çalışır.

Fransa özünü dünyada insan haqlarının müdafiəçisi kimi göstərməyə çalışsa da, əslində insan hüquqlarının ən çox pozulduğu ölkələrdən biri də elə Fransadır. Bu ölkə öz problem və münaqişələrini yoluna qoya bilmədiyi halda, digər ölkələrin daxili işlərinə qarışır. 

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Fransa məsələsinə də toxunmuşdur: "Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi terror və kütləvi qırğınları ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı və digər faciələrdən heç də fərqlənmir. Demək ki, bir-birinin arxa-dayağı olmağa çalışan bu iki dövlətin oxşar cəhətləri olduqca çoxdur. 

Ötən il noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, 100 il ərzində Fransanın Əlcəzair xalqına qarşı törətdiyi bu qətliamları heç bir xalq yaddan çıxarmamalıdır. Çünki Fransa Ermənistanın timsalında qətliamlar, soyqırımları, terrorlar törədən bir ölkəyə hami duraraq bu gün də islamofob, türkofob siyasət yürütdüyünü ortaya qoyur. Əlbəttə ki, Fransanın törətdiyi terror və qırğınları heç vaxt nə tarix, nə də o tarixi yaşayan xalqlar unutmayacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".