Füzuli şəhərində daha 25 ailəyə evlərin açarları təqdim olunub
Sosial həyat

Füzuli şəhərində daha 25 ailəyə evlərin açarları təqdim olunub

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu Park 3" yaşayış kompleksindən yola salınan 25 ailə Füzuliyə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenidən çiçəklənən Füzuli doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 25 ailə olmaqla, 102 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 95 ailə olmaqla, 349 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.